Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:50

O.Gülalıyevin nümayəndəsi: 'Baş prokuroru da dəyişdilər, yenə nəticə yoxdur'


F.Ağayev
F.Ağayev

Səkkizinci aydır ki, komada olan və Türkiyədə xəstəxanada müalicəsi davam edən hüquq müdafiəçisi Oqtay Gülalıyevin nümayəndəsi, vəkil Fuad Ağayev onun düşdüyü qəza ilə bağlı istintaqdan narazıdır. Bu barədə AzadlıqRadiosuna danışan vəkil deyir ki, hələ 2019-cu ilin noyabrında istintaq onu zərərçəkmişin nümayəndəsi qismində tanıyıb.

O.Gülalıyevin avtomobillə vurulmasıyla bağlı cinayət işinin istintaqı Nəsimi Rayon Polis İdarəsində aparılır. F.Ağayev bildirib ki, işin obyektiv araşdırılması baxımından vacib olan materialları əldə etmək üçün hələ dekabrın 17-də istintaqa vəsatət verib. Amma cavab ala bilməyib: "Hansı materialları tələb etdiyimi konkretləşdirmək, detallara varmaq istəmirəm. İşin düzgün həlli baxımından zəruri olan materiallardan, o cümlədən kamera görüntüləri və başqa sübutlardan söhbət gedirdi. O zaman vəsatəti verəndə də müstəntiqə dedim ki, bütün mümkün fərziyyələrin tam yoxlanılması üçün bu sübutların iş materiallarına əlavə olunması, tədqiqi vacibdir. Məndən başqa daha iki nəfər də vardı, biri də Oqtay Gülalıyevin qardaşı idi. Bizə bəzi materialları təqdim etmişdilər".

F.Ağayev deyir ki, üstündən 3 ay keçsə də, vəsatətə cavab ala bilmədiyinə görə bu ilin martında həmin məsələ ilə əlaqədar Nəsimi rayon prokurorunun adına məktub göndərib. Amma bu qurumdan da cavab gəlməyib: "Baş prokuroru da, Nəsimi rayon prokurorunu da dəyişiblər. Yenə nəticə yoxdur. Bu qədər biganəlik düzgün deyil. Mənə yazılı cavab verilməliydi".

Vəkil iyunun 3-də bununla əlaqədar Baş prokuror Kamran Əliyevə məktub ünvanlayıb. Deyir ki, pandemiya ilə əlaqədar məhdudiyyətlərin əksəriyyəti də artıq aradan qalxıb, heç olmasa, indi onun vəsatətinə mütləq cavab verilməlidir.

AzadlıqRadiosu istintaq orqanlarından məsələyə münasibət öyrənə bilməyib.

Oqtay Gülalıyevi vuran sürücü danışdı
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Xatırlatma

Ötən il oktyabrın 29-da axşam saatlarında Oqtay Gülalıyevi metronun "28 May" stansiyasının yaxınlığında avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib.

Bəzi ictimai fəallar qəzanın qəsdən törədilmədiyi ilə bağlı hüquq-mühafizə orqanlarının açıqlamasına şübhə ilə yanaşırlar.

Hüquq müdafiəçisini vuran "Hyundai" markalı, 90-PZ-543 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Kənan Abdullayev isə AzadlıqRadiosuna hadisənin qəsdən törədilməsi barədə iddiaların həqiqətəuyğun olmadığını bildirib. Onun sözlərinə görə, qəza ehtiyatsızlıqdan baş verib və dərhal da O.Gülalıyevi xəstəxanaya çatdırıb.

Faktla bağlı cinayət işi başlanıb, K.Abdullayevə qarşı CM-in 263.1-1 (yol hərəkəti qaydalarını pozma - zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

O.Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, hadisə baş verən gün Komitənin "İşgəncələrə son qoyulsun!" adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Hakimiyyət rəsmiləri isə saxlanma yerləri və cəzaçəkmə müəssisələrində işgəncə olması ilə bağlı şikayətləri, adətən, əsassız sayırlar.

XS
SM
MD
LG