Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 11:24

Türkan nənələrinin torpaqlarıyla bağlı hökm çıxarıldı


Türkanlı nənələri 'öldürüb' torpaqlarını ələ keçiriblər
Gözlə

No media source currently available

0:00 0:04:26 0:00

Türkanlı nənələri 'öldürüb' torpaqlarını ələ keçiriblər

Bakının Türkan qəsəbəsində 80-90 yaşlı ahıl qadınlar sağ olduğu halda, onları ölmüş kimi rəsmiləşdirib dəniz sahilindəki torpaq sahələrini xəbərləri olmadan satmaqda suçlanan beş nəfər cəzalandırılıb. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi olmuş Rahil Babayev, Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulov, onun müavini olmuş Eldar Mirzəyev, əmlak alqı-satqısıyla məşğul olan Çingiz Səfərov Daşqın Nəsirovdur.

Bu beş nəfərdən ikisi həbsdədir. Onlardan da Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Babayev isə 2 il azadlıqdan məhrum edilib. Qalan üç nəfərə isə şərti cəza verilib.

Zeynəb Xanlarovanın bacısı oğluna şərti cəza

5 il 6 ay şərti cəza alan Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur. O, məhkəmə dövründə prokurorluğun depozit hesabına 190 min manat pul köçürüb. Məhkəmə hökmdə göstərib ki, həmin vəsait aidiyyəti üzrə köçürülsün. Amma konkret hara nəzərdə tutulduğu aydın olmayıb.

Torpaqları özlərindən xəbərsiz satılmış zərərçəkmişlər məhkəmədə mülki iddia qaldırmışdılar, onlara dəymiş ziyanın ödənilməsini tələb edirdilər. Hakim onların mülki iddiasının baxılmamış saxlanmasına qərar verib.

Zərərçəkmişlərin hüquqlarını müdafiə edən vəkil Cavad Cavadov bildirmişdi ki, əgər onlara dəymiş ziyan ödənilsə, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbləri olmayacaq.

Zərərçəkmişlərdən biri olan 91-yaşlı Xumara Şabanova məhkəmə prosesi gedən dövrdə vəfat edib.

Adları çəkilən beş nəfərdən əlavə, bu işdə təqsirləndirilən daha iki nəfər də var. Bunlar Türkan bələdiyyəsinin keçmiş sədri Mehman Ağayev və qəsəbədə torpaq alqı-satqısıyla məşğul olmuş Qərib Nadirovdur. Ağayev axtarışa verilib, Nadirovun işinə isə ayrıca icraatda baxılır.

Xatırlatma

Cinayət işinin materiallarında iddia olunur ki, torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Çingiz Nəsirovun təhriki ilə sabiq icra nümayəndəsi və bələdiyyə sədri, eləcə də Dövlət Reyestr Xidmətinin vəzifəliləri əlbir olub. Nəticədə Türkan qəsəbəsində dəniz sahilində yerləşən, Atayeva və Şabanovaya məxsus ümumilikdə 1.12 hektar torpaq sahəsi saxta sənədlərlə qanunsuz satılıb. İstintaq saxta sənədlərlə satılmış torpaq sahələrini 190 min manat dəyərləndirib.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən yalnız Səfərov özünü sənədlərin saxtalaşdırılması ittihamı üzrə qismən təqsirli bilir, qalan ittihamları qəbul etmir. Digərləri isə ittihamların heç biri ilə razılaşmır.

XS
SM
MD
LG