İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanvarın 6-da un və çörəyin qiyməti ilə bağlı növbəti açıqlama yayıb.
Bu açıqlamada da unun qiymətinin bahalaşması dünyada iqtisadi proseslər və COVID-19 pandemiyasının təsirləri ilə izah edilir: "...Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi Rusiya Federasiyasının 2021-ci ilin fevral ayından yüksək ixrac rüsumları tətbiq etməsi səbəbindən ölkəmizə idxal olunun ərzaqlıq buğdanın qiymətində 2019-cu il ilə müqayisədə təxminən 58% bahalaşma baş vermişdir".
Qurum hesab edir ki, subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün deyil: "İdxal qiymətləri və emal xərcləri nəzərə alınmaqla, hazırda bu məhsula real qiymət formalaşıb. Un və çörək istehsalçıları ilə qiymətin maksimal yuxarı həddi müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun topdansatış qiyməti – 35.9 manat, 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 50 qəpik, 650 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 65 qəpik".
Bundan əvvəl 50 kiloqramlıq un kisəsi vətəndaşa təqribən 27 manata başa gəlirdi.
Qeyd edilən çörəklərin qiymətində isə 10-15 qəpik artım var.
Əslində, Azərbaycanda un və un məhsullarının qiymətləri dövlətin tənzimlədiyi qiymətlər sırasına daxil deyil.
+++
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti unun qiymətinə dair məsələlərlə bağlı açıqlama yayıb.
Açıqlamada qeyd edilir ki, bu ildən daxili bazarda sahibkarlıq subyektləri idxal ərzaqlıq taxıldan istehsal olunan unun qiymətini dünya bazarında olan ərzaqlıq buğdanın mövcud qiymətinə uyğunlaşdırıblar: "Nəticədə un və ənənəvi (dairəvi) çörəyin qiymətlərində dəyişikliyin baş verməsi müşahidə olunur".
Məlumata görə, bununla əlaqədar xidmət nəzarət tədbirlərini daha da gücləndirib: "...Preventiv tədbirlər çərçivəsində taxıl idxalçıları, həmçinin un və çörək istehsalçıları ilə görüşlər təşkil edilərək vəziyyətdən sui-istifadə hallarının qətiyyən yolverilməzliyi barədə xəbərdarlıq edilib".
+++
Azərbaycanda yanvarın 3-dən un 30 faiz civarında bahalaşıb. Bəzi yerlərdə çörəyin qiymətində də artım müşahidə edilir.
Yanvarın 4-də ölkənin bir neçə xəbər agentliyi un istehsalçılarının müraciəti adı altında mətn yayıb. Orada bildirilir ki, daha çox istifadə olunan və "zavod çörəyi" kimi tanınan çörək 10-15 qəpik bahalaşa bilər. Amma həmin mətndə un istehsalçılarının ( şirkətlərin) adları açıqlanmır və müraciəti konkret kimin yaydığı bilinmir.
Müraciətdə vurğulanır ki, hökumətin un istehsalçıları və taxıl idxalına (2021-ci ilin fevralından) verdiyi yardım 2021-ci il dekabrın sonundan dayanır, ona görə də indi qiymətləri qaldırmağa ehtiyac yaranıb.
Azərbaycan hökuməti ötən ilin dekabrın 31-ə qədər ölkəyə gətirilən taxılın qiyməti artdıqca aradakı fərqi idxalçı və istehsalçı şirkətlərə ödəyirdi.
Təndir çörəyi bahalaşıb, zavod çörəyinin çəkisi...
Yanvarın 3-də, axşam saatlarında Lənkəran rayonunda un satışı ilə məşğul olan məntəqələrdə satışın müvəqqəti dayandırıldığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna yerli sakinlər məlumat verib. Onların deməsinə görə, satış məntəqələrində vurğulanıb ki, unun qiymətinin qalxması barədə göstəriş yoxdur.
