Ali təhsilə çıxış niyə məhduddur?
Azərbaycanda ali təhsilə çıxış imkanlarının məhdudluğu uzun müddətdir dartışılır. Bu problemi rəsmi rəqəmlər də təsdiqləyir. Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 15 və yuxarı yaşlı vətəndaşların hər 1000 nəfərindən 134-ü ali təhsillidir. Bu göstərici istər region ölkələrinin, istərsə dünya ortalamasının təxminən iki dəfə gerisindədir. Hökumətin hazırladığı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da qeyd edilmişdi ki, ali təhsil müəssisələri məzunlarının tərkibi iqtisadiyyatın tələbatı ilə tam uzlaşmır. Belə ki, 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmləşib. Bu üzdən, özəl sektorda ixtisaslı işçi qüvvəsi çatışmazlığı problemi yaranıb.
Azərbaycanda ali təhsilli şəxslərin say azlığını doğuran amillərdən bəlkə də birincisi təhsil haqqının heç də hər kəsə uyğun olmamasıdır. Bir müddət öncə təhsil nazirinin müavini ölkənin ali təhsil ocaqlarında orta illik təhsil haqqının təxminən 2 min 300 manat civarında olmasını dilə gətirmişdi. Bu o deməkdir ki, ölkədə minimum əməkhaqqı səviyyəsində (300 manat) gəlir əldə edən şəxs öz övladını universitetdə oxutmaq istəsə, illik gəlirinin yarısından da xeyli çoxunu təhsilə xərcləməlidir. Maddi səbəblərdən dolayı ali təhsil ala bilməyənlərlə yanaşı, hətta tələbə adını qazanan yüzlərcə tələbə də təhsil haqqını ödəyə bilmədiyindən universitetlərdən xaric edilir.
Azərbaycanda universitetlər büdcədən dövlət sifarişli yerlərə ayrılan vəsait və tələbələrin ödədiyi təhsil haqqı hesabına maliyyələşdirilir. Təhsil haqlarından kənar mənbələr Azərbaycan universitetlərinin gəlirlərinin cüzi bir hissəsidir. Bu da universitetlərin təhsil haqlarından yüksək asılılığını şərtləndirir. Belə durum nəticə etibarıyla təhsil haqlarının artırılmasına və dolayısıyla hər kəsin ali təhsil almaq imkanının get-gedə azalmasına yol açır. Ali təhsilin əhatə və keyfiyyət baxımından daha yaxşı olduğu ölkələrdə ali təhsil ocaqlarının kommersiyalaşmasının daha üstün səviyyədə olduğu diqqət çəkir. Kommersiyalaşma dedikdə hər hansı universitetin məhz öz fəaliyyətiylə qazandığı vəsait hesabına maliyyələşməsi nəzərdə tutulur.
Kommersiyalaşmadan ötrü universitetlərin innovativ məhsulları, aldığı patent sayı artmalı, konsaltinq və araşdırma xidmətləriylə iqtisadiyyata yön vermək potensialı yüksəlməlidir. Bununla yanaşı, iqtisadiyyatın strukturu və tələbi də vacib amildir. Azərbaycan iqtisadiyyatının zəif şəxaləndirilməsi, ixracın 90 faizə yaxının neft-qaz sektorundan ibarət olması, biznes mühitinin azad olmaması kimi amillər universitetlərin kommersiyalaşma şansını azaldır. Halbuki, təhsil haqqı məsələsinin dayanıqlı çözümü kreditlərdən yox, məhz universitetlərin kommersiyalaşmasından asılıdır.
Hökumətin həll yolu – tələbə kreditləri
Hökumətin maddi səbəblərdən dolayı ali təhsil ala bilməyənlərə təklif etdiyi yeni həll yolu təhsil kreditləridir. Bu layihənin gerçəkləşdirilməsiylə bağlı ötən il Təhsil Tələbə Krediti Fondu yaradıldı. Fondun nizamnaməsində qeyd edilir ki, bu qurum təhsil kreditlərinin verilməsini təşkil edən və kommersiya məqsədi güdməyən hüquqi şəxsdir. Fondun fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunla yasaqlanmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Nizamnamə kapitalı 80 milyon manat həcmində müəyyənləşdirilib.
