Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 02:25

İmtahan Mərkəzi deyir, vəziyyət 'bərbaddır', Təhsil Nazirliyi deyir, 'əla'


İmtahan sualları dəyişə bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:20 0:00

İmtahan sualları dəyişə bilərmi?

Ötən il 42.8 faiz abituriyent imtahanlarda 200 bal yığa bilməyib. Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalında deyilir.

Cəmi 9.7 faiz abituriyent 500-700 bal toplayıb. Bu göstəricilər 2019-cu illə müqayisədə daha aşağıdır.

Dövlət İmtahan Mərkəzi hətta 9 və 11-ci siniflərdə yazıb-oxumağı bacarmayan şagirdlər olduğunu qeyd edir.

Məlumatda həmçinin deyilir ki, orta statistik abituriyent fənlər üzrə testlərin yalnız 27-58 faizinə düzgün cavab verib: "Test tapşırıqlarının məktəb proqramı çərçivəsində hazırlandığını və bu çərçivədən kənara çıxmadığını, qəbul imtahanında iştirak edənlərin məktəbin seçilən şagirdləri olduğunu nəzərə alsaq, belə qənaətə gəlmək olar ki, orta statistik məzun məktəb proqramının 42-73 faizini mənimsəmir".

E.Quliyev
E.Quliyev

"Nə müəllimin, nə də direktorun günahı var"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev "Turan"a bildirir ki, problem birinci növbədə koronavirus pandemiyası ilə əlaqədar dərslərin onlayn formatda keçirilməsindədir: "Düzdür, onlayn qaydada da müəllim danışır, izah edir, amma biz unutmamalıyıq ki, müəllimlə şagirdin, tələbənin birbaşa təması başqa şeydir".

Komitə üzvü bunu da deyir ki, onlayn tədris zamanı ölkənin bəzi yerlərində internetin keyfiyyətinin zəif olması, bəzi uşaqların mobil telefonu və kompüterinin olmaması da nəzərə alınmalıdır: "Belə məsələlər, istər-istəməz, təhsilin səviyyəsinə təsir edir. Digər tərəfdənsə müəllimin qarşısında oturan şagird və ya tələbə böyük məsuliyyət hiss edir, verilən tapşırıqları yerinə yetirməsə, valideynləri bu barədə gündəlikdəki qiymətlərdən biləcək. Onlayn dərslərdə isə bu məsuliyyət o qədər də hiss edilmir".

Təhsil naziri niyə kasıbın balasına internet və kompüter vermək istəmir?
Gözlə

No media source currently available

0:00 0:05:25 0:00

E.Quliyev hesab edir ki, sözügedən aşağı nəticələr pandemiyanın vurduğu ziyanlardan, sadəcə, biridir, burada nə müəllimin, nə də direktorun günahı var.

"Bəlkə şagirdin ürəyi nəsə yazmaq istəməyib?"

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna deyir ki, əslində, Dövlət İmtahan Mərkəzi göstəriciləri imtahanlarda iştirak edən şəxslərə uyğun olaraq yoxlayır: "Bu gün orta məktəblərin vəzifəsi ali təhsil müəssisələrinə qəbul üçün tələbə hazırlamaq deyil. Qanunvericiliyə görə, orta məktəblərin öhdəliyi minimum bilik və bacarıqları olan şəxsiyyət yetişdirməkdir".

Ekspertin qənaətincə, "yazıb-oxumağı bacarmayan şagirdlər" dedikdə Dövlət İmtahan Mərkəzi imtahan zamanı cavab kartında heç nə yazmayan şagirdləri nəzərdə tutur: "Amma bu, doğru ölçmə aləti deyil. Bəlkə şagirdin ürəyi nəsə yazmaq istəməyib, bəlkə yazıb sonra köçürməyib? Biz belə şəxslərin statistik göstəricilərini aparmaq üçün fərdi yoxlamalar aparmalıyıq. İmtahan iştirakçılarının göstərdiyi nəticə təhsilin göstəricisi ola bilməz".

K.Əsədov
K.Əsədov

"Ortada bərbad vəziyyətdə olan təhsildir"

Amma bununla belə, ekspert vəziyyətin görünəndən daha təhlükəli olduğu qənaətindədir: "Yəni, Azərbaycan bölməsində plan yerləri çoxalır, məzunların sayı azalır, qəbul balları uyğun deyil və bunlar bizə xoş bir mənzərə təsəvvürü yaratmır. Axırda biz gedib hamıya bir-bir yalvaracağıq ki, gəl universitetə sənəd ver. Bu tipli gedişatlar var. Keyfiyyətə gələndə isə, biz 30 ildir təhsildə ciddi bir keyfiyyət artımına nail ola bilməmişik".

Onun sözlərinə görə, Azərbaycanda bir neçə məktəb var ki, ümumiyyətlə, şagirdləri ali məktəblərə qəbul olunmayıb, buraxılış imtahanlarının nəticələri aşağıdır, amma bir dəfə də Təhsil Nazirliyi bununla bağlı tədbir görməyib: "Bir dəfə də görməmişik Təhsil Nazirliyi keyfiyyətin artırılması üçün iş görsün və yaxud da nəticələri zəif olan müəllimləri işdən çıxarsın. Fəaliyyətin nəticəyə çevrilməsi yoxdur. Hər il eyni vaxtda Dövlət İmtahan Mərkəzi "Abituriyent-12" jurnalını çıxarır, deyir ki, vəziyyət bərbaddır, ardınca da Təhsil Nazirliyi "Hesabat" jurnalı çıxarır və deyir ki, vəziyyət əladır. Ortada isə qalan həqiqətən də bərbad vəziyyətdə olan təhsildir".

AzadlıqRadiosu Təhsil Nazirliyindən deyilənlərə münasibət ala bilməyib.

XS
SM
MD
LG