Dekabrın 2-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını elan edəcək. "Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı" məhkəmə işi qeyri-hökumət təşkilatlarının (QHT) qeydiyyatı ilə bağlıdır.
Seçki Monitorinq Mərkəzi (SMM) 2008-ci ilin fevralında dövlət qeydiyyatına alınıb. Amma az sonra Ədliyyə Nazirliyinin məhkəməyə müraciəti əsasında onun qeydiyyatı ləğv edilib. Nazirlik SMM-in qeydiyyatının ləğvi barədə iddiasını təşkilatın təsis sənədlərində təsisçilər barəsindəki məlumatların qeyri-müəyyən olması və başqa bu kimi səbəblərlə izah edib. 2014-cü ildən də bir sıra QHT-lərlə bağlı cinayət işi açılıb. Onların maliyyə fəaliyyəti yoxlanılıb, bir çoxunun bank hesabına həbs qoyulub. Ötən ildən isə bu sahədə yumşalmadan bəhs edilir, prezidentin köməkçisi Hikmət Hacıyev ilə bu sektorun təmsilçilərinin görüşü olur.
Ədliyyə Nazirliyindən "Turan"a bildirilib ki, bu ilin altı ayı ərzində 76 qeyri-kommersiya qurumu dövlət qeydiyyatına alınıb və ümumilikdə dövlət qeydiyyatına alınan qeyri-kommersiya qurumlarının sayı 4 min 766-ya çatıb: "Bu qurumların 3 min 332-si ictimai birlik, 209-u fondlar, 56-sı siyasi partiya, 1 min 169-u isə digər qeyri-kommersiya qurumlarıdır".
"Qanunun tələblərini yerinə yetirməlidirlər"
Qurumdan qeyd olunub ki, QHT-lərin qeydiyyatı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyesteri haqqında" qanunlarla tənzimlənir: "Qanunvericiliyə görə, qeyri-hökumət təşkilatlarının təsis sənədlərində uyğunsuzluq aşkar edildikdə 30 gün müddətində onun qanunvericiliyə uyğunlaşdırılması tələb edilir. Yəni qeyri-hökumət təşkilatları onların sənədlərində hər hansı problem olarsa, qanunun tələblərini yerinə yetirməlidirlər".
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova isə bildirib ki, QHT-lərin qeydiyyatı prosesi ilə bağlı bütün təkliflər hökumətə verilib: "Biz təklif etdik ki, qeydiyyatı çox asanlaşdırmaq lazımdır. Amma proses onu göstərir ki, Milli Məclisdə bunun müzakirəsi mümkün deyil, çünki onlar artıq qış sessiyasına ayrılacaqlar. Bunun yeganə yolu ondan ibarətdir ki, Nazirlər Kabineti qeydiyyat qaydalarını dəyişsin".
"Siyasi qərar yoxdursa…"
Onun sözlərinə görə, qanunvericilikdə QHT-lərin qeydiyyatdan keçmə prosesi ilə bağlı qadağaedici məqamlar yoxdur: "Qadağanedici məqamlar icra prosesində yaranır. Çox təəssüf ki, qeyri-hökumət təşkilatının qeydiyyatdan keçməsi ilə bağlı siyasi qərar yoxdursa, onların sənədləri ilə bağlı süni süründürməçilik edilir. Eyni zamanda da, bəzi toplumda müstəqil kimi qəbul edilən şəxslərin QHT-ləri qeydiyyatdan keçib".
G.Səfərovanın fikrincə, hələ də müstəqil QHT-lərin qeydiyyat prosesində süni maneələr törədilir: "Bu, tək qeydiyyat ilə bağlı deyil, həm də bildirişlərin verilməsi, xarici təşkilatların Azərbaycanda qeydiyyatı ilə də bağlıdır. Lakin hazırda hökumət orqanları ilə müzakirələr gedir ki, Nazirlər Kabineti yeni yumşaldıcı xarakterli qərarlar qəbul edəcək. Amma biz faktiki bu qərarları görmürük".
O vurğulayıb ki, bu, siyasi iradəyə bağlı olan məsələdir: "Çox təəssüf, məsələ elə bir səviyyəyə gəlib çatıb ki, konkret siyasi iradəyə bağlıdır - vətəndaş cəmiyyətinin inkişafında, yaxud da var olmasında hökumət maraqlıdır, yoxsa yox? Əgər birdəfəlik qərar verilsə ki, bəli, biz vətəndaş cəmiyyətinin inkişafında maraqlıyıq, indiki qanunla da işləmək olar".
"Müzakirə səviyyəsində qalıb"
Hüquqşünas Xalid Ağalıyev isə AzadlıqRadiosuna bildirib ki, QHT-lərin qeydiyyatı ilə bağlı vəziyyət 10 il əvvəl necə problemli idisə, hazırda da o cür qalır: "Məsələn, 10 təşkilat qeydiyyat üçün müraciət edirdisə, onlardan ikisi qeydiyyata alınırdı, digərlərin isə problemi aradan qalxmırdı. Bu problemli vəziyyəti indi AİHM-də baxılan şikayətlər də göstərir".
Ekspertin sözlərinə görə, son üç-dörd ildə bununla bağlı ciddi dəyişiklik yoxdur: "2016-cı və 2017-cı illərdə hökumət hüquqi şəxslərin qeydiyyatı ilə bağlı qanunvericiliyə dəyişikliklər təklifi hazırlamışdı və bildirirdilər ki, QHT-lərin qeydiyyatı da, ola bilsin, onlayn qaydada mümkün olsun. Lakin bu, müzakirə səviyyəsində qalıb".
Yazıda səslənən fikirlərə, Prezident Administrasiyası və Nazirlər Kabinetindən münasibət almaq mümkün olmayıb.