Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 02:39

Təhsil krediti fondu tələbələrin problemini çözə biləcək?


Bu ildən təhsil kreditləri verilə bilər: Kimlər ala biləcək?
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Bu ildən təhsil kreditləri verilə bilər: Kimlər ala biləcək?

20 illik kredit

Bu günlərdə prezident fərmanı ilə Təhsil Nazirliyinin tabeliyində "Təhsil Tələbə Krediti Fondu" yaradıldı. Fondun nizamnaməsində qeyd edilir ki, kommersiya hədəfi güdməyən bu qurum təhsil kreditləri verəcək. Fondun fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri dövlət büdcəsinin vəsaiti və qanunla yasaqlanmayan digər mənbələr hesabına maliyyələşdiriləcək. Nizamnamə kapitalının məbləği 80 milyon manat həcmində müəyyənləşdirilib.

Fondun kredit şərtlərinə dair, hələlik, detallı məlumat verilməyib. Ancaq Təhsil naziri Emin Əmrullayev mediaya açıqlamasında bildirib ki, təhsil kreditlərinin faiz dərəcəsi o qədər də yüksək olmayacaq. Məsələn, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi 1-2 faizi aşmayacaq. Nazir kreditin müddətinin müzakirələrdən sonra təsdiqlənəcəyini və tələbələrin təxminən 20 il ərzində həmin vəsaiti geri ödəməsinə imkan yaradılacağını söyləyib. Təhsil göstəriciləri və universitetə giriş balı yüksək olan tələbələrə ayrıca güzəştlər olacaq. Kredit tələbələrə deyil, birbaşa onların oxuduğu təhsil ocağına veriləcək.

Hər min nəfərdən 134-ü ali təhsillidir

Azərbaycanda ali təhsilə çıxış imkanının məhdudluğu uzun müddətdir dartışılır. Statistika Komitəsinin məlumatına görə, hazırda ölkədə 15 və yuxarı yaşlı əhalinin hər min nəfərinə 134 ali təhsilli vətəndaş düşür. Bu göstərici istər bölgə ölkələrinin, istərsə dünya ortalamasının təxminən iki dəfə gerisindədir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" adlı hökumət sənədində də ali təhsil müəssisələri məzunlarının tərkib baxımından iqtisadiyyatın tələbatıyla tam uzlaşmadığı qeyd edilib. 25-34 yaş arasında olan ali təhsilli mütəxəssislərin 67 faizi dövlət sektorunda cəmləşib. Bu üzdən, özəl sektorda ixtisaslı işçi qüvvəsi çatışmazlığı problemə çevrilib. Kadr çatışmazlığı ən çox xidmət sektorunda və kənd təsərrüfatında gözə çarpır.

Ali təhsilə maraq niyə azdır

Azərbaycanda ali təhsilli ixtisaslı kadr sayının digər ölkələrlə müqayisədə az olmasının başlıca səbəblərindən biri təhsil haqqının əhalinin bütün kəsimlərinə əlçatan olmamasıdır. Bu səbəbdən ali təhsil ala bilməyən tələbələrlə yanaşı, hətta yüzlərcə tələbə də hər il təhsil haqqını ödəyə bilmədiyindən universitetdən xaric edilir.

Pandemiyanın mənfi təsirlərini azaltmaq üçün hökumət aztəminatlı əhali qrupuna daxil olan 16 min 500 tələbənin təhsil haqqının dövlət hesabına ödənilməsini nəzərdə tutub. Bunu yetərli saymaq çətindir, çünki həmin rəqəm ölkədə ödənişli təhsil alan tələbələrin cəmi 15 faizini əhatə edir.

