Siyəzən şəhərindəki 6 saylı məktəb-liseyin keçmiş direktoru Yeganə Əliyeva məhkəmə qarşısına çıxarılıb. Məktəbin kollektivinin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunan sabiq direktor rüşvət almaqda suçlanır. İddia edilir ki, o, pedaqoji kollektivin üzvlərindən pul toplayıb, onları təhqir edib və s.
Əliyevanın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. O, həbsdə deyil. Keçmiş direktor barəsində istintaq və məhkəmə dövrü üçün həbs-qətimkan tədbiri seçilməyib.
Çox vaxt işə getmirmiş
Məktəbin müəllimləri hələ 2019-cü ildə Təhsil Nazirliyinə şikayətlərində yazırdılar ki, "fond pulu" adı altında onların maaşlarından kəsilir. Şagirdlərin haqqı olan yeni partalara, qışda istilik sisteminə görə onlardan əlavə pul yığılır.
Direktordan şikayətçi olan müəllimlər məhkəmədə şahid kimi dindiriliblər. Dindirilənlərdən biri də məktəbin psixoloqu Narxanım Ağamalıyeva olub. Bu zaman sabiq direktor bir neçə dəfə müdaxilə edib, vaxtilə rəhbərlik etdiyi məktəb-liseyin dünyada tanınmış təhsil müəssisəsi olduğunu iddia edib.
Dindirmə zamanı aydınlaşıb ki, anasının səhhətindəki problemlərə görə psixoloq çox vaxt işə getmirmiş.
Maaşı çıxarıb, dərs hissə müdirinə verirmiş
Riyaziyyat müəllimi Elnarə Ələsgərovanın ifadəsindən isə aydın olub ki, o, 6 və 8-ci sinifləri birləşdirib, onlara birlikdə dərs keçirmiş. İki müəllimin maaşı da onun kartına köçürülürmüş. O da maaşı çıxarıb, dərs hissə müdirinə verirmiş...
6 və 8-ci sinif şagirdlərinin birləşdirilib eyni dərsi keçməsi prokurorun da təəccübünə səbəb olub: "Bu necə ola bilər, başqa-başqa proqramlardır axı?"
Prokuror həmçinin məktəbdə "fond pulu" yığılıb-yığılmadığını soruşub. Ələsgərova bildirib ki, məktəbdə nəyəsə ehtiyac olanda özləri könüllü şəkildə dəstək olurdular: "Məktəbə kompüter və ya başqa nəyəsə ehtiyac olanda, dəstək olurduq. Müəllimlərdən kimin imkanı çatırdısa, kömək edirdi".
Prokuror soruşub ki, 252 manat maaş alan müəllim məktəbə nə kömək edə bilər? Ələsgərova cavabında bildirib ki, özü az maaş aldığı üçün arabir 5-6 manat verib: "Biz yeganə məktəb idik ki, şagirdlərdən pul yığmamışıq, problemləri müəllimlər arasında həll eləmişik".
Ələsgərova istintaqda isə direktorun əleyhinə ifadə verib.