Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 01:43

'Yeni Klinika'nın direktoruna 10 il həbs tələbi


Pərviz Abbasov
Pərviz Abbasov

Bakıda pandemiya dövründə, əsasən, koronavirusa yoluxanların müalicə olunduğu "Yeni Klinika"nın keçmiş direktoru Pərviz Abbasova 10 il həbs cəzası istənilib. Noyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib. Dövlət ittihamçısı deyib ki, Abbasovun klinikaya rəhbərlik etdiyi dövrdə koronaviruslu xəstələrin yerləşdirilməsi və müalicəsindən ötrü onların yaxınlarından rüşvət alması məhkəmə araşdırmaları zamanı sübuta yetirilib.

Məhkəmə zalında həbs olunublar

Cinayət işi üzrə təqsirləndirilən şəxslər arasında Abbasovla yanaşı, daha dörd nəfər var. Bunlar "Buta" Klinikasının həkim-radioloqu Qalib Nəcəfov, Qida Təhlükəsizliyi İnstitutunun baytar həkimi Əvəz Hüseynov, "Avrasiya" Klinikası və "Viola" MMC-nin meneceri Vüsalə Əliyeva və rəsmi heç yerdə işləməyən Samir Mirzəyevdir. "Yeni Klinika"nın rəhbəri xəstələrin yaxınlarından bu adamlar vasitəsilə 3-5 min manat rüşvət almaqda suçlanır.

Prokuror adları çəkilən şəxslərdən Əliyevanın 6, digər üç nəfərin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini istəyib.

İstintaq dövründə yalnız Abbasov həbsdə idi. Digər dörd nəfər barəsində polis nəzarətinə vermə-qətimkan tədbiri seçilmişdi. Məhkəmə prosesi başlayanda Əliyeva istisna olmaqla, digər üç nəfər də həbs olundu. Prokuror çıxış edərkən Əliyevanın da məhkəmə zalından həbs olunmasını təklif edib.

"İpotekada olan ev və bir maşından başqa nəyim var?.."

Noyabrın 17-də təqsirləndirilən şəxslərin vəkilləri öz dəlillərini ortaya qoyacaqlar, ardınca özləri məhkəmədə son sözlərini deyəcəklər.

"Yeni Klinika"nın sabiq rəhbəri özünü təqsirli bilmir, ittihamın tamamilə əsassız olduğunu deyir. O bildirir ki, rüşvətdən uzaq biri olduğu, yalnız özünün bilik və təcrübəsi ilə pul qazandığı halda, belə bir əməldə suçlanmasından həm də mənəvi əzab çəkir: "Kimsə deyə bilməz ki, mən ondan indiyədək 1 manat rüşvət almışam. Müxtəlif xəstəxanalarda işləmişəm, Tibb Universitetində dərs demişəm. İndiyədək yaşadığım ömrün böyük bir hissəsini səhiyyəyə vermişəm, uzun illər cərrah işləmişəm. Nəticəsi də budur ki, indi dörd divar arasına salınmışam. Araşdırın, görün ki, mənim ipotekada olan ev və bir maşından başqa nəyim var?..".

"Eləcə xahiş eləmişəm, demişəm, yaxın adamdır"

Digər təqsirləndirilən şəxslər ittihamı qismən qəbul ediblər. Onlar xəstə yaxınlarından müəyyən məbləğdə pul aldıqlarını etiraf etsələr də, Abbasova çatdırmaları hissəsi ilə razılaşmayıblar. Bildiriblər ki, istintaqda Abbasovun əleyhinə ifadələri təzyiq altında veriblər.

"Düzdür, mən Pərviz Abbasovla tanışlığımdan istifadə edib başqalarının klinikaya yerləşdirilməsi üçün onlardan pul almışam. Amma Pərviz həkimə bir qəpik də verməmişəm. Eləcə xahiş eləmişəm, demişəm, yaxın adamdır, problemsiz yerləşdirib, müalicə ediblər", – təqsirləndirilən şəxslərdən Mirzəyev belə deyib.

2021-ci ilin aprelindən həbsdə olan Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə), digər təqsirləndirilən şəxslərə isə həmin Məcəllənin 32.5, 311.3.2-ci (təkrar rüşvət almaya köməklik etmə) maddələri ilə ittiham verilib.

XS
SM
MD
LG