Ancaq sözügedən qurumun müəyyənləşdirdiyi şərtlər bir çox tələbənin bu imkandan yararlanma dərəcəsini azaldır. Fondun şərtlərinə görə, krediti əldə edən tələbə 1-ci kursda oxuyursa, qəbul balı 300-dən çox olmalıdır. Digər kurslarda təhsil alan tələbələrinsə akademik borcu (kəsiri) olmamalıdır. Kredit veriləcək tələbənin orta uğur göstəricisi 71 balı aşmalıdır.
Hər dörd tələbədən birinin kəsiri var
Təhsil Tələbə Krediti Fondunun açıqladığı rəqəmlərə görə, hazırda ölkədə 126 min 173 tələbə ödənişli təhsil alır. Onların 28 min 674-ünün - 23 faizinin akademik borcu (kəsiri) var. Bu üzdən, həmin tələbələr təhsil krediti üçün üz tuta bilməzlər. Daha 41 min 291 tələbənin - bütün ödənişli təhsil alanların 33 faizininsə orta uğur göstəricisi 71 baldan azdır. Bu tələbələr də kredit qazanmaq şansını itirmiş sayılır. Beləliklə, ödənişli təhsil alanların 56 faizə yaxını orta balı aşağı olduğundan və ya kəsiri qaldığından kredit üçün müraciət edə bilməz. Birinci kursda oxuyan tələbələr arasında universitetə 300-dən az balla qəbul olanlar və qiyabi təhsil alanlar da nəzərə alınsa, təhsil krediti əldə edə biləcək tələbə sayı daha da azalır.
Yanvarın sonuna olan bilgilərə görə, indiyədək sözügedən fonda 4 min 869 tələbə üz tutub. Onlardan 525 nəfər qeydiyyatdakı uyğunsuzluqlara görə imtina cavabı alıb. İndiyədək min 971 tələbənin müraciəti banka göndərilib, min 393 nəfərin müraciəti isə rəsmiləşdirilmək üçün müvəkkil bankdadır. 223 tələbənin müraciəti sosial, 355 tələbənin müraciəti isə standart təhsil tələbə krediti üzrə bank tərəfindən rəsmiləşdirilib. Başqa sözlə, indiyədək 578 tələbə kredit əldə edib.
Fondun açıqlamasında o da qeyd edilir ki, ödənişli təhsil alan tələbələrin 20 min 200 nəfərinin, yəni ödənişli təhsil alanların 14 faizinin təhsil haqqını dövlət ödəyib. Həmin tələbələrin 13 min 400-ü məcburi köçkün statusludur, min 555 nəfəri ata-anasını itirmiş və ya valideyn himayəsindən məhrum qalmış tələbələrdir. 3 min 935 tələbə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canını vermiş və əlil olmuş şəxslərin övladıdır, min 310 tələbəninsə əlilliyi var.
Kredit hansı şərtlərlə verilir?
Təhsil kreditinin şərtlərində qeyd edilir ki, ali təhsil pilləsinin bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün kredit müddəti 14-21 il, magistratura səviyyəsində təhsil alanlara isə 12-18 il ola bilər. Kreditin verilmə şərtlərindən biri illik təhsil haqqının 20 faizini tələbənin əvvəlcədən ödəməsidir. Təhsil tələbə krediti verilən zaman girov və zəmanət tələb olunmur. Tələbə gələcəkdə krediti qaytarmazsa, kredit məbləği məhkəməylə geri alınacaq. Kredit sosial və standart təhsil kreditləri olmaqla iki kateqoriyaya ayrılır. Kreditin faiz dərəcələri təhsil tələbə krediti üzrə illik 2 faiz, standart təhsil tələbə krediti üzrə isə illik 6 faizdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, üçüncü qrup əlilliyi olan şəxslər, hər iki valideyni 1-ci və 2-ci qrup əlil, işsiz və ya yaşa görə əmək pensiyası (müavinəti) alan tələbələr sosial təhsil krediti əldə edə bilərlər.