Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 01:55

Tovuzda suya görə etiraz


Aksiya. 11 may 2020
Aksiya. 11 may 2020

Bugün, mayın 11-də Tovuz rayonunun Köhnəqala kəndinin sakinlərinin etiraz aksiyası keçirməyə cəhd göstərdikləri bildirilir.

Yerli sakinlərinin AzadlıqRadiosuna verdikləri məlumata görə, aksiya su problemi ilə əlaqədar olub. "Kənddə su problemi var. İndi çaylarda bir az su var deyə, camaatın suyu gəlir. 10 gün sonra su azalan kimi biz susuz qalırıq. Təsərrüfata, əkinə su tapılmayacaq. Prezident İlham Əliyev Tovuz rayonunda 18 artezian quyusunun qazılması üçün vəsait ayırıb...", - sakinlərdən biri söyləyib.

Onun sözlərinə görə, lakin vəsaitdən düzgün istifadə edilmir.

Kənddən verilən məlumata görə, sakinlər toplaşaraq rayon icra hakimiyyətin binasının önünə gedən zaman polis əməkdaşları onların yolunu kəsib: "Bu gün, mayın 11-də camaat dinc şəkildə toplaşaraq piyada yol kənarı ilə rayon mərkəzinə getdikləri halda polislər gəldi və camaatı yolda dayandırdılar".

Sakinlər əlavə ediblər ki, sonra icra hakimiyyətin nümayəndələri gələrək problemin həll olunacağını deyiblər. "İcra başçısının gəlməyi tələb edildi. O gəlmədi. Sonra nümayəndələr göndərildi, onlar camaata söz verdilər ki, iki artezian quyusu qazılacaq. Camaat da ona görə geri qayıtdı", - kənd sakini əlavə edib.

Tovuz Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan isə "Turan" agentliyinə aksiyanın keçirilməsi barədə deyilənləri təkzib ediblər: "Heç bir aksiya olmayıb. Bu, yalan xəbərdir".

Kənd sakinlərinin sözlərinə Tovuz Rayon Polis Şöbəsindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG