Bu il Ramazan bayramı və ya 28 May Respublika günündə əfv sərəncamının veriləcəyi ilə bağlı müəyyən gözlənti var idi.
Koronavirus pandemiyasının höküm sürdüyü bu günlərdə həbsxanalarda sıxlıq olması ilə bağlı fikirlər də belə gözləntilər yaradırdı. Hərçənd, rəsmilər də bildirirlər ki, son aylar 600-dən çox məhbus məhkəmə qərarları ilə vaxtından əvvəl azadlığa buraxılıb.
Eyni zamanda, bir sıra hüquq müdafiəçiləri hökumətə siyasi məhbus sayılan şəxslərin də əfv olunması haqqında müraciət ünvanlamışdılar. Hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Məlahət Həsənova AzadliqRadiosunun bu barədə suallarını cavablandırarkən bildirib ki, hər il Ramazan bayramında əfv sərəncamının olması barədə deyilənlər doğru deyil. O, qeyd edib ki, sadəcə, əfv fərmanları əsasən müxtəlif bayramlara təsadüf olunub.
“65 yaşdan yuxarı 176 məhbus azad olunub”
Məlahət Həsənova xatırladıb ki, bu il aprelin 6-da Prezidentin sərəncamı ilə 65 yaşdan yuxarı 176 məhbus azad olunub.
Amma o qeyd edib ki, bu hadisə hər hansı bayrama təsadüf etməyib:
“ Məsələ ondadır ki, Əfv Komissiyası daimi fəaliyyət göstərən komissiyadır, müraciətlər quruma daxil olandan sonra sektorlarda təhlil edilir. Yəni demək istəyirəm ki, əfv məsələsinin bayrama aidiyyatı yoxdur. İkinci, komissiyanın əksər tərkibi dəyişildi, yaxın vaxtlarda yenidən formalaşma olacaq”.
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov isə mart və may aylarında əfv sərəncamlarının imzalanmamasından təəssüfləndiyini bildirib. Rəsul Cəfərov aprelin 6-da imzalanan əfv sərəncamının üzərində dayanır:
“Nəticədə yaşı 65-dən yuxarı olan məhbuslar azad edildi. Görünür, hökumət belə qərara alıb ki, sərəncamlar ard-arda olmasın. Güman ki, payızda, yaxud ilin sonuna yaxın əfv sərəncamı imzalana bilər. Bütün hallarda mayda əfv sərəncamının olmamasına təəssüflənirik, halbuki, siyasi məhbusların azadlığa buraxılması müsbət addım olardı”.
“...İki addım atılmalıdır”
Rəsul Cəfərov bildirib ki, koronavirus pandemiyası hələ davam edir, bəzi ekspertlər ikinci, üçüncü dalğanın baş verəcəyini istisna etmirlər. Hüquq müdafiəçisinin fikrincə, siyasi məhbus probleminin tam həlli üçün iki addım atılmalıdır:
“Birinci, siyasi məhbus olan şəxslər azad edilməlidir. İkincisi məhkəmə-hüquq sistemində fundamental islahatlar aparılmalıdır ki, siyasi motivli həbslər olmasın. Yeri gəlmişkən, prezident yeni Baş prokuroru qəbul edərkən heç kimin siyasi mənsubiyyətinə görə təqib olunmamasını tapşırdı. Hazırda biz bu tapşırığa əməl olunub-olunmamasının müşahidəsini aparırıq”.
R.Cəfərovun deməsinə görə, may ayının əvvəlində vətəndaş cəmiyyətləri adından Baş prokuror Kamran Əliyevə müraciət ünvanlayıblar:
“Məsələ siyasi iradəyə bağlıdır”
“ Biz bu məsələləri müzakirə edib hesabatları da təqdim edə bilərik. Məqsəd problemin birdəfəlik həllindən gedir. Ancaq məsələni tam həllini indidən proqnozlaşdırmaq çətindir. Bir şey dəqiqdir ki, məsələ siyasi iradəyə bağlıdır. Siyasi məhbusların olması dövlətin və cəmiyyətin maraqlarına ziddir.”
