Prezidenti İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında çıxışı zamanı koronavirusla bağlı dünyadakı vəziyyəti belə dəyərləndirib:
"...Onlar da bacarmırlar, çünki bu, mümkün deyil"
"Vəziyyət tamamilə böhran həddinə çatıb. O ölkələrin ki, dövlətçilik ənənələri yüzilliklərlə ölçülür və o ölkələrin səhiyyə sistemi dünyada nümunə kimi təqdim olunur, onlar da bacarmırlar, çünki bu, mümkün deyil. Ona görə mənim bu sözlərim hesab edirəm, hər kəs üçün əsas olmalıdır - həm vətəndaşlar üçün, - onlar daha məsuliyyətli olmalıdırlar, - həm də vəzifə tutanlar, dövlət məmurları üçün. Dövlət nəzarəti, ictimai nəzarət, vətəndaşların nizam-intizamı və məsuliyyəti artmalıdır".
Amma dünyada nümunə göstərilən dövlətlərin bəzilərində xəstə sayları 200 min civarındadır, ümumilikdə iki ölkədə isə 1 milyonu keçib. Azərbaycanda isə indiyə kimi cəmi 15 mindən də az koronavirus xəstəsinin qeydə alındığı bildirilir. Onların da yarıdan çoxu sağalıb. Bəs bir çox ölkələrlə müqayisədə belə az sayda xəstə olan Azərbaycanda nədən bəzi şikayətlərə görə, xəstəxanalarda yer tapılmır, müalicənin zəifləməsi, bəzi hallarda vətəndaşların öz hesabına aparılması ilə bağlı narazılıqlar eşidilir?
"Əgər ilk vaxtlar yoluxma xaricdən gəlirdisə..."
Deputat Razi Nurullayev mövzu ilə bağlı "Turan" agentliyinə deyib ki, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı bir çox ölkələrlə müqayisədə çox azdır, amma son vaxtlar gündəlik yoluxmanın çox olması narahatlıq doğuran məsələdir.
Deputata görə, ölkə vətəndaşları əvvəldən bu xəstəliyin ciddiliyinə inanmayıblar: "Əgər ilk vaxtlar yoluxma xaricdən gəlirdisə, sonra sərhədlər bağlandı, xarici yoluxma dayandı, amma daxildə artmağa başladı. Sonra da bu və ya digər səbəblər üzündən yoluxma indiki səviyyəyə gəlib çatıb".
R.Nurullayev hesab edir ki, pandemiya ilə mübarizəyə Azərbaycan vaxtında başlayıb, karantin tədbirləri görülüb, məhdudiyyətlər tətbiq edilib: "Bütün bunlara baxmayaraq, sonunda biz də bu sahədə bəzi ölkələrdə yaşanan acı təcrübəni yaşadıq. Bizdə bunun səbəbi inamsızlıq oldu. İnsanları bu xəstəliyin ciddiliyinə inandırmaq mümkün olmadı. Operativ Qərargah və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) isə bunu insanlara doğru-dürüst çatdıra bilmədi".
R.Nurullayevin fikrincə, insanları evdə oturmağa, maska taxmağa məcbur etmək olar, amma inzibati yolla inandırmaq mümkün olmur.
"Bu işi başdan düzgün təşkil edə bilmədilər"
"Bu işi başdan düzgün təşkil edə bilmədilər. Əgər işlər düzgün təşkil olunsaydı vəziyyət bu qədər dramatik olmazdı". Bunu isə AzadlıqRadiosuna tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O hesab edir ki, ümidlər itirilməyib, indiki situasiyada ən optimal çıxış yolları tapılmalı, resurslardan düzgün istifadə olunmalıdır. Amma professora görə də, xəstə sayının artımı (gündəlik yoluxma sayı 600-ə yaxınlaşıb-red.) narahatlıq doğurur. Onun fikrincə, həm karantin qaydalarının maarifləndirmə olmadan yumşaldılması, həm insanların sərgilədiyi davranış, əslində, indiki mövcud artımın əsasını qoyub:
"Abşeron yarımadasından kənardakı xəstəxanalar bu işə cəlb edilməlidir"
"Bu baxımdan, Bakıda bunun üçün ən çoxu 7-8 min çarpayı ayrıla bilər. Bundan çox xəstə sayını qəbul etmək çox çətindir. Bu da o deməkdir ki, bundan sonra Abşeron yarımadasından kənardakı xəstəxanalar bu işə cəlb edilməlidir".
