Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 23:26

'Bu metodla cəmiyyətə sanki əlavə gözdağı verilir'


Polis. Foto arxiv
Polis. Foto arxiv

Son vaxtlar Azərbaycanda sosial şəbəkələrdə, habelə bir sıra hakimiyyətə yaxınlığı ilə seçilən kütləvi informasiya vasitələrində saxlanan bəzi şəxslərin "üzr videoları" yayılır.

Yolda sürət həddini aşan sürücülər, karantin rejimini pozan şəxslər videokameranın qarşısında öz əməlindən peşman olduğunu və xalqdan üzr istədiklərini bildirirlər. Bugünlərdə isə etiraz aksiyasi keçirən və sonra da həbs edilən TIR sürücülərinin elə görüntüləri yayıldı. Onlar ictimai qaydanı pozmaqda, polisin qanunu tələbinə qəsdən əməl etməməkdə günahlandırılırdılar.

"Üzr videoları"na etiraz

Azərbaycanda Rüfət Səfərov və bir sıra hüquq müdafiəçiləri bunu qanun pozuntusu kimi dəyərləndiriblər. Son zamanlar artıq bir sıra ictimai fəallar da həmin videoların çəkilməsinə etiraz olaraq öz üzr videolarını çəkməyə başlayıblar.

Daxili İşlər Nazirliyi
Daxili İşlər Nazirliyi

"Bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır"

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Kütləvi İnformasiya Vasitələri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev mövzu ilə bağlı "Turan"a bildirilib ki, peşmançılıq-üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir. Onun fikrincə, qanunvericilikdə bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır. E.Hacıyev əlavə edib ki, üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır: "Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər. Əgər bir şəxs öz əməlini etiraf edib səmimi peşmançılığını ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, elə şəxslər var, "peşman deyiləm, yaxşı eləmişəm" deyə bildirməsi hüquqi nonsens sayılmırmı?".

Hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə isə, nəzarət altında olan və müvəqqəti azadlığı hər hansı formada məhdudlaşdırılmış şəxslərin bu videoları yaymaq imkanları yoxdur: "Bu da o anlama gəlir ki, videoları həmin şəxslərə nəzarət edənlər yayır. Bu da açıq şəkildə şəxsi hüquqlara və ifadə azadlığına müdaxilə hesab olunur".

R.Səfərov
R.Səfərov

"Bunu mənəvi təzyiq altında etdiyi qənaətindəyəm"

Hüquq müdafiəçisi Rüfət Səfərov isə deyir ki, üzr videolarının istər hüquqi araşdırmada, istərsə də istintaqda heç bir hüquqi nəticəsi yoxdur: "Hüquq-mühafizə orqanlarının fəaliyyət istiqamətləri arasında üzr istətmək kimi heç bir norma yoxdur".

Onun fikrincə, burada vətəndaşın şərəf və ləyaqəti tapdalanır: "Bu videolarda üzr istəyən şəxslər öz iradəsi daxilində, sərbəst şəkildə bunu ifadə etmir. Mən hüquq müdafiəçisi kimi həmin şəxslərin bunu mənəvi təzyiq altında etdiyi qənaətindəyəm. İstənilən şəxsin, hətta cinayət törətmiş residivistin belə bu şəkildə alçaldılmasını qanunvericilik istisna edir".

R.Səfərov qeyd edib ki, əsas və əlavə cəza növləri arasında "üzr" kimi anlayış yoxdur: "Bu metodla cəmiyyətə sanki əlavə bir gözdağı verilir".

XS
SM
MD
LG