Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:34

Mərhum deputatın xanımı: 'Onu qardaşının əməllərinə görə həbs etmişdilər'


Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov

Həbsdə vəfat edən keçmiş deputat Rəfael Cəbrayılovun həyat yoldaşı Aidə Cəbrayılova onun məhkəməsində hüquqi varisi qismində tanınıb. Sabiq deputatın işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsində onu həyat yoldaşı təmsil edəcək.

Noyabrın 18-də məhkəmədə Cəbrayılova deyib ki, mərhum ərinin işi üzrə zərərçəkmiş qismində tanınan şəxslər əslində qaynı Elşən Cəbrayılovdan şikayətçi olublar. Amma istintaq orqanı bunları nəzərə almayıb, qardaşının əvəzinə Rəfael Cəbrayılovu məsuliyyətə cəlb ediblər: "Həyat yoldaşım Baş prokuror Kamran Əliyevə məktubunda da yazmışdı ki, cinayət işindəki faktları qardaşı Elşən Cəbrayılov törədib. Xahiş edirik ki, məhkəmə bunları nəzərə alsın".

Zərərçəkmiş tərəfin nümayəndəsi Kamandar Nəsibov isə cinayət işinin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib. Vəkil bildirib ki, mərhum təqsirləndirilən şəxsin qardaşı Elşən Cəbrayılov da məsuliyyətə cəlb olunmalıdır: "Rəfael müəllim dəfələrlə şəxsən mənə də deyib ki, zərərçəkənlərdən alınan pulların əksəriyyəti Elşəndədir. Elşən Cəbrayılovun əmlaklarının çoxu isə xaricdədir".

Elşən Cəbrayılovun iddialara münasibəti bəlli deyil.

Mərhum deputatın xanımı ifadə vermək üçün məhkəmədən vaxt istəyib. Ona dekabrın 2-nə qədər vaxt verilib.

Xatırlatma

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu. Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: "Özümü qətiyyən təqsirli bilmirəm...".

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisiylə məşğul olan "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.

Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib.

Qanuna görə, haqqında qanuni qüvvəyə minməmiş şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır. Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir. Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.

XS
SM
MD
LG