Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:36

Sığorta haqqında 9 ayın bitməyən söhbəti...


'EuroHome' bazarında yanğın baş verib
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

'EuroHome' bazarında yanğın baş verib

«Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük. Misal üçün, bu yaxınlarda Şamaxı, İsmayıllı, Ağsu rayonlarında baş vermiş zəlzələ nəticəsində evlərə ziyan dəyib və heç bir ev sığortalanmayıb... Bütövlükdə sahibkarlara məsləhət görülür ki, onlar öz əmlakını sığortalasınlar...».

Bunu bu il martın 26-da «Diglas» Ticarət Mərkəzində baş vermiş yanğına bağlı həmin hadisədən iki gün sonra keçirdiyi müşavirədə prezident İlham Əliyev demişdi.

Həmin müşavirədən təqribən 9 ay sonra Bakının Binəqədi rayonu ərazisində yerləşən «EuroHome» tikinti materialları bazarında da yanğın baş verdi. 100-dən çox mağaza yanıb məhv oldu. İndi bəlli olur ki, həmin bazardakı bir çox mağazaların da siğortası yoxdur. İcarədarlar isə dövlətdən düşdükləri zərərə görə kompensasiya tələb edirlər...

«EuroHome»da baş verənlər və icarədarların istəyi

Dekabrın 10-da Bakıda «EuroHome» tikinti materialları bazarında (Xırdalan dairəsinə yaxın) yanğın baş vermişdi. Fövqəladə Hallar Nazirliyinin açıqlamasına görə, bazarın 5 hektar ərazisinin 2 hektarı yanıb. Bu zaman 100-dən çox mağazanın sıradan çıxdığı bildirilir.

İcarədarlar isə bu günlər ərzində dəfələrlə aksiya keçirərək dövlətdən kompensasiya tələb ediblər. Onlar qeyd ediblər ki, bəziləri 100 min, bəziləri 300 min manat ziyan görüblər. «Hər şeyi atırlar bazarın rəhbərliyinin üzərinə. Onlar da ziyana düşüb. Bizə ancaq Prezident İlham Əliyev və Birinci vitse-prezident kömək edə bilər. Heç olmasa, 20 milyon manat ayrılmalıdır ki, bizim ziyanın 30 faizi ödənilsin. Mindən çox ailə çörəksiz qalıb», - icarədarlardan biri AzadlıqRadiosuna söyləmişdi.

«EuroHome» şirkətindən isə bildirmişdilər ki, ziyan görən mağazalar təmir ediləcək və icarədarlar başqa yerlərlə təmin ediləcək. Şirkətdən üstəlik, vurğulamışdılar ki, həmin müddətdə onlardan icarə haqları da alınmayacaq.

Amma narazı icarədarlar deyirdilər ki, mağazalar təmir edilsə belə, bu, onların probleminin həlli olmayacaq. «Çünki həmin mağazaları doldurmaq lazımdır. Mal yiyələri də bizdən pulunu tələb edir», - icarədarlardan başqa biri qeyd etmişdi.

«EuroHome» şirkətindən isə onu da bildirmişdilər ki, təqribən 3 ay əvvəl «Paşa Sığorta» ASC-dən nümayəndələr gəlib mağazaları sığortalamaq istəyiblər. Amma şirkətdən vurğulandığına görə, icarədarların bir çoxu bu məsələyə soyuq yanaşıb.

Bəs nədən mağazalarını sığorta etdirməyiblər? Bu sualla «EuroHome» tikinti materialları bazarında mağazası yanan bir neçə sahibkara müraciət etdik. Onlar bu mövzuda danışmağa meylli olmadılar...

R.Həsənov
R.Həsənov

«Formalaşan məmur biznesidir»

İqtisadçı-ekspert Rəşad Həsənov AzadlıqRadiosuna deyib ki, sığorta sahəsində kifayət qədər ciddi problemlər var. Ekspertə görə, birinci problem odur ki, ölkədə biznes mühiti kifayət qədər əhatəli deyil, tam olaraq formalaşmayıb, formalaşan məmur biznesidir.

R.Həsənov deyib ki, çox zaman bu problemlər obyektləri idarədə edən şəxslərin günahları üzündən baş verir: «Belə ki, obyekti işlədən tərəf daha az vergi ödəmək üçün əmlakın dəyərini saxtalaşdıraraq aşağı salır».

