Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 11:59

'Polisin dediyini eləmədim, yarım kiloqram narkotiki boynuma qoydu...'


Narkotik
Narkotik

Yaşamağa evi, yeməyə çörəyi olmadığını deyən Mirələsgər Babazadə danışır ki, bu üzdən polisin yardımına möhtac qalıb. Dediyinə görə, polis də ondan uzun müddət öz məqsədi üçün istifadə edib. Günlərin birində polisin dediyini etməyəndə isə onu yarım kiloqram narkotiklə şərləyiblər.

Məhkəmə zalından azadlığa buraxılıb

M.Babazadə bütün bunlar barədə Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb. Onun dedikləri əsasında araşdırmalar aparılıb, Mirələsgərin şikayətçi olduğu polislər, hal şahidləri haqda məlumatlar toplanıb. Axırda məhkəmə belə nəticəyə gəlib ki, M.Babazadə həqiqətən günahsızdır, şərlənib. Ona görə də iyunun 5-də onun haqqında bəraət hökmü çıxarıb, özünü də məhkəmə zalından azadlığa buraxıblar. Bu işdə adı keçən polislər, o cümlədən Nəsimi rayonu, 19-cu polis bölməsinin baş əməliyyat müvəkkili Kamil Məmmədov, bu cinayət işinin istintaqını aparan müstəntiq haqqında isə xüsusi qərar çıxarılıb. Onların haqqında araşdırma aparılması, tədbir görülməsi üçün prokurorluğa göndərilib.

İttihamda yazılıb ki, M.Babazadə istintaqa məlum olmayan mənbədən 518 qram heroini əldə edib, özündə saxlayıb. Bu il fevralın 4-də saat 11:30-da radələrində Nəsimi rayonu, 19-cu polis bölməsinin əməkdaşları onu saxlayıb, bölməyə gətiriblər. Bölmədə gödəkcəsinin cibindən sellofanda həmin narkotik tapılıb. İttihamnaməyə görə, narkotikin tapıldığını bölməyə hal şahidi kimi çağrılan iki nəfər – İntiqam KərimovRəhbər Hüseynov da görüb. Buna görə də M.Babazadə həbs olunub, ona CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib.

30 manat verib

Məhkəmədə prokuror bu ittihamla M.Babazadəyə 9 il 6 ay həbs cəzası verilməsini istəmişdi.

M.Babazadə isə məhkəmədə danışıb ki, bütün bunlar yalandır. M.Babazadənin sözlərinə görə, özü narkotik istifadəçisi olub. Son dövrlərdə yaşamağa yeri, yeməyə çörəyi yox idi. 19-cu polis bölməsinin baş əməliyyat müvəkkili Kamil Məmmədov ona təklif edib ki, Bakıda, Nəsimi rayonu ərazisində baş verəcək qanun pozuntuları haqda onu məlumatlandırsın. Bunun müqabilində də dolanışıq üçün ona kömək edəcək. O da razılaşıb, bir müddət K.Məmmədovun dediyi kimi işləyib. M.Babazadə deyir ki, axırıncı dəfə polis əməkdaşı ona 30 manat pul verib, təhkim olunduğu ərazidə baş verəcək qanun pozuntusu haqda məlumat istəyib. Bu dəfə də razılaşıb, amma polisin dediyini etməyib – onun dediyi hadisə barədə məlumat çatdırmayıb.

Mobil telefonu olmadığını, K.Məmmədovla əlaqə üçün metronun "20 Yanvar" stansiyasının yaxınlığındakı avtomat telefonlardan istifadə etdiyini deyən M.Babazadənin sözlərinə görə, tutulduğu gün səhər saat 10:00 radələrində polisə o telefondan zəng eləyib. K.Məmmədovla görüşüblər: "Kamilin "Niva"sı var, məni maşına mindirib, bölməyə gətirdi. Yolda mənə dedi ki, "səni iki il göndərəcəm içəri". Razı olmadım. Məni bölməyə gətirdi, İntiqam və Rəhbərə zəng vurdu ki, gəlsinlər, hal şahidi kimi lazımdılar. Bir müddət sonra həmin şahidlər gəldilər, sənədləri imzalayıb getdilər".

Narkotik istifadəçisi olsa da, sonuncu dəfə həbsindən bir həftə əvvəl istifadə etdiyini deyən M.Babazadənin sözlərinə görə, yarım kiloqramlıq narkotikin isə ona aidiyyəti yoxdur. Sadəcə, axırıncı dəfə polis əməkdaşının dediyini etmədiyinə görə boynuna qoyulub: "Mən nəyə imza atdığımı bilmirəm ki...".

Məhkəmə araşdırması üzə çıxarıb ki...

Məhkəmə araşdırmasında "20 Yanvar"dakı avtomat telefonlardan K.Məmmədova müxtəlif vaxtlarda zəng olunması faktı təsdiqlənib. Həmçinin, K.Məmmədovun hal şahidləri İ.Kərimov və R.Hüseynovla son illərdə dəfələrlə əlaqəsi olduğu da aydınlaşıb. Məlum olub ki, bu şəxslərdən onlarla narkotik işində hal şahidi kimi istifadə olunub. O işlərdə həbs olunanların bir neçəsini də 19-cu polis bölməsinin əməkdaşları saxlayıb.

K.Məmmədov isə dindirilərkən istər M.Babazadə, istərsə də hal şahidləri ilə əvvəldən heç bir əlaqəsi olmadığını deyib. Amma məhkəmə onun dediklərini inandırıcı saymayıb.

İ.Kərimov mərhum prezident Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" şüarı yazandan sonra narkotik ittihamıyla həbs olunan Bayram Məmmədovun, ilahiyyatçı Taleh Bağırov və digərlərinin işində də hal şahidi kimi iştirak edib.

XS
SM
MD
LG