“Azərbaycanda kimisə siyasi baxışlarına görə ittiham kürsüsünə otuzdurmurlar”
Deputat Məlahət Həsənova isə ölkədə siyasi məhbus varmı, varsa onların sayı və bu məsələnin perspektivdə həll ilə bağlı suala “Azərbaycanda kimisə siyasi baxışlarına görə ittiham kürsüsünə otuzdurmurlar” cavab verərək əlavə edib ki, elə bir adam yoxdur ki, ona “sən filan partiyanın üzvüsən, həbs edilirsən” desinlər.
“Heç kim də deməyib ki, filan şəxs YAP üzvüdür, gəlin, onu əfv edək”
Deputatın fikrincə, sadəcə olaraq, insanları törətdikləri cinayətlərə görə həbs edirlər:
“Məsələn, Yeni Azərbaycan Partiyasının ilk gündən üzvü olan insanlar vardı, korrupsiyaya, rüşvətə bulaşdıqlarına görə həbs olundular. Onların arasında Siyasi Şura üzvü, yaxud rayon partiya təşkilatının sədri olanlar da vardı ( YAP-ın rəhbərliyində olub həbs edilən şəxslər də özlərini ittiham üzrə təqsirkar saymayıblar-red). Heç kim də deməyib ki, filan şəxs YAP üzvüdür, gəlin, onu əfv edək. Cənab Prezident də bildirib ki, heç kəsin hansısa xidməti törətdiyi əməli ört-basdır edə bilməz. Yaxşı iş görübsə, lap yaxşı, bu, o demək deyil ki, bundan sonra cinayət törətməlidir. Qanunlarda da bununla bağlı heç nə yazılmayıb ki, kimsə yaxşı iş görür, sonra cinayət əməli edəndə, həbs olunmur”
“İqtidar partiyasının üzvü xalqın bir nömrəli xidmətçisi olmalıdır”
Deputatın fikrincə, əslində, hakim partiya üzvü olduğu üçün həmin şəxs daha çox məsuliyyətli olmalı və insanlara daha çox xidmət etməlidir: “Çünki iqtidar partiyasının üzvü xalqın bir nömrəli xidmətçisi olmalıdır. Hər bir YAP üzvü başqa partiya üzvlərindən daha çox məsuliyyət daşıyır. Sən hakim partiya üzvüsən, özünə hesabat verməlisən, maddi imkanları məhdud olan insanların pulunu mənimsəmək heç zaman halal ola bilməz, bunun geci-tezi var. Hakim partiya üzvləri belə hərəkətə yol veribsə, ikiqat məsuliyyət daşıyırlar, belə adamlara başqalarından fərqli olaraq daha ağır cəza verilməlidir. Çünki bu hərəkətlər hakimiyyətin adına ləkədir”
Baxmayaraq ki, 50-dən çox siyasi məhbus azad edilmişdi...
İnsan Hüquqları Klubunun rəhbəri Rəsul Cəfərov isə Azərbaycanda son illərdə siyasi məhbusların sayında ciddi azalma olmamasından təəssüflınib:
“100-dən çox siyasi motivlərlə həbs olunan şəxs var. Baxmayaraq ki, 2019-cu ilin martında imzalanan əfv sərəncamı ilə 50-dən çox siyasi məhbus azad edilmişdi. Amma sonradan Gəncə hadisələrinə ( 2018-ci ildə Gəncə şəhər İcra Hakimiyyəti başçısına qəsd və sonrakı hadisələr nəzərdə tutulur-red) görə həbs edilənlər uzun müddətli cəza aldılar. O adamların həbsi zamanı sübut edici mötəbər dəlillər ortaya qoyulmadığından onlar da siyasi məhbus siyahısına daxil olundu. Düzdür, məhkəmə qərarları nəticədə azad olunanlara rast gəlinsə də, bütün hallarda siyais məhbusların sayında kifayət qədər azalma müşahidə edilmir”
Xatırlatma
Azərbaycanın cəzaçəkmə müəssisələrində 46 məhkumda koronavirus aşkarlandığı rəsmən açıqlanıb. Ümumilikdə isə hazırkı dövrədək ölkədə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.
Ötən ilin sonunda dünyada yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 6 milyondan çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 371 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.