Onun sözlərinə görə, sığorta şirkəti sığortalamağa gəldikdə real dəyərlə sənədlər üzərindəki dəyərlər arasında ciddi fərq ortaya çıxır: «Belə olan halda sığortaçı yenidən qiymətləndirmə tələb edir, amma müəssisələr buna razılıq vermirlər, mövcud şərtlər daxilində isə sığortanı həyata keçirə bilmirlər. Bəzi sığorta şirkətləri sənədlər üzərindəki qiymətlərə uyun sığortanı həyata keçirdiyi halda bədbəxt hadisə baş verdikdə, sığorta ödənişləri dəyən ziyanı kompensasiya etmir».

'Evimi sığorta etdirmək ağlıma gəlməyib' [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

«Sığortaya soyuq yanaşırlar»

Ekspertə görə, ikinci problem odur ki, icarədarlar özləri sığortaya soyuq yanaşırlar: «Ümumiyyətlə isə, Azərbaycanda həm vətəndaşlar, həm də biznesdə belə yanaşma var ki, hər hansı hadisə baş versə, bunun əvəzini dövlət ödəməli, ziyanı kompensasiya etməlidir. Azərbaycanda heç kim sığorta haqqı ödəmək istəmir...».

R.Həsənovun fikrincə, bu yanaşma özü yanlışdır. O bu məsələdə sahibkarların özlərini təqsirli sayaraq vurğulayıb ki, qazandıqları zaman vergi, sığorta haqqı ödəmək istəmir, ziyan dəyəndə tam həcmdə kompensasiya tələb edirlər.

Ekspertə görə, daha bir problem sığorta bazarının zəif inkişaf etməsidir.

«Uçot yoxdur»

R.Həsənov deyib ki, uçot olmadığından sahibkarın nə qədər mala, dövriyyəyə malik olması bilinmir, buna görə də sığorta hansı həcmdə mala, əmlaka ziyan dəyməsini müəyyən edə bilmir: «Yəni, sahibkar qanunauyğun olaraq dövriyyəsini, mal qalığını göstərmir, rəsmi sənədlər olmadığı halda sığorta şirkəti sığorta işini görə bilmir. Problemin ən dərin tərəfi də odur ki, biznes iqtisadiyyatının böyük bir qismi gizlidir, uçot yoxdur».

F.Mustafa
F.Mustafa

«Sığorta məsələsi daha çox risk sahələrinə yönəlməlidir»

Deputat Fazil Mustafa isə «Turan» agentliyinə deyib ki, Azərbaycan bazarına malların əksəriyyəti xaricdən gətirilir. Onun fikrincə, hətta bəzi hallarda ölkədə istehsal edilən bir sıra mallara da xarici etiketlər vurub bazara çıxarırlar. Onun deməsinə görə, bu malların sənədləşməsi də mümkün olmur.

F.Mustafa vurğulayıb ki, təmiz mallar xaricdən valyuta ilə alınır, manata konvertasiyada qiymət aşağı düşür, bu da sahibkara xeyr etmir, xaricdən mal gətirməyə maraq yaratmır: «Odur ki, hansısa malları xaricdə aşağı qiymətə alaraq gətirməyə üstünlük verirlər. Bu, narahatedici amildir. Ölkə prezidenti bu istiqamətdə sığorta prosesinin güclənməsi tapşırığını vermişdi. Bunun əvəzinə daşınmaz əmlakın sığortalanmasını gündəmə gətirdilər. Bu da məncə, yanlış idi. Çünki, ucdantutma bütün daşınmaz əmlaka görə ildə 50 manat ödəmək risklə bağı deyil. Odur ki, sığorta məsələsi daha çox risk sahələrinə yönəlməlidir».

«Dövlətə ağır yük olur»

F.Mustafa hesab edir ki, icbari sığorta müəyyən risk amili daha böyük olan yerdə olmalıdır: «Bu prosesə yenidən canlanma gətirilməli, prosesi ləngidən ünsürlər ortaya çıxarılmalıdır. Sahibkarlara belə ziyanda malın dəyərinə görə yox, vəziyyətdən çıxa bilmək üçün yüngül kompensasiya ödənə bilər. Çünki dövlətin də borcu deyil ki, hər hansı bədbəxt hadisəyə görə öz büdcəsindən pul ödəsin, belə yanaşma özü də dövlətə ağır yük olur».

XS
SM
MD
LG