Təhsil nazirinin müavini ötən il mediaya açıqlamasında bildirmişdi ki, Azərbaycanın ali təhsil ocaqlarında illik təhsil haqqı ortalama 2 min 290 manatdır (1 min 347 dollar). 2020-ci ilin sonunda ölkədə orta aylıq əməkhaqqı 704 manat (414 dollar) olub. Bu o deməkdir ki, ali təhsil müəssisələrində birillik təhsil haqqı orta aylıq nominal əməkhaqqından 3.2 dəfə çox olub. Ancaq qonşu ölkələrdəki duruma baxınca aydın olur ki, orta aylıq nominal əməkhaqqının təhsil haqlarına nisbətindəki fərq Azərbaycanla müqayisədə daha aşağıdır. Məsələn, ötən il Gürcüstanda dövlət universitetlərində birillik təhsil haqqı 2 min 250 lari (720 dollar) olub. Həmin vaxt ölkədə orta aylıq əməkhaqqı isə 1 min 204 lariyə (382 dollara) bərabər idi. Deməli, orta aylıq əməkhaqqı ilə orta illik təhsil haqqı arasında cəmi 1.8 dəfə fərq olub. Rusiyada orta illik təhsil haqqı məbləğinin 138 min rubl (1 min 791 dollar), orta aylıq əməkhaqqı miqdarınınsa 48 min rubl (620 dollar) olduğunu görüncə, aradakı fərqin 2.8 dəfə olduğu üzə çıxacaq.

Azərbaycanda universitetlər necə maliyyələşdirilir

Azərbaycanda universitetlər büdcədən dövlət sifarişli yerlərə ayrılan vəsait və tələbələrin ödədiyi təhsil haqqı hesabına maliyyələşdirilir. Son illər bir neçə dövlət universitetinə "publik hüquqi şəxs" statusu verilib. Bu status həmin təhsil ocaqlarına kurs açmağa, konsaltinq xidmətləri təklif etməyə, elm tutumlu layihələr gerçəkləşdirməyə və bütövlükdə müstəqil fəaliyyət imkanlarına yol açır. Ancaq yenə də təhsil haqlarından kənar mənbələr Azərbaycan universitetlərinin gəlirlərinin cüzi bir hissəsidir. Təhsil haqlarından başqa digər gəlir mənbələrinin azlığı universitetlərin təhsil haqlarından yüksək asılılığını şərtləndirir. Beləcə, təhsil haqı məbləği yüksəlir və dolayısıyla hər kəsin ali təhsil almaq imkanı olmur.

Ali təhsilin əhatəlilik və keyfiyyət baxımından daha yaxşı olduğu ölkələrdə ali təhsil ocaqları da daha üst səviyyədə kommersiyalaşır. Belə kommersiyalaşma dedikdə universitetin çalışıb qazandığı vəsait hesabına maliyyələşməsi anlaşılır. Kommersiyalaşma üçünsə universitetlərin hazırladığı innovativ məhsulların, aldığı patentlərin sayı çoxalmalı, konsaltinq və araşdırma xidmətləri ilə iqtisadiyyata yön vermək potensialı yüksəlməlidir.

Universitetləri necə gücləndirməli

Universitetlərin həmin səviyyəyə çatdırılmasında araşdırma və inkişaf xərclərinə ayrılan vəsaitin həcmi önəmli rol oynayır. Gəlişmiş ölkələrdə bu istiqamətə ayrılan vəsait bütün ÜDM xərclərinin 3-4 faizidir. Azərbaycanın ötənilki dövlət büdcəsinə baxınca aydın olur ki, elmə ayrılan vəsaitin ÜDM-ə nisbəti cəmi 0.2 faizdir. Bu üzdən digər ölkələrdə araşdırma və innovasiyalara həvəsləndirən ali təhsil müəssisələrinin ölkə iqtisadiyyatı ilə güclü əlaqəsi mövcud deyil və həmin müəssisələr sahibkarlıq və biznesin inkişafını stimullaşdırmaq baxımından çox az potensiala sahibdir. Deməli, təhsil kreditləri ilə yanaşı, universitetlərdə daha keyfiyyətli araşdırmaların aparılmasına dövlət büdcəsindən ayrılan xərclər mütləq artırılmalıdır.

XS
SM
MD
LG