Keçid linkləri

2024, 01 Noyabr, Cümə, Bakı vaxtı 12:28

Ordunun baş leytenantına dövlətə xəyanət suçlamasıyla 14 il həbs cəzası


Hərbi təlimlər
Hərbi təlimlər

Azərbaycan Ordusunun baş leytenantı A.M. hərbi məhkəmənin hökmüylə 14 il azadlıqdan məhrum edilib. N saylı hərbi hissələrdən birində rabitə sahəsində fəaliyyət göstərən hərbçi dövlətə xəyanətdə təqsirli bilinib.

Cinayət işinin materiallarında iddia olunur ki, hərbçi dövlət sirri hesab olunan məlumatları pul və mükafatlar qarşılığında xarici xüsusi xidmət orqanının Ukrayna əsilli əməkdaşına çatdırıb. Onların ilk tanışlığı Bakıda keçirilən təlimlərdə olub. Sonradan bir neçə dəfə Bakıda "Gənclik Mall"un qarşısında, restoranlarda görüşüblər. İttihamda yazılıb ki, təqsirləndirilən hərbçi simsiz idarəetmə və düymələri, hərbi təyinatlı rabitə qurğusu və s. barədə məlumatlar çatdırıb. Bundan başqa, qurğulardan necə istifadə etmək barədə kitabçanın diskə yazılmış formada nümunəsini xüsusi xidmət orqanının əməkdaşına verib. Bunlara qarşılıq olaraq bahalı spirtli içkilər, tütün qabı, qol saatı kimi mükafatlar, ayrı-ayrılıqda 400, 500 və 700 manat olmaqla, ümumilikdə 1600 manat pul alıb.

Təqsirləndirilən baş leytenant ittihamda yazılanları qəbul etmir. O, məhkəmədə çıxışında deyib ki, xarici xüsusi xidmət orqanına casusluq etməsi haqda yazılanlar yalandır. Onun sözlərinə görə, görüşdüyü şəxslə dostluq, yoldaşlıq münasibəti olub. Görüşəndə içki və digər əşyaları da ötürülən sirr qarşılığında mükafat yox, hədiyyə kimi verib. Hərbçi əlavə edib ki, əcnəbi dostundan bir dəfə pul alıb: "Mənim toyum olacaqdı. Həmin vaxta qədər o, qalıb iştirak edə bilməyəcəkdi, çıxıb gedəcəkdi. O pulu da toyuma görə vermişdi...".

Təqsirləndirilən hərbçi vurğulayıb ki, həmin şəxslə heç vaxt dövlət sirri hesab olunan məsələləri müzakirə etməyib, ona sirr sayılan məlumatları da ötürməyib.

Lakin məhkəmə onun dediklərini özünümüdafiə cəhdi kimi qiymətləndirib. Məhkəmə belə nəticəyə gəlib ki, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə verilən ittiham əsaslıdır.

XS
SM
MD
LG