Sakinlərin deməsinə görə, mağazalarda çörək əvvəlki qiymətə satılır. Bildirildiyinə görə, yalnız təndir çörəyinin qiyməti 10 qəpik yüksəlib: "Əvvəllər təndir çörəyinin bir ədədi 50 qəpik idisə, 60 qəpiyə satılır".
Astarada mağazalarda isə 50 kiloqramlıq un 38 manata təklif edilir. Unun qiymətində təqribən 10 manata yaxın bahalaşma var. Mağaza sahibləri deyir ki, qiymətin qalxması onlarla bağlı deyil.
"500 qramlıq çörək 437 qaram olub"
Amma yerli sakinlər çörəyin çəkisinin azaldılmasından şikayət ediblər. "500 qramlıq çörək 437 qaram olub", - bir sakin söyləyib.
Çörək bişirən sexin sahibi Tarif Hüseynov isə deyib ki, onlarda qiymət artımı yoxdur: "10 gün bundan əvvəl un tədarük etmişəm. 50 kiloqramlıq unu 30 manat 50 qəpiyə almışam. Ondan bişirirəm. Təzə qiymətə un almamışam. Ona görə məndə çörəyin qiyməti qalxmayıb. Qiymətlə bağlı nə qərara gəlsələr, biz də onu icra edərik".
Cavabdeh qurumlar isə çörəyin çəkisinin azalması ilə bağlı şikayətləri əsaslı saymırlar.
Rayonlardan unun bahalaşması ilə bağlı xəbərlər gəlir
Azərbaycanda 50 kiloqramlıq un kisəsinin 5-10 manat arası bahalaşdığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna Bakıda və ölkənin bir sıra bölgələrində fəaliyyət göstərən marketlərdən danışıblar.
Daha çox bahalaşmanın rayonlarda yaşandığı qeyd edilir. Paytaxt Bakıya yaxın bir sıra rayonlardan verilən məlumatlara görə, Yeni il bayramından öncə 50 kiloqramlıq un kisəsi 27 manat 50 qəpiyə satılırdısa, indi həmin çəki və markada un 37 manata yüksəlib.
İmişli... Müştərilərə bir kisə...
İmişli rayonundan da oxşar məlumatlar gəlir. Yerli sakinlərin AzadlıqRadiosuna bildirmələrinə görə, hələ yanvarın 2-də səhər saatlarından İmişli rayonunda un və ev heyvanları üçün yem satılan əksər ticarət nöqtələri bağlı olub. Vurğulandığına görə, satış olmasa da, unla bağlı ajiotaj yaşanıb: "Adamlar çaşqınlıq içində mağazalara baş vururdular. Bir neçə yerdə 50 kiloqramlıq əla növ un 40 manata təklif olunurdu. Yanvarın 3-də səhər saatlarında rayonun əsas un satış dükanında qiymət 29 manata endirildi. Dükan sahibi yalnız anbarda qalan malları bu qiymətə sata biləcəyini bildirdi. Müştərilərə bir kisədən artıq un almağa icazə verilmədi. Cəmi iki saat ərzində anbardakı bütün kisələr satılıb qurtardı. Hazırda rayonun əksər mağazalarında 50 kiloqramlıq un kisəsi 38 manata təklif edilir".
Astara...
Astara rayon sakinləri də deyirlər ki, bayramdan əvvəl 50 kiloqramlıq un 28 manat olub, indi isə bu qiymət 37 manata yüksəlib: "25 kq un 19 manatdır, 10 kq isə 7 manat 50 qəpikdir".
Bakıdakı marketlərdə bir elə bahalıq müşahidə edilməyib. Bəzi marketlərdə unun kisəsinin bir neçə manat yüksəldiyi vurğulanıb. Paytaxtın bir sıra mağazalarında isə kisə ilə unun olmadığı bildirilib. Açıq və kiloqramla satılan unun qiymətində hər hansı artım olmayıb.
Ümumilikdə, unda bahalaşmanın təqribən ölkə üzrə 15-30 faiz civarında müşahidə edildiyi vurğulanır.
Məsələyə, hələlik, rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.