Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 10:45

'Prezidentə məktubumu Hüseyn Abdullayevin əfv diləməsi kimi qələmə veriblər'


H.Abdullayev
H.Abdullayev

Həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Zeynəb Abdullayeva deyir ki, oğlu haqda prezidentə ünvanladığı məktubu əfv diləmək kimi təqdim ediblər. Bu barədə AzadlıqRadiosuna danışan Z.Abdullayevanın sözlərinə görə, təxminən 15 gün öncə oğlundan xəbərsiz prezidentə məktub yazıb. Amma onun məktubuna cavabı özünə yox, oğluna - 10 saylı Cəzaçəkmə Müəssisəsinə göndəriblər.

"Yazıblar ki, əfvlə bağlı müraciətə rədd cavabı verilir. Birincisi, mən əfv istəməmişəm. Yazmışam ki, "oğlum günahsızdır, ittihamlar sübuta yetirilmədən ona 6 il həbs cəzası verilib. Ona görə də azadlığa buraxılmasını, bizə qarşı təzyiqlərə son qoyulmasını xahiş etmişəm. İkincisi, mənim məktubuma cavabı Hüseyn Abdullayevə niyə göndərirsiz? Mənim yazdığım məktubdan heç onun xəbəri yox idi. Mən anayam, 70 yaşım var. Mənim məktubumu oğlumun əfv istəməsi kimi qələmə veriblər", – Z.Abdullayeva belə deyir.

Həm H.Abdullayev özü, həm də anasının işi hazırda Ali Məhkəmədədir. Z.Abdullayeva iddia edir ki, oğlu xəyanət nəticəsində hazırda həbsdədir: "Mənim uşağımı şərlədilər".

Keçmiş deputat özü də ailəsi vasitəsilə ictimaiyyətə ünvanladığı açıqlamasında bildirib ki, əfv istəməyib, istəməyəcək də: "Ola bilsin ki, kimsə anamın yaşlı olmasından, mənim tezliklə azadlığa çıxmağımı arzulamasından sui-istifadə etsin. Özünə hörmət edən kəs bu cür əmələ əl atmamalıdır. Bir daha deyirəm, mən Türkiyədən faktiki oğurlanaraq Azərbaycana gətirilmişəm, tam əsassız, qərəzli və siyasi motivli ittihamlarla zorla həbsdə saxlanıram".

Prezidentin 18 iyul 2001-ci il tarixli, 538 nömrəli Fərmanı ilə təsdiqlənmiş Əfvetmə haqqında Əsasnamənin 8.3 hissəsində yazılıb ki, "ağır və xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxs cəzasının ən azı yarısını çəkəndən sonra" əfv üçün müraciət edə bilər.

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

H.Abdullayevə dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Z.Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı deputat H.Abdullayev ilə Ana Vətən Partiyasının sədri F.Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu.

Bu olaydan sonra H.Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

2013-cü ildə H.Abdullayevin "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

XS
SM
MD
LG