Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:27

Prokurorluq: Tofiq Yaqublu özü-özünə xəsarət yetirib


Tofiq Yaqublu
Tofiq Yaqublu

Səbail Rayon Prokurorluğu belə nəticəyə gəlib ki, Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu özü-özünə xəsarət yetirib. Prokurorluğun böyük müstəntiqi Araz Əkbərov öz qərarında belə yazıb: "Tofiq Yaqublunun bədəni üzərində aşkar edilmiş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsini nəzərə alaraq, şəxsin özü tərəfindən özünə xəsarət yetirməsi nəticəsində və yaxud da sifət nahiyəsini avtomaşının müxtəlif hissələrinə vurması nəticəsində əmələ gəlməsi inkar edilmir".

Prokurorluğun sorğusuna gələn cavab

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, bu iş prokurorluqda araşdırılanda Yaqublunun vəkili siyasi fəalın dekabrın 1-də necə saxlanıb 39-cu bölməyə aparıldığını və oradan hansı şəraitdə çıxdığını əks etdirən görüntülərin alınması haqda vəsatət təqdim edib. Siyasi fəal həmin gün axşam saatlarında Ələt qəsəbəsindən tapıldığına görə vəkil xahiş edib ki, Yaqublunun 39-cu bölmədən buraxılandan sonra da onun hərəkət trayektoriyasına dair görüntülər Təhlükəsiz Şəhər Kamerasından (TŞK) alınsın. Müdafiəçi deyib ki, bu görüntülər alınsa, başqa sübuta ehtiyac qalmayacaq, aydınlaşacaq ki, Yaqublu 39-cu bölmədən nə vaxt, hansı vəziyyətdə çıxıb, hara və necə gedib.

Prokurorluq vəkilin vəsatətini təmin edib, Daxili İşlər Nazirliyinə görüntülərin alınması üçün sorğu göndərilib. Sorğuya 28 dekabrda nazirliyin Növbətçi Hissələri İdarəetmə Xidmətindən belə bir cavab gəlib: "Təhlükəsiz Şəhər Xidmətinin və 39-cu bölmənin giriş-çıxışındakı kameraların görüntülərinin təqdim edilməsi texniki imkanlar xaricindədir".

Polislərin iddiası

Bundan dərhal sonra – 30 dekabrda isə prokurorluq cinayət işi başlanmasının rədd olunması barədə qərar qəbul edib.

Bu cavaba qədər də prokurorluqda izahatı alınan polislər iddia ediblər ki, Yaqublu dekabrın 1-də Fəvvarələr meydanında aksiyada saxlanılıb 39-cu bölməyə gətiriləndə Post-Patrul Xidməti maşınında başını qapıya çırpıb, bölmədə olanda özünü yumruqla vurub və s.

Siyasi fəal prokurorluğun qərarından məhkəməyə şikayət verəcək. Yaqublu AzadlıqRadiosuna bildirib ki, onu təəssüfləndirən əsas məqamlardan biri cinayətin ört-basdır edilməsi üçün neçə adamın yalan danışmağa, böhtan atmağa vadar edilməsidir: "Qərarda yazıblar ki, guya məni polis bölməsindən saat 17:45-də buraxıblar. Saat 18:20-də Ələt qəsəbəsində olmağımın, oradan zəng eləməyimin sübutu var. O vəziyyətdə adam, özü də pik saatda, 35 dəqiqə ərzində Ələtə necə gəlib çıxıb? Məni polis bölməsindən rahatca yola salmışdılarsa, telefonum niyə bölmədə qalmışdı, iki gün sonra aldıq? (Prezident) İlham Əliyevin bu cinayətinə görə nə qədər polis, müstəntiq yalan danışmalı olur".

Hüquq müdafiəçiləri ilə daxili işlər naziri T. Yaqublunu müzakirə edib
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Xatırlatma

Tofiq Yaqublu dekabrın 1-də günorta saat 15:00 radələrində Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Siyasi fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin o vəziyyətə salmasını istisna edib. Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib: "Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

Tofiq Yaqublu bundan öncə müxtəlif ittihamlarla (iğtişaş salmaq, xəsarət yetirmək) bir neçə dəfə həbsdə olub. O, bir qayda olaraq, siyasi sifarişlə həbs edildiyini deyib. Amma rəsmilər ölkədə siyasi sifarişli həbslərin olması ilə bağlı deyilənləri təkzib edir.

XS
SM
MD
LG