"Sobsan" boya fabrikində bir il öncə baş vermiş yanğın vaxtı qonşuluqdakı Məhyəddin Alməmmədovun evinə də külli miqdarda ziyan dəyib. Evin özündən tutmuş, əşyalara, həyətdəki ağaclara qədər xeyli daşınar və daşınmaz əmlak yanıb. Onun sözlərinə görə, dəymiş ziyan hələ də qarşılanmayıb. Amma Alməmmədov hazırda daha çox istintaqdan və ekspertizadan narazıdır. Deyir ki, səlahiyyətli orqanlar üzərilərinə düşən vəzifəni yerinə yetirmirlər.
Yanğın 2020-ci il iyulun 4-də baş verib. Faktla bağlı cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsində araşdırmalar aparılıb. Dekabrda iş üzrə icraata xitam verilib. Bundan narazı qalan Alməmmədov qərarın ləğvindən ötrü məhkəməyə üz tutub: ""Sobsan"dakı yanğın mənə 100 minlik ziyan vurdu. Amma məni aldatdılar, dedilər şikayət eləmə, sənə dəymiş ziyan tam ödəniləcək. Ziyanı dəfələrlə az göstərdilər. Hətta ağacların sayını belə azaltdılar, 26 ağacın əvəzinə 14 ağacın məhv olduğunu yazıblar. Ev, içindəki əşyaların hamısı məhv olub, onları nəzərə almırlar".
Ekspert rəyi
Bu ilin mayında Nərimanov rayon Məhkəməsi Alməmmədovun şikayətinə baxıb. O, məhkəməyə Mərkəzı Bank yanında sığorta sahəsində yardımçı fəaliyyət göstərən müstəqil ekspertlərin reyestrinə daxil olmuş şəxslərin hazırladığı rəyi təqdim edib. Həmin rəyə əsasən, Alməmmədova daşınar əmlak üzrə 67 min 747 manat, daşınmaz əmlak üzrə 29 min 950 manat (cəmi 97 min 697 manat) ziyan dəyib.
O, şikayətində xitam qərarının ləğvini, təkrar ekspertizanın keçirilməsini istəyib.
Məhkəmədə dindirilən müstəntiq Camaləddin İdrisov xitam qərarının əsaslı olduğunu bildirib. O, əlavə edib ki, Alməmmədova 23 min 227 manat ödənilib.
Hakim Tural Ələkbərov müstəntiqlə razılaşmayıb və xitam qərarını ləğv edib.
"Göründüyü kimi, Məhyəddin Alməmmədovun əmlakına dəyən ziyanla bağlı iddia etdiyi məbləğlə ekspert rəyində müəyyən olunan məbləğlər arasında fərq var. Məhyəddin Alməmmədovun həmin ekspert rəyi ilə razı olmaması, həmçinin onun sağlamlığına ziyan dəyməsi kimi amillərə qiymət verilməyib, bu istiqamətdə hərəkətsizlik göstərilib", - hakim qərarında belə yazıb.
"Deyirlər ki, rəisi işdən çıxarıblar"
Alməmmədov AzadlıqRadiosuna danışır ki, məhkəmə qərarının çıxarılmasından ay yarımdan çox vaxt keçib, hələ də ekspertlər hadisə yerinə baxış keçirməyib. Onun sözlərinə görə, dəfələrlə Ekspertiza Mərkəzinə gedib, amma kimsə onu qəbul etmir: "Deyirlər ki, rəisi işdən çıxarıblar, müavin də yerində yoxdur. Ekspertlərin sayı azdır, hadisə yerinə gəlməyə işçi yoxdur. Qərarın icrası yubanır. Ödəniş olunmadığına görə mən də yanan evimi təmir eləyə bilmirəm. Halbuki, ekspertiza ilə bağlı qərar bir ay ərzində icra olunmalıydı".
Ədliyyə Nazirliyindən AzadlıqRadiosuna bildirilib ki, vətəndaş onun narazılığına səbəb olan problemlə əlaqədar nazirliyin "Qaynar Xətt"inə müraciət etsə, məsələ mütləq araşdırılıb ona cavab veriləcək.
"Sobsan"dan isə bildirilib ki, yanğınla əlaqədar bütün halları səlahiyyətli orqanlar obyektiv araşdırıb: "Səlahiyyətli orqanların yerinə nə bizim, nə də digərlərinin hansısa halları müəyyən etmək, qərar vermək səlahiyyətimiz var".