"Dövlət rüsumu haqqında" Qanununa dəyişikliklər layihəsinə əsasən, bir sıra rüsumlarının məbləği artırılır. Layihədə ümumilikdə dövlət rüsumları ilə bağlı 266 əməliyyat üzrə rəqəmlərə yenidən baxılır. Artıq layihə dünən, noyabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da müzakirəyə çıxarılıb.
Sənəddə sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsum 20 manatdan 40 manata qaldırılır. Avtomobillərə dövlət qeydiyyat nişanlarının verilməsinə görə rüsum isə 22 manatdan 30 manata yüksəldilir. Habelə, dərmanların dövlət qeydiyyatı 100 manatdan 150 manata, gigiyenik sertifikatı isə 15 manatdan 25 manata qalxır. Üstəlik, zərgərlik məmulatlarına dair dövlət rüsumları da 50 faizdən çox artırıla bilər. Layihəyə əsasən, həmçinin, tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə, səyyar ticarət yerlərinin müəyyən edilməsinə görə də dövlət rüsumu qaldırılır. Siyahını uzatmaq olar.
"100 milyon manatdan artıq əlavə vəsaitin…"
Maliyyə Nazirliyindən "Turan"a bildirilib ki, rüsum məbləğlərinin dəyişilməsi nəticəsində dövlət büdcəsinə 100 milyon manatdan artıq əlavə vəsaitin daxil olması nəzərdə tutulur.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev isə agentliyə deyib ki, dövlət rüsumlarının məbləğinin artması əhalinin aylıq və illik xərclərinə əhəmiyyətli dərəcədə təsir göstərməyəcək: "Düzdür, bu addım qiymətlərin artım istiqamətində dəyişməsinə gətirib çıxaracaq. Lakin bu artım çox cüzidir".
"Bununla da şəffaflıq və hesabatlılıq artacaq"
Onun sözlərinə görə, əvvəl rüsumlar Nazirlər Kabinetinin qərarı ilə, prezidentin sərəncamı ilə dəyişdirilirdi: "İndi isə bütün rüsumlar qanunla müəyyənləşəcək. Bununla da həmin məsələlər nizama salınacaq. Digər tərəfdən, bundan sonra bütün rüsumlar büdcəyə yönləndiriləcək. Bununla da şəffaflıq və hesabatlılıq artacaq. Bundan əvvəl isə rüsumların bir hissəsi büdcədənkənar fondlara gedirdi".
"Əhalini 100 milyon manat ziyana salacaq"
İqtisadçı Nemət Əliyev isə mövzu ilə bağlı AzadlıqRadiosuna bunları deyib: "Maliyyə Nazirliyi bildirib ki, rüsumların artması dövlət büdcəsinə 100 milyondan artıq vəsaitin cəlb olunmasına gətirib çıxaracaq. Dolayısı yolla bu o deməkdir ki, bu dəyişikliklər Azərbaycan əhalisini 100 milyon manat ziyana salacaq".
O xatırladıb ki, bu il benzinin, dizel yanacağının və kommunal xidmətlərin qiymətlərinin qaldırılması ilə bağlı qərarlar qəbul olunub: "Bu qərarlar əhalinin yaşayış səviyyəsini pisləşdirib, çünki inflyasiya göstəricisi əhali gəlirlərinin artım tempini üstələyib. Rəsmi əhalinin gəlirlərində 2.2 faiz artım varsa, inflyasiya səviyyəsi 5-6 faizdir. Əslində isə inflyasiya ikirəqəmlidir. Belə görüntü yaranır ki, hökumət bahalaşmanın əsas katalizatoru kimi çıxış edir".
N.Əliyevin fikrincə, hökumət bahalaşmada çox qərarlıdır: "Yaranmış tənəzzül vəziyyətindən çıxa bilmirlər. Amma bu il neft və qaz satışından gəlirlər əhəmiyyətli dərəcədə artıb və bu artan gəlirlər hesabına ölkədə çatışmazlıqları, xərc yüklərini qarşılamaq olardı".
"Vergilər ilə 2 milyard manat artım planlaşdırılıb"
İqtisadçı hesab edir ki, ilin sonuna qədər hökumət yeni bahalaşma istiqamətində təşəbbüslərlə çıxış edəcək: "Dövlət büdcəsində Vergilər Xidməti xətti ilə 2 milyard manata yaxın artım planlaşdırılıb. Həmin vəsaiti hökumət iqtisadi fəallığının təşviqi hesabına yox, rüsumları, vergiləri artırmaqla təmin etmək istəyir".