"Haqsız rəqabət haqqında" Qanuna dəyişikliklər gözlənir. Bu və daha bir neçə qanunun yenidən təhlili Mili Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planına salınıb. 2006-cı ildə parlamentə təqdim edilən Rəqabət Məcəlləsinin müzakirəsindən isə xəbər yoxdur.
"Haqsız rəqabət haqqında" Qanun 1995-ci ildə qəbul olunub, sonrakı illərdə sənədə bir neçə dəfə əlavə və dəyişikliklər edilib. Qanun haqsız rəqabətin qarşısının alınması və aradan qaldırılmasının təşkilati-hüquqi əsaslarını müəyyən edir, sahibkarlıq fəaliyyətinin ədalətli üsullarla aparılmasına hüquqi zəmin yaradır, bazar subyektlərinin haqsız rəqabət metodlarından istifadəyə görə məsuliyyətini nəzərdə tutur. Bu sənəd Ələt Azad İqtisadi Zonası istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən bütün bazar subyektlərinə şamil edilir.
"Monopoliyanın nəticəsidir"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, "Haqsız rəqabət haqqında" Qanunun müzakirəsi artıq illərdir davam edir: "Lakin son bir il bu, xüsusi aktuallıq qazanıb. Çünki bazar qanunları, bazar sistemi fəaliyyət göstərən yerdə süni qiymət artımı, haqsız rəqabət ola bilməz".
Deputat qeyd edib ki, haqsız rəqabət monopoliyanın nəticəsidir: "Kartel və digər sövdələşmə qiymətlərini diktə edən monopoliyanın müxtəlif formalarını yaradır. "Haqsız rəqabət haqqında" Qanun da bütün bu hərəkətlərin nəinki qanunsuz, həm də mümkünsüz olmasına yönləndiriləcək. Deputatlar azad qiymətlər formalaşdırılan, azad rəqabətin olduğu sistemi təklif edir".
"Məmurların başı ağrımasın deyə, …"
İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, birinci növbədə Azərbaycanda Rəqabət Məcəlləsi qəbul olunmalıdır: "Sonra da digər qanunvericilik aktları ona uyğunlaşdırılmalıdır".
O deyir ki, illərdir Rəqabət Məcəlləsinin qəbul olunması ilə bağlı ciddi müqavimət var: "Görünən odur ki, Azərbaycanda biznesi nəzarətdə saxlayan məmurların başı ağrımasın deyə, Rəqabət Məcəlləsinin qəbulu uzun illərdir gecikdirilir".
N.Cəfərlinin sözlərinə görə, Rəqabət Məcəlləsi olmadan haqsız rəqabətlə bağlı heç bir qanunvericilik aktı işləməyəcək: "Qanunvericilik aktlarında haqsız rəqabətlə bağlı maddələr var idi və bu günə qədər işləmirdisə, bundan sonra da işləməsi çox çətin görünür. Çünki onun fundamenti yoxdur. Ölkədə rəqabətsizlik mühiti var və onu yaradan səbəblər aradan qaldırılmadan hansısa qanunvericiliyə kiçik dəyişiklik etməklə nəyisə dəyişmək mümkün deyil".
İqtisadçı xatırladır ki, bu problemin səbəblərindən biri biznesin məmurlara bağlı olmasıdır: "Məmurlar biznesdən qoparılmalıdır. Bizdə böyük və orta şirkətlərin böyük əksəriyyəti məmurlara bağlıdır və həmin biznes keyfiyyətə, gördüyü işə görə yox, məmura bağlı olduğuna görə inkişaf edir. Məmurların kreslosu onu müxtəlif problemlərdən qoruyur".
Onun fikrincə, digər səbəb isə müstəqil məhkəmə sisteminin olmamasıdır. Hərçənd, rəsmilər ölkədə müstəqil məhkəmələrin olmaması ilə bağlı fikirləri bölüşmürlər.