Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:12

Tofiq Yaqublunun həbs müddəti uzadılıb


T.Yaqublu
T.Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun istintaq dövründə həbsdə saxlanma müddəti daha iki ay uzadılıb. İyunun 19-da Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədov bu barədə qərar çıxarıb.

Məhkəməyə T.Yaqublunun haqqında həbs-qətimkan tədbirinin müddətinin uzadılması üçün təqdimatı Nizami rayon prokuroru Pərviz İbayev verib.

Qapalı keçirilən məhkəmə iclasında T.Yaqublu özü də iştirak edib. Özünü təqsirli bilmədiyini, ittihamın saxta olduğunu vurğulayıb. Deyib ki, onun özü hücuma məruz qalıb və avtomobilində olan videoqeydiyyat qurğusu da onu çəkib. Həmçinin, telefonla da baş verənləri çəkib. Lakin polislər həm avtomobilini, həm də həyat yoldaşından dərhal telefonu almaqla o sübutların ortaya çıxmasına imkan verilməyib.

T.Yaqublunun vəkili Aqil Layıcov AzadlıqRadiosuna bildirib ki, bu işdə T.Yaqublu haqqında həbs-qətimkan tədbirinin seçilməsi və uzadılması üçün əsas yoxdur.

İstintaqın yekunlaşmadığını iddia edirlər

Müstəntiq və prokuror isə istintaqın yekunlaşmadığını, T.Yaqublunun bu müddətdə həbsdə saxlanmasına zərurətin aradan qalxmadığını iddia edir.

Hakim də prokurorun təqdimatını əsaslı sayıb və T.Yaqublu haqqında həbs-qətimkan tədbirinin müddətini avqustun 22-nə qədər uzadıb.

Digər vəkil Elçin Sadıqov bu qərardan apellyasiya şikayəti verəcəklərini deyir: "Bu qərar qanunsuz və əsassızdır. Tofiq Yaqublunun indiyədək həbsdə saxlandığı üç ay ərzində səmərəli, iş üçün əhəmiyyətli istintaq hərəkətləri aparılmayıb. Biz bu qərardan narazıyıq və şikayət verəcəyik".

T.Yaqublunun qızı Nigar Həzi AzadlıqRadiosuna deyib ki, bu qərar onun üçün gözlənilməz olmadı: "Ata sırf tənqidi çıxışlarına, siyasi fəaliyyətinə görə birbaşa sifarişlə həbs olunub. Ona görə də bu gün hakimin ədalətli qərar verəcəyini gözləmirdim. Siyasi həbslərin növbəti dalğası martda Tofiq Yaqublu ilə başladı və hələ də davam edir".

T.Yaqublunun astma xəstəliyindən əziyyət çəkdiyini, nəfəs almaqda problemləri olduğunu vurğulayan N.Həzi atasının koronavirusa yoluxmasından ehtiyatlanır: "Şüvəlan təcridxanasında şərait yaxşı deyil, virusdan qorunmaq üçün imkanlar yoxdur. Üstəlik, təcridxana əməkdaşları növbəli şəkildə işləyir, onlar çöldən potensial virus daşıyıcısıdırlar. Səhhətində onsuz da hansısa problem olan adamın bu virusa yoluxması çox təhlükəlidir".

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yanında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.

XS
SM
MD
LG