Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində baş vermiş hadisə ilə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.
H.Hacıyev deyib: "Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dövlət sərhədinin Dağıstan istiqamətində Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı təəssüfümüzü bildiririk. Ümumiyyətlə, COVID-19 qlobal pandemiyası səbəbindən 2020-ci ilin mart ayının ortalarından etibarən ölkəmizin quru sərhədləri və xüsusi çarter reysləri vasitəsilə 20 min nəfərdən artıq Azərbaycan vətəndaşının ölkəmizə geri qayıdışı təmin edilib".
O, əlavə edib ki, 2020-ci ilin mart ayının sonu, aprel ayının əvvəlindən etibarən "Samur" sərhəd buraxılış məntəqəsi və beynəlxalq hava limanları vasitəsilə 2 min 976 nəfər Azərbaycan vətəndaşının Rusiyadan geri qayıdışı təmin olunub: "Rusiya Federasiyası ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəmizdəki xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq xüsusi vaxt qrafiki çərçivəsində və qeydiyyat əsasında ölkəmizə geri qayıdışının təmin edilməsi üçün "Evə gedirəm" adlı portal yaradılıb. Azərbaycan və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur".
H.Hacıyevin sözlərinə görə, həftəlik qrafik çərçivəsində 19 mayda 120, 26 mayda 131, 2 iyunda 122, 9 iyunda 130 nəfər vətəndaş "Samur" sərhəd buraxılış məntəqəsindən Azərbaycan ərazisinə keçib:
"Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır"
"Bu qrafik üzrə bu gün 150 nəfərdən artıq vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin, bu həftə "Evə gedirəm" portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub. Vətəndaşların ölkəyə geri dönməsi zamanı, ilk növbədə, üstünlük yaşlılara, xəstələrə, qadınlara, uşaqlara, ailələrə verilir və Azərbaycanda karantin üçün ayrılmış məntəqələrin qəbuletmə imkanları nəzərə alınır".
H.Hacıyev sonda da deyib: ""Samur" sərhəd keçid məntəqəsi ətrafına toplaşan vətəndaşlarımız müəyyən edilmiş qaydalara riayət etməli, növbəlilik prinsiplərini pozmamalı və aidiyyəti dövlət qurumlarının öz fəaliyyətlərini həyata keçirmələrinə mane olmamalıdırlar. Mövcud durumda vətəndaşlarımızı anlayış göstərməyə çağırırıq".
XİN-dən Rusiya-Azərbaycan sərhədində olanlara münasibət
Xarici İşlər Nazirliyinin mətbuat xidməti rəhbəri Leyla Abdullayeva iyunun 15-də gecə saarlarında Rusiya-Azərbaycan sərhədində baş verən hadisəyə münasibət bildirib.
XİN sözçüsü vurğulayıb ki, nazirlik dəfələrlə vətəndaşlara müraciət edərək ölkəyə geri dönüşün qeydiyyat əsasında həyata keçirildiyini qeyd ediblər:
“… Yaşlılar, xəstələr, qadınlar və həssas kateqoriyaya daxil olan digər vətəndaşlarımızın prioritet təşkil etdiyini, geri dönüşün ölkəmizdəki karantin yerlərinin qəbuletmə imkanları ilə bilavasitə əlaqəli olduğunu qeyd etmişik. Sərhəd keçid məntəqəsinə toplaşmağın çıxış yolu olmadığı və mövcud vəziyyətdə anlayış göstərmələrini israrla xahiş etmişik".
Leyla Abdullayeva bildirib ki, vətəndaşların geri dönüşü ilə bağlı iki ölkə arasında bütün səviyyələrdə əldə edilən qarşılıqlı razılaşma həyata keçirilir və müvafiq qurumlar arasında əlaqələndirmə çərçivəsində vətəndaşların gətirilməsi davam etdirilir:
"Bu gün də (iyunun 16-da) sərhəd keçid məntəqəsindən növbəti qrup vətəndaşımızın ölkəyə keçidi təmin olunub. Vətəndaşlarımıza müraciət edərək maksimum anlayış göstərməyə və olduqları ölkənin qanunvericiliyinə riayət etməyə çağırırıq".
Rusiya sərhədində aksiya. Polisin atəş açdığı bildirilir
Rusiyanın Azərbaycanla sərhədində aylardır ölkələrinə qayıtmaq üçün gözləyən bir neçə yüz Azərbaycan vətəndaşı iyunun 15-də axşam saatlarında Dağıstanın Kullar qəsəbəsində sərhəddən buraxılmaları tələbi ilə etiraz aksiyası keçiriblər.
Bu barədə AzadlıqRadiosuna sərhəddə gözləyən Azərbaycan vətəndaşları məlumat verib.
Adının çəkilməsini istəməyən bir Azərbaycan vətəndaşının sözlərinə görə, vəziyyət iyunun 16-da Azərbaycana buraxılacağı gözlənən 120 nəfərin siyahısı məlum olduqdan sonra gərginləşib.
"Danışırdılar ki, pul verib siyahıya düşürlər"
"Hər həftənin 2-ci günü 120 nəfər Azərbaycana buraxılır. Amma siyahı hazırlananda ədalətsizlik olur. 2 ay, 2 aydan çox gözləyən var, siyahıya düşməyib. Mən özüm də 2 aydır gözləyirəm. Hətta əvvəl danışırdılar ki, pul verib siyahıya düşürlər", - o qeyd edib.
Həmin şəxs daha sonra da əlavə edib: "Biz hamımız vətənə qayıtmaq istəyirik. İstəyirik ki, Azərbaycan dövləti vətəndaşlarına sahib çıxsın. Biz burada çox ağır durumda yaşayırıq".
Onun deməsinə görə, Azərbaycan vətəndaşları sərhədə doğru yürüş etmək istəyiblər, bu zaman əraziyə polis qüvvələri yeridilib. Polis qüvvələrinin havaya atəş açdığı, gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edildiyi bildirilir.
Həmin şəxsin dediyinə görə, xəsarət alanlar və saxlanılanlar var: "70-dən çox şəxs saxlanıb. İki avtobusa doldurub apardılar. Xəsarət alanlar var...".
Onun bildirməsinə görə, etiraz aksiyasının iştirakçıları da polisə daş, əşyalar atıblar, bundan sonra vəziyyət bir qədər də gərginləşib.
Azərbaycan rəsmiləri, hələlik, susur
Bütün bu deyilənləri, hələlik, Rusiyanın hüquq-mühafizə orqanlarından dəqiqləşdirmək və onlara Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.
Son aylar Rusiyaya işləməyə getmiş yüzlərcə Azərbaycan vətəndaşının Dağıstana toplaşaraq ölkələrinə dönmək istədikləri bildirilir.
Onlardan yalnız bir hissəsi mərhələli şəkildə Azərbaycana keçə bilib. Sərhəddən verilən məlumata görə, bir hissə geri qayıtsa da, hələ də yüzlərcə insan aylardır vətənlərinə qayıtmaq üçün orada gözləməkdədirlər.
Bundan əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən bildirmişdilər ki, xaricdə olan Azərbaycan vətəndaşları "Evə gedirəm" portalı vasitəsilə qeydiyyata düşməklə mərhələli şəkildə ölkələrinə gələ bilərlər. Bu portal aprelin 18-dən fəaliyyətə başlayıb.
Azərbaycan rəsmiləri vurğulamışdılar ki, sərhəddə toplaşıb gözləmək çıxış yolu deyil.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantindir. Aprelin əvvəllərindən isə ölkəyə giriş-çıxış dayandırılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 8 milyon 134 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 439 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 10 min 324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 122 nəfər vəfat edib.