O hesab edir ki, istənilən halda xəstə sayı artdıqca, onların çeşidlənməsi, yüngül və orta-ağır xəstələrin ev, ağır xəstələrin stasionar şəraitdə müalicəsi zəruridir. Amma professora görə, ev müalicəsi heç də xəstənin taleyin ümidinə buraxılması deyil: "Sahə həkimləri lazımı avadanlıqlarla təchiz olunmalı, xəstə ilə tez-tez əlaqə saxlamaq imkanları yaradılmalıdır".
"Təcili yadıma zəng vurulur, reaksiya yoxdur"
A.Qeybulla ev şəraitində hər belə xəstənin öz hesabına müalicə almalı olması barədə düşüncələri də doğru saymır: "Bu, düzgün deyil. Koronavirus xəstələrinin müalicəsi dövlətin hesabına olmalıdır. Burada işləməyən, tək yaşayan, kompensasiya almalı olan şəxslər var. Bu sahədə xeyli boşluqlar var, elə bil, taleyin ümidinə buraxılıb. Elə insanların da şikayəti əsas bunlardandır. Təcili yadıma zəng vurulur, reaksiya yoxdur, xüsusilə ambulator xəstələr üçün çox ciddi həkim çatışmazlığı var".
"Azərbaycansayağı hərəkətlər üzə çıxır "
O, insanların xəstəxanalara qəbul olunmamaları ilə bağlı şikayətləri də əsassız saymır: "Belə hallar var. Eşidirik ki, xəstəxanalarda imkanlı adamlar yer tutub saxlayırlar. Xəstəxanaya tanışlıqla qəbul kimi neqativ hallar var. Bir balaca çətin vəziyyət yaranan kimi Azərbaycansayağı hərəkətlər üzə çıxır. Hamısı da ondan irəli gəlir ki, hər şeydə təmənna güdürlər. Beyinlərdə bu amil olduqca, işlər elə belə gedəcək...".
Bu fikirlərə, hələlik, TƏBİB və Nazirlər Kabineti yanında Operativ Qərargahdan münasibət almaq mümkün olmayıb.
Amma 103 təcili tibbi yardım və ambulator yardım xidməti müvəqqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyində olacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bunu AZƏRTAC-a deyib. O qeyd edib ki, COVID-19-la mübarizə zamanı yaranan problemlərin aradan qaldırılması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah Səhiyyə Nazirliyinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) poliklinikalarına metodiki tövsiyələr və təşkilati məsələlərdə kömək etməyi tapşırıb. "Yəni, bir səhiyyə qurumuna digərinə yardımçı olmaq tapşırılıb. Bu gündən (iyunun 24-dın sonra) sonra Azərbaycanda fəaliyyət göstərən səhiyyə qurumları COVID-19-a qarşı birgə mübarizə aparacaq və onun yayılmasının qarşısını almağa çalışacaqlar.", - deyə o qeyd edib.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 560 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 485 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 14 min 305 şəxsin bu virusa yoluxduğu, onlardan da 174 şəxsin vəfat etdiyi açıqlanıb.
Martın 24-dən Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb. Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunmuşdu. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər. Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılmışdı. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılmışdı. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlamışdı.
Amma son vaxtlar yoluxma artdığından əks tədbirlər görülməyə başlandı. İyunun 6-dan 8-nə kimi Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyuldu. Sonrakı həftəsonu karantinin sərtləşdirildiyi yerlər bir qədər də artırıldı. Karantin dövrü bir neçə dəfə uzadılıb.
İyunun 21-dən isə iyulun 5-nə kimi Bakı və daha bir çox yerlərdə karantin sərtləşdirilib. SMS-lə icazə almaq qaydası yenidən bərpa edilib.