Bu gün, iyunun 7-də Ermənistanın müvəqqəti baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfər edir. Rusiya mətbuatının məlumatına görə, N.Paşinyan Moskvada bu ölkənin prezidenti Vladimir Putinlə görüşəcək. Görüşdə Rusiya-Ermənistan strateji əməkdaşlığına dair məsələlərin, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanan üçtərəfli bəyanatların icrası vəziyyətinin müzakirəsi gözlənir.
Ermənistanın bəzi media orqanlarının məlumatına görə isə, görüşdə bu ölkənin Azərbaycanla sərhədində Rusiya hərbçilərinin yerləşdirilməsi məsələsinin müzakirəsi də nəzərdə tutulur.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov "Turan"a bildirib ki, Paşinyan-Putin görüşü Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra baş verir və bu baxımından, bəzi nəticələrə gəlmək mümkündür: "Bu görüşdə ilk növbədə regiondakı vəziyyət və postmüharibə dövrünün reallıqları ilə bağlı məsələlər müzakirə oluna bilər. Xüsusilə də 2020-ci il noyabrın 10-da imzalanan məlum bəyanatın icrası əsasında fikir mübadiləsinin aparılacağı istisna deyil".
"Üçtərəfli komissiyanın gücləndirilməsi..."
Komitə üzvünün fikrincə, söhbət 10 noyabr və 11 yanvar bəyanatlarının icrasından gedir: "Burada söhbət Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının bərpasından gedir. Ermənistanda seçkilər öncəsi revanşist ritorikası xeyli dərəcədə kəskinləşmişdi. Bunun fonunda da birgə üçtərəfli komissiyanın (Azərbaycan-Rusiya-Ermənistan) fəaliyyəti iflic vəziyyətinə düşmüşdü. Amma indi həmin üçtərəfli komissiyanın fəaliyyətinin gücləndirilməsi məsələsi gündəmdə olacaq".
E.Nəsirov hesab edir ki, bütövlükdə əməkdaşlıq mühiti ilə bağlı məsələlərin müzakirə olunacağı istisna deyil: "Yəqin ki, burada Zəngəzur dəhlizi ilə bağlı məsələnin müzakirə olunacağı proqnozlaşdırılır. Zəngəzur dəhlizi fəaliyyət göstərməsə, Ermənistanla Azərbaycan arasında hansı əməkdaşlıqdan söhbət gedə bilər ki? Dəhliz fəaliyyət göstərməsə, deməli, Ermənistanın blokadası qorunub saxlanılacaq".
Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyası məsələsi də müzakirə predmeti ola bilər: "Çünki sərhəddə tez-tez insidentlər baş verir. Ermənistan sərhəddə təxribatlar törədir və ona görə də delimitasiya və demarkasiya məsələləri də müzakirə predmeti ola bilər".
"Rusiya çalışır Ermənistanı dilə tutsun"
Politoloq Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, Putin-Paşinyan görüşündə iki əsas məsələnin müzakirəsi gözlənilir.
O hesab edir ki, bunlardan biri Azərbaycanın və digər ölkələrin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) tərəfdaş statusunda qəbul olunması haqqında olacaq: "Rusiya Dövlət Dumasının sədri Bişkekdə KTMT-ya üzv olan dövlətlərin görüşündə bununla bağlı müəyyən açıqlamalar verib. Rusiya tərəfdaşlıq statusunun təsis olunmasını təklif edir və təşkilata maraq göstərən iki ölkənin adı çəkilib. Bunlardan biri Azərbaycan, digəri isə Pakistandır. Hazırda isə Rusiya çalışır Ermənistanı dilə tutsun ki, bu məsələdə müqavimət göstərməsin".
Ekspertin fikrincə, görüşdə müzakirə olunacaq digər məsələ Qarabağ müharibəsindən sonra yaranmış vəziyyət və Ermənistanın ümumi və hərbi vəziyyətidir: "Rusiyaya Ermənistan ordusunu dirçəltmək lazımdır. Amma, eyni zamanda, Rusiya Paşinyandan siyasi təminat almalıdır, çünki o, daha çox qərbmeylli siyasətçidir və nə zamansa hətta Rusiyanın hərbi bazasını çıxarmağa cəhd edə bilər".
Ə.Oruclu hesab edir ki, buna görə də istər Ağdam istiqamətində, istər sərhədboyu gərginliklərin Ermənistan tərəfindən yaradılması təsadüfi deyil: "Ermənistan bununla Rusiyaya mesaj verir ki, o, Rusiyanın gözlədiyi xidmətləri göstərməyə hazırdır. Bunun müqabilində də Rusiyadan nəsə istəyəcək. Bu yaxınlarda Avropa Birliyi Ermənistana 1.5 milyard avro pul ayırıb. Bu da Rusiyanı narahat edir. Əlbəttə, Rusiyanın Ermənistana verəcəyi bu qədər pulu olmasa da, o, Ermənistana həmin məbləğə silah verə bilər".
KTMT 1992-ci ildə yaradılıb. Rusiya, Ermənistan və keçmiş SSRİ məkanına daxil olmuş bir neçə ölkə onun üzvüdür.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.