Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 05:42

Politoloq: 'Uçuşlar dayandırılmalı, sərhədlər...'


«Astara» gömrük-keçid məntəqəsi
«Astara» gömrük-keçid məntəqəsi

Çində baş qaldırmış yeni koronavirusun (COVID-19) artıq 40-a yaxın ölkəyə yayıldığı bildirilir. Onun Azərbaycanla həmsərhəd olan İranda da aşkarlandığı və bu ölkədə artıq 20-yə yaxın şəxsin həmin virusdan vəfat etdiyi açıqlanıb. Üstəlik, bütün qonşu ölkələr Azərbaycandan fərqli olaraq bu ölkəylə sərhədlərini qapadıb...

«...Sosial proqramlar hazırlanmalıdır»

«İranda koronavirusa yoluxma dinamikası yüksələrsə, Azərbaycan bu ölkəylə gömrük-keçid məntəqələrini, müvəqqəti də olsa, tam bağlamalıdır».

Bunu AzadlıqRadiosuna politoloq Elxan Şahinoğlu bildirib. O vurğulayıb ki, Azərbaycanın cənub rayonlarının əhalisi İrana gedir, xırda alverlə məşğul olur və sosial vəziyyətlərini bu yolla təmin etməyə çalışırlar. Politoloq keçidlərin qapandığı halda, cənub bölgəsində yaşayan əhalinin sosial vəziyyətinin ağırlaşa biləcəyini də istisna etmir: «Azərbaycan İranla sərhədi tamamilə bağlamaq məcburiyyətində qalsa, o zaman hökumət təcili şəkildə cənub bölgəsi və eləcə də Naxçıvan üçün sosial proqramlar hazırlamalıdır».

E.Şahinoğlu
E.Şahinoğlu

«Hər dövlət özünü və vətəndaşını düşünür»

E.Şahinoğlu deyib ki, İranda koronavirusun aşkarlanmasından sonra Türkiyə həm bu ölkə, həm də Naxçıvanla (Azərbaycan) sərhədləri bağlayıb. Politoloq hesab edir ki, strateji müttəfiq olsa da, bu məsələdə Türkiyəni qınamaq da olmaz: «Bu çərçivədə strateji müttəfiqlik və tərəfdaşlıq işə yaramır. Hər dövlət özünü və vətəndaşını düşünür».

Politoloq hesab edir ki, Rusiyanın da Azərbaycanla sərhədləri bağlaya bilməsi ehtimalı böyükdür: «Belə ki, dünən (fevralın 24-ü) Rusiyanın bəzi saytları Azərbaycanda iki nəfərin koronavirus şübhəsiylə həkim nəzarətinə götürülməsi xəbərini manşetə çıxarmışdı. Əgər Azərbaycanda bu virus aşkarlansa, Rusiyanın Azərbaycanla sərhədləri bağlayacağına şübhə etmirəm».

İranda koronavirusdan ölənlərin sayı 12 nəfərə çatdı
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

E.Şahinoğlunun deməsinə görə, koronavirus məsələsi milli təhlükəsizliyi təhdidə çevrilə bilər: «Düzdür, hələ ki, İranla sərhədlər tam bağlanmayıb, hava reysləri davam edir. Amma təhlükə artdığı halda həm hava uçuşları dayandırılmalı, həm də sərhədlər bağlanmalıdır. İran buna etiraz edə bilər, amma anlamalıdır ki, biz öz vətəndaşımızı düşünürük».

Bu fikirlərə Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsindən (DGK) münasibət almaq mümkün olmayıb.

Amma budan əvvəlki günlər DGK-dan vurğulamışdılar ki, İranla sərhəddə yerləşən «Biləsuvar» və «Astara» gömrük-keçid məntəqələrində fevralın 23-dən qeyri-müəyyən müddətə xüsusi rejim tətbiq edilib, nəzarət gücləndirilib.

Z.Oruc
Z.Oruc

«Bu virusdan daha çox...»

Prezidentin yaratdığı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə «Turan» agentliyinə deyib ki, bu virusdan daha çox onun ətrafında cərəyan edən iqtisadi, mənəvi, psixoloji atmosfer daha çox təhlükə saçır. Onun iddiasına görə, bu virus ətrafında geopolitik, siyasi-iqtisadi oyunlar oynanılır. Mərkəz rəhbəri hesab edir ki, burada bütün insanlığı təhdid edən tibbi virusdan özünü qorumaq deyil, daha uzağa gedən məqsədlər güdülür: «Hesab edirəm ki, dövlət başçısının tapşırığı ilə Azərbaycan hökuməti çərçivəsində nəinki İranla, istənilən sərhəd bölgəsindən Azərbaycana keçə biləcək bu təhlükənin qarşısının alınması üçün adekvat, operativ qərarlar verilibdir. Bu yöndə insanlar arasında ola biləcək təlaşları neytrallaşdırmaq baxımından məlumatlandırma tədbirlərinin gücləndirilməsi vacibdir».

Koronavirusdan necə qorunmalı
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

«İki dövlət arasında sərhədlərin bağlanmasına gəlincə...»

Z.Oruc hesab edir ki, infeksiyadan qorunmaq üçün vacib olan alətlər hamı üçün həm əlçatan, həm də ən yüksək səviyyədə olmalıdır.

Mərkəz rəhbəri əlavə edib ki, bu yöndə Səhiyyə Nazirliyi əhali ilə daha aktiv təmasda olmalı, maarifləndirmə tədbirlərini gücləndirməlidir.

«İki dövlət arasında sərhədlərin bağlanmasına gəlincə, veriləcək qərar dövlətlərarası münasibətlərə də, Azərbaycanın iqtisadi-siyasi çıxarlarına da zərbə vura bilər»,-deyə Z.Oruc birmənalı danışmayıb.

Onun fikrincə, bunun arxasında çox böyük məsuliyyət dayanır və buna vətəndaş cəmiyyəti institutları da fikir bildirməlidir.

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.7 minə yaxınlaşdığı bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır.

Artıq bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilir. İranda bir çox şəxslərin bu virusdan öldüyü vurğulanır.

XS
SM
MD
LG