Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:36

Vəkil vəsatətə görə 500 manat cərimələnib


Yeni 500 manatlıq cərimə gəlir
Gözlə

No media source currently available

0:00 0:02:20 0:00

Yeni 500 manatlıq cərimə gəlir (video arxiv)

2021-ci ilin yayında qəbul olunan ərəfədə hüquq ictimaiyyətində narazılıq və narahatlıq yaradan qanun artıq icra olunmağa başlayıb. Söhbət hakimə vəsatətə görə vəkili cərimələmək səlahiyyəti verən qanundan gedir.

Fevralın 14-də Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədov vəkil Qanqa İbrahimovun 500 manat cərimələnməsi haqda qərardad çıxarıb. Səbəb isə vəkilin iş materialları ilə tanış olmaq üçün vaxt istəməsi olub. Hakim bunu "işi yubatmaq üçün verilmiş vəsatət" kimi qiymətləndirərək vəkili cəzalandırmağa qərar verib.

"Onun rahatlığını pozmağıma o qədər qəzəblənmisdi ki..."

Vəkil isə hakimin ona qarşı qərəzli olduğunu deyir. İbrahimov AzadlıqRadiosuna bildirib ki, prosesi yubatmaqdan söhbət gedə bilməzdi, çünki bu işdə ilk vəsatəti idi, öncə heç bir vəsatəti olmamışdı. Vəkilin fikrincə, Məmmədovun ona qarşı bu cür davranışının səbəbi başqa idi.

İbrahimov deyir ki, məhkəmə iclası təyin olunan vaxtda Abşeron Rayon Məhkəməsində olsa da, hakim zala gəlməyib. Bir qədər gözlədikdən sonra vəkil katib vasitəsilə gecikmə ilə əlaqədar iradını bildirib: "Hakimdən vəzifəsini yerinə yetirməsini istəyirəm, o isə katibi vasitəsilə mənə "zalda gözləsin, yarım saata zala düşəcəm" ismarışını göndərir. Mən də "gözləyə bilməyəcəm" cavabını verirəm. Hakim iki dəqiqə keçməmiş zala gələrək mənə qəzəblənir ki, "sən niyə deyirsən iclası vaxtında başlayın?!". Elman Məmmədov onun rahatlığını pozmağıma o qədər qəzəblənmisdi ki, bunu gizlədə bilmirdi. Həmin iş üzrə verdiyim ilk vəsatətimdə məni 500 manat cərimələdiyini elan etdi...".

Vəkil əlavə edib ki, bu qərardan şikayət verəcək.

Hakim şərh vermir

Abşeron Rayon Məhkəməsində olay mülki mübahisə ilə bağlı məhkəmə iclasında baş verib. Məhkəmənin hakimi Elman Məmmədov AzadlıqRadiosunun məsələ ilə bağlı sualını cavablandırmaqdan imtina edib.

2021-ci ilin iyulunda Mülki Prosessual Məcəlləyə düzəliş edilərək məhkəmələrə "açıq-aşkar əsassız vəsatət və şikayətlər verən, yaxud işə düzgün və tezliklə baxılmasına, onun həllinə maneçilik törədən tərəfi, onun nümayəndəsini və ya vəkilini 500 manatadək cərimə etmək" səlahiyyəti verildi. O zaman bu mövzu ətrafında müzakirələr gedərkən Ali Məhkəmənin sədr müavini, Azərbaycanın Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirmişdi ki, bu dəyişiklik məhkəmə proseslərində süni yubanma hallarını aradan qaldıracaq: "Məqsəd ədalət mühakiməsinin səmərəliliyini artırmaq və vətəndaşların məhkəmə müdafiəsi hüququnu daha dolğun şəkildə təmin etməkdir".

Məhkəmə iclaslarının audio və video yazıları aparılsa...

Narahatlığını dilə gətirən vəkillər isə hələ o vaxtdan deyirdilər ki, vəsatətə görə vəkili cərimələmək absurddur.

"Həqiqətin üzə çıxarılması üçün vəkilin əlindəki ən təsirli silahlarından biri onun vəsatətidir. Buna görə vəkili cərimələmək absurddur. Hakim öz məntiqiylə istənilən vəsatəti prosesi yubatmağa yönəlik vəsatət kimi qiymətləndirib vəkili cərimələyə bilər", – vəkil Zibeydə Sadıqova belə deyir.

Sadıqova əlavə edib ki, əgər qanunda nəzərdə tutulduğu qaydada məhkəmə iclaslarının audio və video yazıları aparılsa, o zaman Abşeron Rayon Məhkəməsində vəkil İbrahimova münasibətdə baş verənləri sübut etmək daha rahat olar.

XS
SM
MD
LG