3 saylı istintaq təcridxanasında saxlanan Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu bu gün, martin 25-də qızı ilə danışıb.
Bu barədə AzadlıqRadiosuna Tofiq Yaqublunun qızı Nigar Həzi özü məlumat verib. O qeyd edib ki, atası təcridxanadan zəng vurub.
Nigar Həzi vurğulayıb ki, Tofiq Yaqublunun səhhəti normaldır, yaxın günlərdə məhkəmə qərarı ilə bağlı apellyasiya məhkəməsinin keçirilməsi gözlənir.
Qızının sözlərinə görə, atası baş verən insidentdən də danışıb:
"Mən maşın vurulan andan polis gələnə kimi maşından düşməmişəm. Təxribat olduğunu tez anladım deyə..." - qızının sözlərinə görə, atası bildirib.
Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun Tofiq Yaqublu ilə bağlı martın 24-də yaydığı məlumat isə onun açıqlamasından xeyli fərqlənirdi.
Həmin məlumatda qeyd edilirdi ki, martın 22-də Tofiq Yaqublu Toyota Corolla markalı avtomobillə Bakı şəhəri, Naxçıvanski küçəsi-61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr qaydalarını pozub.
Rəsmi açıqlamaya görə, bu zaman eyni istiqamətdə hərəkət edən Elxan Cəbrayılovun idarə etdiyi VAZ-21074 markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
İddiyaya görə, araşdırma zamanı Tofiq Yaqublunun həmin vaxt avtomobildən çıxaraq Elxan Cəbrayılovu nalayiq ifadələrlə təhqir edərək yumruqla baş və vintaçan alətlə sağ çiyin nahiyəsinə vurduğu müəyyən olunub.
***
Bundan əvvəl verilən xəbərlərdə deyilirdiMilli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu Şüvəlandakı 3 saylı İstintaq Təcridxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosuna danışan qızı Nigar Həzi deyir ki, T.Yaqublu həbs olunandan bu yana ailə üzvləriylə əlaqə saxlaya bilməyib.
Nigar Həzinin sözlərinə görə, hətta atasına dəyişmək üçün apardıqları paltarları da götürmürlər: «Martın 25-də təcridxanaya paltarları aparmışdıq, götürmədilər ki, karantindədir. Həm özünün səhhətindəki problemlər, həm də məlum vəziyyətlə əlaqədar durumundan da narahatıq. Evlə telefon danışığı hüququ da təmin olunmur ki, özü ilə danışa bilək. Nə zəng eləməyə qoyurlar, nə paltar götürürlər».
N.Həzi əlavə edib ki, T.Yaqublunun ailə üzvləriylə telefonla danışmaq hüququnun bərpasına yardım üçün Ombudsman Aparatına müraciət ediblər.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, həbs yerlərində saxlanılan şəxslərin telefon danışığı və görüş hüququ qanunvericiliklə tənzimlənir: «Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan şəxslərin bu hüquqları da qanunauyğun şəkildə təmin olunur. İstər adınız çəkdiyiniz şəxsin, istərsə də başqa məhkumların bu hüquqlarının məhdudlaşdırılmasından söhbət gedə bilməz. Təbii ki, qanunda da konkret müddətlər var və o müddətlərə uyğun davranılır».
Xatırlatma
Tofiq Yaqublu martın 22-də saxlanıb. Ertəsi gün isə Nizami Rayon Məhkəməsinin qərarıyla onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. T.Yaqublu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə suçlanır. Bu maddədə 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.
T.Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmazdan öncə - martın 22-də saat 16 radələrində Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.
«Dostlar, ciddi təxribatla üzləşmişəm. «8-ci kilometr bazarı»nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır», - o yazmışdı.