Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:31

'İctimai təpki olmasaydı, 'Tərtər işi' belə də qalacaqdı'


'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi

Son illər Azərbaycanda təcridxana və cəzaçəkmə müəssisələrində işgəncələrlə bağlı çoxsaylı şikayətlər səslənib. Lakin məhkəmə və istintaq orqanları belə şikayətləri, əsasən, qəbul etməyiblər. 2017-ci ildə baş verən "Tərtər hadisələri" ilə bağlı yenidən başlayan istintaqda isə işgəncələrin olduğu açıq şəkildə vurğulanıb.

Baş Prokurorluğun fevralın 9-da yaydığı məlumata görə, "Tərtər hadisələri" ilə bağlı daha 163 nəfər kütləvi işgəncələrdən zərərçəkmiş şəxs kimi tanınıb. Qurum bildirib ki, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınanlarla birlikdə cinayət işləri üzrə hal-hazıradək ümumilikdə 281 belə şəxs müəyyən edilib.

İşgəncələr həqiqətən varsa, bu, aşağı səviyyədə özbaşınalıqdır, yoxsa sistemin bəlasıdır? "Tərtər işi"ndə daha yüksək səviyyədə həbslər gözlənirmi?

"Sistemli, geniş yayılıb"

Hələ 2018-ci ildə Avropa Şurasının İşgəncə, Qeyri-İnsani və Ləyaqəti Alçaldan Rəftarın Qarşısının Alınmasına dair Komitəsi altı məxfi hesabat açıqlayıb. Hesabatlarda qeyd edilirdi ki, "Azərbaycanda polis, digər hüquq-mühafizə orqanları və silahlı qüvvələrdə işgəncə, fiziki pis rəftar sistemli, geniş yayılıb". Lakin Azərbaycan hökuməti bu fikirlərlə razılaşmayıb.

E.Nəsirov
E.Nəsirov

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Elman Nəsirov da "Turan"a bildirib ki, Azərbaycan dövləti demokratik inkişaf yolunu seçib: "Azərbaycan hüquqi dövlətdir və həm Konstitusiya, həm daxil olduğu beynəlxalq konvensiyalara uyğun fəaliyyət ortaya qoyur. Bu yolu Ulu öndər Heydər Əliyev müəyyən edib və cənab Prezident İlham Əliyev onu uğurla davam etdirir".

"Ayrı-ayrı epizodlarda belə halların olması…"

Deputata görə, belə olan halda Azərbaycanda "Tərtər işi" kontekstində baxanda işgəncə faktları istisna edilir: "Bu, mümkün deyil. Amma ayrı-ayrı epizodlarda belə halların olması haqqında məlumatlar var. Bu işdə əli olan adamların həbsi baş tutur. "Tərtər işi"nin araşdırılması və ona düzgün, obyektiv hüquqi qiymətin verilməsi çox mühüm bir məsələdir".

O vurğulayıb ki, dövlət bu istiqamətdə addımlar atır: ""Tərtər işi"nin son dərəcədə obyektiv araşdırılması reallaşdırılır. İstintaq gedir. Onun detallarından xəbərimiz yoxdur. Amma bildiyimiz bir həqiqət var ki, "Tərtər işi"ndə şiddətə, ciddi qanun pozuntulara yol verən, zor tətbiq edən şəxslər qanun qarşısında cavab verməli olacaqlar və cavab verirlər".

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

"Qaralama kampaniyası aparırlar"

E.Nəsirovun sözlərinə görə, sosial şəbəkələrdə bir qrup şəxs var ki, "Tərtər işi" ilə bağlı məlumatları olmadığı halda qaralama kampaniyası aparır: "Eyni zamanda, müxalifətin müəyyən seqmenti hakimiyyətə təzyiq göstərmək üçün bu işdən manipulyasiya aləti kimi istifadə edir. Məsələni elə təqdim edirlər ki, dövlət bu işin araşdırılmasında maraqlı deyil. Amma bu ittihamların heç bir əsası yoxdur".

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə AzadlıqRadiosuna bildirib ki, bu, sistemin problemidir: "Sistem uzun illər ərzində qorxutmaq, təqib etmək, işgəncə vermək və bununla da öz məqsədinə nail olmaq istiqamətini götürdü. İstər fundamental azadlıqlarla bağlı, istərsə də qeyri-siyasi işlərlə bağlı biz hüquq-mühafizə orqanlarında işgəncələrlə bağlı məlumatlar alırıq".

"Hətta qeyri-qanuni həbsxanaların mövcudluğu…"

Onun deməsinə görə, ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin yüksək çinli əməkdaşlarının həbs edildiyi və "MTN işi" adlanan məsələdə hətta qeyri-qanuni həbsxanaların mövcudluğu və orada işgəncələrin verilməsi ilə bağlı şikayətlər səslənmişdi.

B.Süleymanlı
B.Süleymanlı

Ekspert təəssüflə qeyd edib ki, Azərbaycan beynəlxalq hesabatlarda bu məsələdə həmişə ilk yerlərdən birini tutub: ""Tərtər işi"ndə də biz eşitdik ki, vətəndaşlara ağlasığmaz işgəncələr verilir və qeyd edilir ki, bu işgəncələr altında həyatını itirənlər də olub. Yaxşı olardı ki, həmin hadisələr elə o vaxt araşdırılardı. Üstündən gör nə qədər vaxt keçib. İctimai təpki olmasaydı, hesab edirəm ki, "Tərtər işi" belə də qalacaqdı".

Hüquq müdafiəçisinin fikrincə, bu işdə məsuliyyət daşıyanlar vəzifəsindən, keçmiş xidmətlərindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir: "Ciddi siyasi iradə ortaya qoyulsa, onda biz bunun şahidi olacağıq".

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi. Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib.

Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin (hüquq müdafiəçiləri onların sayının 10 civarında olduğunu bildirirlər. Amma bu rəsmən təsdiqlənməyib) beşinə də sonradan bəraət verilib. Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

Həmin hadisələrlə bağlı ötən ilin dekabrında cinayət işləri üzrə icraat təzələnib.

XS
SM
MD
LG