Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:02

Sərt karantin müddəti uzadılır: gözləntilər nədir?


Sumqayıtda xüsusi karantin rejimi
Sumqayıtda xüsusi karantin rejimi

Nazirlər Kabineti yanında Operativ Qərargah iyulun 2-də koronavirus pandemiyası ilə bağlı xüsusi karantin tədbirlərini iyulun 20-nə kimi uzatmaq barədə qərar verdi.

İyunun 21-dən elan edilmiş xüsusi karantin tədbirlərinin müddəti iyulun 5-də başa çatmalı idi. Bu tədbirlər Bakını, Gəncəni, Sumqayıtı, Masallını, Cəlilabadı, Mingəçeviri, Yevlaxı, Lənkəranı əhatə edirdi. Yeni elan edilən sərt karantin məhdudiyyətlərinin coğrafiyası daha da genişlənib. Yuxarıda adları çəkilən ərazilərdən əlavə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında da xüsusi karantin rejimi tətbiq olunacaq.

Bu sərt karantin müddətinin uzadılmasının effekti nə ola bilər, koronavirusa yoluxmanın azalmasına hansı təsirləri mümkündür?

A.Qeybulla
A.Qeybulla

A.Qeybulla: "Yanlış yanaşmadır"

Tibb elmləri doktoru, professor Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, yay vaxtı belə sərt karantin tədbirləri tətbiq etmək yanlışdır və bu fəsildə insanları evdə saxlamaq çox çətindir. Professor isti havada insanların evə qapadılmasının əsəbilik yaradacağını ehtimal edir:


"Tək qərar verməklə iş bitmir, onun nəticələrinin necəliyi əsas məsələdir".

Onun söylədiyinə görə, apreldə tətbiq olunan sərt karantin tədbirləri zamanı insanlar evdə qalmağa vərdiş edə bilmədilər, həyətlərdə toplandılar, ziyafətlər qurdular və s. Professor yada salır ki, mayda karantin tədbirlərində yumşalmalar olanda da vətəndaşların çoxu maska taxmadılar, sosial məsafə gözləmədilər, bu da yoluxma potensialı yaratdı: "Belə fonda sərt karantin tədbirləri əhəmiyyətsiz görünür. Digər tərəfdən, bu tədbirlərə nə dərəcədə əməl ediləcəyi də məlum deyil. Tədbirlər sərtləşdirilir, amma yenə də rayonlara axın var".

Baş infeksionist: "Məqsəd yoluxma sayını stabil saxlamaqdır"

Azərbaycanın Baş infeksionisti Cəlal İsayev isə "Turan"a bildirib ki, bu tədbirlərdə məqsəd yoluxma sayını stabil saxlamaq və ya müəyyən qədər aşağı salmaqdır.

C.İsayev
C.İsayev

Bundan başqa, o, bir məqama diqqət çəkir. Baş infeksionistin dediyinə görə, xəstəxanalarda yer və tibbi personal çatışmazlığı problemi var: "Dediyim məsələlərdə sıxıntı olmaması üçün bu tədbirlər mütləq vacibdir. Hesab edirəm ki, müəyyən mənada bu tədbirlər kömək edəcək".

C.İsayev hesab edir ki, maskadan istifadə, sosial məsafə gözləmək, kütləvi toplanma yerlərindən uzaq durmaq çox vacibdir.

Evdə qapanmaya gəlincə, baş infeksionist deyir ki, dincəlmək, təbiət qoynunda olmaq insanların haqqıdır: "Amma biz indi, bütün dünya kimi, pandemiyanın qızğın dövründəyik. Odur ki, karantin qaydalarına əməl olunması ən vacib məsələdir".

Xatırlatma

Azərbaycanda karantin rejimi 2020-ci ilin martından tətbiq edilib. Bu ilin mayında karantinin yumşaldılmasından sonra virusa yoluxma halları daha da artıb. İyunun əvvəlində iki həftəsonu küçəyə çıxmaq qadağası qoyulub. Amma bu yoluxma sayının azalmasına təsir etməyib. İyunun 21-dən iyulun 5-nə kimi iki həftəlik məhdudiyyətlər tətbiq edilib. Amma gündəlik yoluxma sayı 500 nəfərdən aşağı düşməyib.

İyulun 5-dən 20-dək tətbiq ediləcək iki həftəlik sərt karantin rejimi sayca ikincidir.

XS
SM
MD
LG