Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:30

Baş prokuror 'Tərtər işi' ilə bağlı bir qərarı ləğv edir


İşgəncə (Foto illüstrasiya)
İşgəncə (Foto illüstrasiya)

"Tərtər hadisələri"nə görə yenilənmiş istintaq çərçivəsində ilkin istintaq zamanı işgəncə ilə öldürülən hərbi qulluqçu, kiçik çavuş Elçin Quliyevlə bağlı yeni qərar qəbul edilib. Bu barədə AzadlıqRadiosuna Elçin Quliyevin anası Validə Əhmədova məlumat verib.

Quliyev 2017-ci ilin mayında dövlətə xəyanətdə suçlanaraq saxlanan və barəsində cinayət işi başlanan çoxsaylı hərbçilərdən biri olub. Sonradan o öldüyünə görə hərbi prokurorun müavini Şəfahət İmranovun qərarıyla Quliyevin barəsində cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Sözügedən qərarın özünü Baş prokuror Kamran Əliyev 31 yanvar 2022-ci ildə ləğv edib.

Şikayət Strasburqda icraatdadır

Baş prokurorun ləğv qərarı fevralın 7-də Validə Əhmədovaya təqdim olunub: ""Tərtər işi" üzrə yenilənmiş istintaq qrupunun rəhbəri Qasım müəllim axşam saat 5 radələrində məni çağırdı, o qərarı mənə təqdim elədi. Bu qərar irəliləyişdir, amma mənim üçün sevindirici deyil. Bu, mənim oğlumun bəraəti deyil, özlərinin bəraətidir. Oğlum da daxil, o günahsız balaları işgəncə ilə öldürən, buna əmr verənlərdən tutmuş, icraçılara qədər hamısı içəridə olanda mənim ürəyimə su səpilər".

'Azərbaycan hərbçilərini soyundurub toka veriblər'
Gözlə

No media source currently available

0:00 0:08:50 0:00

Əhmədova əlavə edib ki, hələ 2017-ci ilin dekabrında İmranov oğlu ilə bağlı qərar verəndən sonra həmin qərardan Baş Prokurorluğa, yerli məhkəmələrə şikayət etmiş, ölkə daxilində nəticə əldə edə bilməmişdi. Ona görə də Avropa Məhkəməsinə ərizə göndərmişdi. Onun sözlərinə görə, həmin şikayət Strasburqda icraatdadır.

"Bu illər ərzində o qədər yalanlar eşitdim, gördüm ki, artıq heç nəyə ümidim qalmayıb. Bu iş o zaman ədalətli həll olar ki, ən ali rütbəlisindən tutmuş, adi əsgərinə qədər əli olan hər kəs cəzalansın. Həbsdə olan günahsızların hamısı buraxılsın. Bu illər ərzində ziyan çəkən ailələrə dəymiş zərər ödənilsin", - Əhmədovanın sözləridir.

"Bu addımlarsız..."

"Tərtər işi"ni araşdıran hüquq müdafiəçisi Rəsul Cəfərov deyir ki, Baş prokurorun Elçin Quliyevlə bağlı 31 yanvar 2022-ci il tarixli qərarı onun ölümündən sonra da olsa, bəraət alması istiqamətində vacib addımdır: "Ümid edirik ki, veriləcək bəraət qərarları təkcə Elçin Quliyevlə bağlı olmayacaq. Təqsiri sübuta yetirilmədən cinayət təqibinə məruz qalmış digər şəxslər barəsində də veriləcək. Bu addımlarsız "Tərtər işi"nin həlli mümkün deyil".

'Adamları gözümüz önündə öldürürdülər' - Tərtər işi
Gözlə

No media source currently available

0:00 0:10:34 0:00

Xatırlatma

2017-ci il mayın 7-də Azərbaycanın hüquq-mühafizə orqanları bildirdilər ki, Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilib. Birgə rəsmi açıqlamada vurğulanırdı ki, Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı. Baş Prokurorluq da həmin iddiaların yer aldığı bəzi sayt rəhbərlərini çağıraraq onlara rəsmi olmayan bu məlumatları yaydıqlarına görə xəbərdarlıq verdi. Lakin bu yaxınlarda Hərbi Prokurorluğun rəhbərliyi həmin proses zamanı ölüm halının olduğunu etiraf edib.

Saxlanan hərbi qulluqçuların yaxınları da deyir ki, sonradan işgəncə verilməsinə görə də mühakimə edilənlər olub. Üstəlik, onların vurğulamasına görə, işgəncə nəticəsində ölənlərin beşinə də sonradan bəraət verilib.

Müdafiə tərəfinin açıqlamalarına görə, bu cinayət işlərində tutulanların əksəriyyəti özlərini təqsirli bilməyib və həbs olunarkən ağır işgəncələrə məruz qaldıqlarını, bu üzdən etiraf xarakterli ifadələrə imza atdıqlarını iddia ediblər.

XS
SM
MD
LG