Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:28

Tofiq Yaqublu prokurorluğu məhkəməyə verib


T.Yaqublu
T.Yaqublu

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu onun özünün özünə xəsarət yetirməsi nəticəsinə gələn prokurorluğun qərarından məhkəməyə şikayət verib. O, Səbail Rayon Prokurorluğunun qərarının ləğv olunmasını istəyir.

Yaqublunun şikayətinə fevralın 10-da Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyev baxacaq.

Siyasi fəal şikayətində bildirib ki, prokurorluğun qərarı qanunsuz və əsassızdır. Onun sözlərinə görə, obyektiv və hərtərəfli araşdırma aparılmadan, siyasi sifariş əsasında onun özünə xəsarət yetirməsi haqda absurd qərar çıxarılıb.

Dəlillərin sıradan çıxarılması

Yaqublu vurğulayıb ki, ona işgəncə verildiyini təsdiqləyən obyektiv sübutlar polis bölməsinin içində, eləcə də qarşısında olan kameraların qeydə aldığı görüntülər idi. Vəkili prokurorluğa həmin görüntülərin alınıb araşdırılması barədə vəsatət vermişdi. Prokurorluq vəsatəti təmin edərək Daxili İşlər Nazirliyinə görüntüləri almaqdan ötrü sorğu göndərsə də, son nəticədə alınmayıb. Nazirliyin Növbətçi Hissələri İdarəetmə Xidmətindən cavab gəlib ki, ""Təhlükəsiz şəhər" Xidməti və 39-cu bölmənin giriş-çıxışındakı kameraların görüntülərinin təqdim edilməsi texniki imkanlar xaricindədir".

Yaqublu hesab edir ki, bu cavabın özü onun işgəncəyə məruz qaldığını təsdiqləyən dəlillərin sıradan çıxarılmasının sübutudur.

Səbail Rayon Prokurorluğu Yaqublunun şikayəti üzrə cinayət işi başlamaqdan imtina edib. Prokurorluq belə nəticəyə gəlib ki, onun döyülməsində cinayət tərkibi yoxdur.

"Tofiq Yaqublunun bədəni üzərində aşkar edilmiş xəsarətlərin bədənin əlçatan nahiyələrində yerləşməsini nəzərə alaraq, şəxsin özü tərəfindən özünə xəsarət yetirməsi nəticəsində və yaxud da sifət nahiyəsini avtomaşının müxtəlif hissələrinə vurması nəticəsində əmələ gəlməsi inkar edilmir", – prokurorluğun qərarında belə yazılıb.

Xatırlatma

Tofiq Yaqublu dekabrın 1-də günorta saat 15:00 radələrində Fəvvarələr meydanında həmin vaxt həbsdə aclıq edən Saleh Rüstəmova dəstək aksiyasında polislər tərəfindən saxlanılıb. Həmin gün axşam saatlarında Ələt qəsəbəsində tapılan Yaqublunun üzərində ciddi xəsarət izləri olub. Siyasi fəal bildirib ki, öncə 39-cu polis bölməsində döyülüb, daha sonra gözləri bağlı vəziyyətdə harasa aparılarkən işgəncələr davam edib.

Daxili İşlər naziri Vilayət Eyvazov Yaqublunu polislərin o vəziyyətə salmasını istisna edib. Nazirlə görüşdən sonra bu haqda açıqlama verən hüquq müdafiəçisi Rüfət Səfərov bildirib ki, onlar Yaqublunun döyülməsi məsələsini müzakirə edəndə Eyvazov bunları deyib: "Bildirdi ki, aksiyada saxlanılarkən və maşına mindirilərkən müəyyən sıyrıqlar, yüngül xəsarətlər ola bilər. Amma Tofiq Yaqublunun üzündəki xəsarətlərin polisə aidiyyəti yoxdur. Nazir dedi ki, məsələni prokurorluq araşdırıb qiymət verəcək. Soruşduq ki, o zaman niyə bu hadisə ilə bağlı cinayət işi başlanmır? Nazirin fikri bu oldu ki, prokurorluq orqanları məsələni araşdırsın. Əgər hansısa polis məsuliyyət daşımalıdırsa, daşıyacaq".

XS
SM
MD
LG