Son aylar dünyada həm təbii qazın, həm də neftin qiyməti kəskin artır. Martın 4-də Avropada qazın min kubmetrinin qiyməti 1680 dollara (martın 3-də 2300 dollar olub), Azərbaycan neftinın bir bareli isə dünya bazarında 118.17 dollara yüksəlib.
Bu ilin əvvəli, habelə ötən ilin eyni dövrü ilə müqayisədə neft və qazdan Azərbaycanın gəliri nə qədər artıb? Hökumət bu puldan necə istifadə edə bilər?
Gəlir iki dəfədən çoxdur
Azərbaycan Dövlət Neft Fondundan (ADNF) "Turan"a bildirilib ki, 2022-ci ilin martın 1-nə qədər "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 2001-ci ildən etibarən 156 milyard 680 milyon dollar gəlir əldə edilib: "Bu ilin 1 yanvar – 1 mart dövründə isə gəlirlər AÇG yatağından 1 milyard 307 milyon dollar olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çoxdur".
Məlumata görə, 2007-ci ildən etibarən "Şahdəniz" yatağı üzrə qazın və kondensatın satışından 4 milyard 779 milyon ABŞ dolları əldə edilib. Cari ilin 1 yanvar – 1 mart tarixlərində "Şahdəniz" yatağından (qaz və kondensat) 227 milyon 557 min dollar gəlir əldə edilib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə çoxdur. Ötən ilin eyni aylarında "Şahdəniz" yatağından (qaz və kondensat) 3 milyon 538 min dollar gəlir götürülüb".
Artan gəlirlərin hansı istiqamətə yönəldiləcəyi ilə bağlı hökumət rəsmilərindən, hələlik, hər hansı mövqe almaq mümkün olmayıb.
"Həyat səviyyəsinin yaxşılaşdırılmasına ciddi təsir göstərməyəcək"
Amma iqtisadçı Nemət Əliyev AzadlıqRadiosuna bildirib ki, ötən ildə də neft və qaz qiymətlərində əhəmiyyətli dərəcədə artımlar baş vermişdi: "Yalnız xam neftin ixracından ötən il ərzində 13 milyard manat həcmində əlavə gəlir götürülmüşdü. Bu ilin başlanğıcından Ukraynada cərəyan edən hadisələrin fonunda neft və təbii qazın qiymətləri daha böyük templə artır. Şübhəsiz ki, bu qiymət artımları Azərbaycanın gəlirlərini əhəmiyyətli dərəcədə artıracaq".
O deyir ki, bu gəlirləri Azərbaycan hökuməti bölüşdürür: "Onlardan Dövlət Neft Şirkəti istifadə edir. Gəlirlərin müəyyən əhəmiyyətli hissəsi də dövlət büdcəsinə yönləndirilir".
N.Əliyevin fikrincə, hökumətin 2022-ci il üçün nəzərdə tutulmuş xərcləri Azərbaycan əhalisinin birbaşa həyat səviyyəsinin yaxşılaşdırılmasına ciddi təsir göstərməyəcək: "Düzdür, müəyyən kateqoriyalı insanların əmək haqlarının, pensiyaların artırılması ilə bağlı hökumətin qərarı olub. Amma qiymət artımı o dərəcədə yüksəlib ki, əmək haqlarının və pensiyaların artım tempini kəskin şəkildə üstələyir. Böyük kateqoriya insanlar var ki, onlar, ümumiyyətlə, işləmirlər. Onların həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı ciddi nəticələr də gözə dəymədi".
"57 faiz yoxa çıxıb"
İqtisadçı qeyd edib ki, neft və qazın qiymətlərinin artımından əlavə gəlirlər Dövlət Neft Fondunda toplanır: "Amma görün nə baş verir - 2021-ci ilin vəziyyətinə görə, Dövlət Neft Fondu Rusiya bazarlarına, oradakı səhmlərə və daşınmaz əmlaka 633 milyon dollar həcmində investisiya həyata keçirib. 633 milyonun cəmi 270 milyon dolları qalıb. 57 faizi isə yoxa çıxıb. Ona görə də qaz və neft qiymətlərinin artmasından əldə olunan əlavə gəlirin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, dövlət gəlirlərinin artırılmasına və ehtiyac olan sahələrə investisiya edilməsinə çox da ümidli olmaq lazım deyil".
Xatırlatma
1994-cü il sentyabrın 20-də Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında müqavilə imzalanıb. Müqavilə iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və bəzi xarici neft şirkətləri olub. Saziş 30 il müddətinə imzalanıb və 1994-cü il dekabrın 2-də Milli Məclisdə ratifikasiya olunub. 2017-ci ildə isə bu sazişin müddəti 2050-ci ilə qədər uzadılıb və payda bəzi dəyişikliklər edilib.