Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:44

Qiyas İbrahimov 50 manat cərimələnib


Q.İbrahimov Bakıda yaşadığı evin damında banner asıb.
Q.İbrahimov Bakıda yaşadığı evin damında banner asıb.

Bu gün, iyunun 10-da Nizami Rayon Məhkəməsi gənc fəal Qiyas İbrahimovun 50 manat cərimə olunmasına dair qərar çıxarıb.

Q.İbrahimov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli sayılıb.

Qiyas İbrahimov məhkəmə qərarını ədalətsiz adlandırıb:

"Hökümət mənə koronavirus pandemiyası ilə bağlı, iki aya görə, 380 manat verib. İndi da yavaş-yavaş bu pulu məndən almaq niyyətindədir. Təhsil Nazirliyinin qarşısında (iyunun 1-də,yay imtahan sessiyası və təhsil haqqının ləğvi tələbi ilə keçirilib) tutuldum 200 manat cərimələndim, indi isə əlavə 50 manat", deyə o qeyd edib.

Koronavirus pandemiyası ilə bağlı hökumət Azərbaycanda işsiz və karantin dövründə işini itirən 600 min şəxsə aprel, may aylarında 190 manat yardım verdiyini açıqlayıb.Azərbaycanda martin 24-də karantin elan edilib.

Qiyas İbrahimov sərbəst buraxılıb

Bu gün, iyunun 10-da səhər saatlarında gənc fəal Qiyas İbrahimov sərbəst buraxılıb.

Bunu AzadlıqRadiosuna onun anası Şura Əmiraslanova bildirib. Anasının sözlərinə görə, bu gün, iyunun 10-da Q.İbrahimovun Nizami Rayon Məhkəməsində prosesi gözlənir.

Bir qədər əvvəl Q.İbrahimovun vəkili Elçin Sadıqov da demişdi ki, onun məhkəməsi olmalıdır. "Qiyası İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsini pozmaqda təqsirli bilirlər", - vəkil qeyd etmişdi.

Sözügedən maddə ilə şəxsə 50-100 manat cərimə, ya da 15 sutka həbsə qədər cəza verilə bilər.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirmişdi ki, Q.İbrahimov dünən, iyunun 9-da yaşadığı binanın üstünə çıxdıqdan sonra polislərə intihar edəcəyini deyib. Gənc fəal bu gün sərbəst buraxıldıqdan sonra isə bu deyilənlərə münasibət bildirərək vurğulayıb ki, aksiya zamanı heç də intihar etmək niyyətində olmayıb.

'Yalnız saxlanılanda fiziki təzyiqlə üzləşdim…'

Qiyas İbrahimov daha sonra da deyib: "Yazıblar ki, xırda xuliqanlıq etmişəm. Lakin bu, etiraz aksiya idi".

Gənc fəal vurğulayıb ki, aksiyasında məqsədi Dadaş Bünyadzadə küçəsində yaşayan sakinlərə qarşı baş verənlərə etiraz etmək olub: "Bunu etməyə bilməzdim. Yayılmış videolar hətta apolitik insanları çox sarsıdıb və mən susa bilməzdim. Etdiyim aksiyanı böyük bir şey hesab etmirəm, amma, heç olmasa, minimumu etməli idim".

Q.İbrahimov qeyd edib ki, onu intihar etmək istəyən şəxs kimi qələmə vermək istəyiblər, lakin özü bununla razılaşmır: "Dünən, iyunun 9-da polisdə də izahatda yazdırmağa çalışdılar ki, mən intihara cəhd etmişəm. Amma bu, həqiqətəuyğun deyil və mən "özümü atacam" sözünü deməmişdim, bu videoda da görünür. Mən niyə intihar etməliyəm ki? Əslində, aksiya zamanı da demişəm ki, mənim üçün təhlükə törədirsiniz, aksiyamı bitirib normal şəkildə sizinlə gələcəm. Amma onlar belə bir şou göstərdilər".

