Milli Qəhrəman-general Rövşən Əkbərov 10 il azadlıqdan məhrum edilib. Oktyabrın 27-də Bakı Hərbi Məhkəməsinin çıxardığı hökmdə onun zərərçəkmişin ailəsinə 40 min manat təzminat ödəməsi nəzərdə tutulub.
Əkbərov 20 il öncə Kiyevdə azərbaycanlı işadamı Elçin Əliyevi qətlə yetirməkdə təqsirli bilinib. Hərçənd, general ittihamı qəbul etmir. Hökmdən öncə son sözündə də bu ölüm işinə qətiyyən aidiyyəti olmadığını deyib.
Cinayət işinin materiallarında Əkbərovun Əliyevi 2001-ci il mayın 31-dən 1-nə keçən gecə Kiyevdə kafedə mübahisə zəminində öldürdüyü iddia olunur. General isə deyir ki, həmin gecə, ümumiyyətlə, o kafedə olmayıb.
"Mən həmin vaxt Kiyevdə kirayə qaldığım evdə ailə üzvlərimlə birlikdə olmuşam. Ertəsi gün hadisəni səfirlikdə eşitmişəm. Elçin Əliyevi cəmi iki dəfə görmüşdüm. Hadisə vaxtı onun yanında olmuş Məzahir Şıxəliyevi isə, ümumiyyətlə, tanımıram", - təqsirləndirilən Əkbərov son sözündə belə deyib.
O, çıxışının sonunda bəraət hökmü çıxarılmasını istəyib.
Xatırlatma
General Əkbərov 2021-ci il martın 15-dən həbsdədir. Onun ittiham olunduğu qətl və xuliqanlıq hadisələri isə 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə baş verib.
Cinayət işinin materiallarında yazılıb ki, gecə saatlarında "Sikora" kafesində yeyib-içəndən sonra Əkbərovla Əliyev arasında mübahisə yaranıb. Onlar kafedən çıxıb mübahisəni davam etdiriblər. Bu zaman general üstündəki hərbi bıçaqla onun ürək nahiyəsinə zərbə endirib.
Ukrayna prokurorluğu hələ 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29-yaşlı Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazırdı. Həmin sübutlar da daxil olmaqla, cinayət işinin materialları istintaqın davam etdirilməsi üçün Azərbaycana göndərilmişdi. İş əvvəlcə Hərbi Prokurorluqda, daha sonra Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində araşdırılsa da, bir müddət sonra icraat dayandırılmışdı.
1965-ci il təvəllüdlü Rövşən Əkbərov 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. O, 2020-ci ilin noyabrında ehtiyata buraxılıb.