Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 13:27

Rəfael Cəbrayılovun qardaşı azadlığa buraxılıb


Rəfael Cəbrayılov
Rəfael Cəbrayılov

Nərimanov rayon Məhkəməsində Elşən Cəbrayılovun istintaq dövründə həbsdə saxlanması üçün prokurorluğun təqdimatına baxılıb.

4 saata yaxın davam edən məhkəmə prosesindən sonra axşam saat 20.00 radələrində Cəbrayılov azadlığa buraxılıb.

Məhkəmə onun haqqında həbs qətimkan tədbirinin seçilməsi üçün yetərincə əsas olmadığı qənaətinə gəlib.

Prokurorluq qərardan narazı qalıb və apellyasiya protesti verəcək.

Bundan əvvəl verilən xəbərdə deyilirdi ki, həbsdə vəfat edən keçmiş deputat Rəfael Cəbrayılovun qardaşı, "Dərhal" tikinti şirkətinin rəhbəri Elşən Cəbrayılov saxlanıb. Onun müxtəlif vətəndaşların şikayətləri əsasında aprelin 11-də saxlandığı bildirilir. Cəbrayılovla bağlı araşdırmalar Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılır. Ona qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Vəsatətlər təmin olunmurdu

Cəbrayılovun saxlanması Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də AzadlıqRadiosuna təsdiqlənib. Aprelin 13-də Nərimanov rayon Məhkəməsində istintaq dövründə onun həbsdə saxlanması haqda təqdimata baxılacaq.

Mərhum deputatla bağlı cinayət işində də qardaşının adı hallanırdı. Ölümündən öncə məhkəmədə ittihamlara qısa şəkildə münasibət bildirərkən özü də qardaşını ittiham etmiş, onun üzündən həbsdə olduğunu bildirmişdi. Vəfatından sonra hüquqi varisi qismində tanınan həyat yoldaşı da ərinin həbsinə görə qaynı Elşən Cəbrayılovu suçlayaraq onun cinayət məsuliyyətinə cəlb edilməsi haqda vəsatət qaldırmışdı. Lakin vəsatət təmin olunmamışdı.

"Pullar yavaş-yavaş yoxa çıxmağa başladı"

Qardaşının işi üzrə məhkəmədə şahid qismində dindirilən Cəbrayılov isə ünvanına səslənən ittihamlarla razılaşmayıb. "Dərhal" MMC-dən mənzil, qeyri-yaşayış sahəsi almaq üçün pul verdiyini, lakin nə əmlak aldığını, nə də pulun geri qaytarıldığını iddia edən zərərçəkmişlərlə bağlı məsələyə münasibət bildirərkən deyib ki, şirkətin rəsmi rəhbəri o, olsa da, idarəçilik qardaşında idi: "Böyük qardaşımız, ata əvəzi idi. Rafael Cəbrayılov sələm işinə qurşandı. Nə qədər adamdan sələmlə pul götürmüşdü, ortada da heç nə yox idi. Pullar yavaş-yavaş yoxa çıxmağa başladı. 15 illik zəhmətimiz heç oldu. Əlimizdə qalan axırıncı obyekti də ona verdim. Çox vaxt səhv qərarlar verirdi. Münasibətlərimiz o həddə pisləşdi ki, 2017-ci ildə onunla akt bağladıq. Bundan sonra pul istəməyəcəyi, şər atmayacağı və başqa tələbləri olmayacağı haqda akt idi. Buna məcbur olduq...".

Lakin məhkəmədə zərərçəkmişlərin bir neçəsi və onların vəkilləri Elşən Cəbrayılovu ittiham edir, onun məsuliyyətə cəlb olunmasını istəyirdilər.

Xatırlatma

Milli Məclisin III, IV və V çağırış deputatı olmuş Rəfael Cəbrayılov CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunurdu.

Məhkəmədə ittihama münasibət bildirən Cəbrayılov onunla razılaşmadığını demişdi: "Özümü qətiyyən təqsirli bilmirəm...".

2019-cu ildə Cəbrayılovun 300 min dollar borca görə III və IV çağırış Milli Məclisin deputatı vəsiqələrini girov qoyması məsələsi üzə çıxandan sonra o, mandatdan məhrum olunması üçün parlamentə müraciət etmişdi. 2019-cu ilin sentyabrında MSK onun mandatdan məhrum edilməsi haqda qərar çıxarmışdı.

Cinayət işi üzrə 11 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında çoxmərtəbəli binaların tikintisi ilə məşğul olan "Şərur" MTK-nın rəhbəri İsfəndiyar Axundov, lombard sahibi Məlahət Qurbanova və digərləri var. 11 nəfərin ümumilikdə 2 milyon 571 min manatının ələ keçirildiyi iddia olunur.

Cəbrayılov sentyabrın 30-da koronavirusdan müalicə olunduğu "Yeni Klinika"da vəfat edib. Lakin onun işi üzrə məhkəmə araşdırmaları davam edir. Qanuna görə, haqqında qanuni qüvvəyə minməmiş şəxs həbsdə öləndə cinayət işi üzrə yaxın qohumlarından biri hüquqi varis kimi tanınır. Ölmüş şəxs özünü təqsirli bilməyibsə, yaxud hüquqi varis onun təqsirsizliyində israrlıdırsa, məhkəmə araşdırmaları davam edir. Sonda onun haqqında ya ittiham, ya da bəraət hökmü çıxarılır. Şəxs təqsirli bilinsə, ona cəza təyin olunur, lakin ölümü ilə əlaqədar cinayət işinə xitam verilir.

XS
SM
MD
LG