Q.İbrahimov vurğulayıb ki, saxlanma zamanı xırda xəsarətlər alsa da, polis bölməsində ona qarşı rəftar normal olub: "Yalnız saxlananda fiziki təzyiqlə üzləşdim, bu, videoda da görünür və həmin zaman kiçik xəsarətlər almışam".

Gənc fəalın bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Qiyas İbrahimov hakim önünə çıxarıla bilər

Bu gün, iyunun 9-da etiraz aksiyası keçirən gənc fəal Qiyas İbrahimov barəsində araşdırma aparılır.

Bunu “Turan”agentliyinə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, Qiyas İbrahimov yaşadığı evin damına çıxaraq qanunsuz çağırışlar edib:

"Polis əməkdaşlarının ona yaxınlaşacağı təqdirdə intihar edəcəyini bildirib. İntihara meyilli olan şəxs polis əməkdaşlarının təxirəsalınmaz səyi və operativliyi nəticəsində xilas olunaraq, ərazi üzrə polis bölməsinə gətirilib. Hazırda Qiyas İbrahimov barəsində araşdırmalar aparılır. Əmələ hüquqi qiymət verilməsi üçün onun barəsində toplanmış materiallar rayon məhkəməsinə göndəriləcək".

Nizami Rayon 25-ci polis bölməsinin yanında toplaşmış fəalların sözlərinə görə, Qiyas İbrahimov bu, bölmədən çıxarılaraq naməlum istiqamətinə aparılıb.

***

İyunun 9-da gənc fəal Qiyas İbrahimov Bakıda yaşadığı evin damında "Bəsdir əyildin, susma, sən də din" banneri asaraq fərdi etiraz aksiyası keçirib.

Q.İbrahimovun sözlərinə görə, aksiyanın səbəbi dünən, iyunun 8-də Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsindəki binaların birində yaşayan sakinlərin həbsi ilə bağlıdır: "Plakat asmağımın səbəbi Bünyadzadə küçəsində yaşayan sakinlərə qarşı polis hərəkətinə etirazdır. Fikirləşdim ki, əgər biz artıq öz evimizdə təhlükəsizlikdə deyiliksə, etiraz üçün öz evimiz bəs edir…".

Əraziyə cəlb olunmuş polis əməkdaşları asılmış plakatı götürüblər, Q.İbrahimov isə saxlanıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Dadaş Bünyadzadə küçəsində nə baş vermişdi

İyunun 8-i səhər saatlarında çoxsaylı polis qüvvələri Bakının Yasamal rayonundakı Dadaş Bünyadzadə küçəsi, 13 saylı çoxmərtəbəli binada əməliyyat keçirib. Binanın sakinlərindən saxlananlar olub. Əməliyyatla bağlı sosial şəbəkələrdə videolar da yayılıb. Həmin videolarda polisin bəzi şəxsləri yarıçılpaq vəziyyətdə apardığı görünür.

Daxili İşlər Nazirliyi (DİN) də Yasamal rayonunda baş verən insidentlə bağlı açıqlama yayıb. Açıqlamaya görə, iyunun 7-də sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Yasamal rayonu ərazisindəki yaşayış binalarından birinin həyətində karantin rejimi qaydalarını pozan şəxsi saxlayıb. DİN-in qeyd etməsinə görə, o zaman həmin binada yaşayan bir qrup sakin mənzillərinin eyvan və pəncərələrindən polis əməkdaşlarının üzərinə müxtəlif əşyalar ataraq onların ünvanına təhqiredici ifadələr səsləndiriblər.

İyunun 8-də keçirilən əməliyyat da bununla izah edilir. DİN ümumilikdə 11 nəfərin saxlandığını açıqlayıb. Sonradan onlardan biri sərbəst buraxılıb.

Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimdir. İyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 6:00-a qədər (həftəsonu, şənbə və bazar günləri) küçəyə çıxmaq yasağı tətbiq edilmişdi.

Xatırlatma

Q.İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanmışdı. Rəsmi qurumlar onları narkotikdə ittiham edirdi. Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib. Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onların keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs olunduqları bildirilirdi.

Onların hər ikisi 2019-cu il martın 16-da imzalanan əfv sərəncamı ilə azadlığa buraxılıb.

XS
SM
MD
LG