Kreml iyulun 7-də bəyan edib ki, Britaniyanın onun yüksək vəzifəli rəsmilərinə qarşı sanksiyalar elan etməsini cavabsız qoymayacaq.
Bir gün əvvəl Britaniyanın xarici işlər naziri Dominic Raab bəyan etmişdi ki, Rusiya, Səudiyyə Ərəbistanı, Birma və Şimali Koreyanın yüksək vəzifəli rəsmilərinə ABŞ-ın Magnitsky aktının nəzərdə tutduğu cəza tədbirlərinə bənzəyən sanksiyalar elan edir.
The Independent yazır ki, Britaniya Avropa İttifaqından ayrıldıqdan sonra özünün ilk müstəqil sanksiyaları ilə 20 Səudiyyə və 25 Rusiya rəsmisini hədəfləyib.
Kremlin sözçüsü Dmitry Peskov iyulun 7-də bildirib ki, Rusiya Britaniya sanksiyalarına adekvat cavab verəcək:
“Biz belə qeyri-dost addımlardan yalnız təəssüf ifadə edə bilərik. Əlbəttə adekvatlıq prinsipi Rusiya Federasiyasının maraqlarına uyğun olan bəzi cavab tədbirlərinin görülməsini tələb edir”.
Britaniya parlamentində etdiyi çıxışda Raab demişdi:
“Əgər sən kleptokrat və ya mütəşəkkil cinayətkarsansa öz qanlı pullarını bu ölkədə yuya bilməyəcksən”.
Sanksiya siyahısına salınmış Rusiya rəsmiləri arasında İstintaq Komitəsinin sədri, birbaşa prezident Vladimir Putinə məruzə edən Alexander Bastrykin, daxili işlər nazirinin keçmiş müavini Aleksey Anichin də var.
Onların hər ikisi Magnitsky-nin ölümündəki rollarına görə hədəflənir.
Putinin tələbə yoldaşı, “şair və alim”
The Daily Mail qəzeti Bastrykin haqqında maraqlı əlavə məlumat verir.
Məqalədə deyilir ki, Bastrykin Vladimir Putinin tələbəlik yoldaşıdır.
O 2007-ci ildə Rusiya baş prokurorunun birinci müavini təyin edilib.
Bastrykin 2009-cu ildə Nevsky Express lüks qatarında törədilmiş partlayışdan sonra hadisə yerinə gələrkən partlayan ikinci bombadan yaralanıb. Həmin qatarda 27 nəfər həlak olmuşdu.
Bundan üç il sonra Bastrykin jurnalisti öldürüb daha sonra bu ölümün təhqiqatı ilə məşğul olacağı barədə “zarafat etdiyini” danmağa məcbur olub.
Qəzet yazır ki, Bastrykin-in şairliyi də varmış və o bir vaxtlar Stihi.ru poeziya saytı üçün şeirlər yazırmış. O bir qayda olaraq bu şerlərini saxta polyak yazıçısı Stanislav Strunevsky kimi imzalayırmış.
O 2018-ci ildə Sankt Peterburq Universitetinə professor təyin olunmuşdu. Onun alim kimi 100-dən çox məqalənin müəllifi olduğu iddia edilir.
Səudiyyə vəliəhd şahzadəsinin yaxın çevrəsi
Britaniya habelə 2018-ci ildə İstanbulda öldürülmüş jurnalist Jamal Khashoggi-nin qətlinə görə 20 Səudiyyə rəsmisinə sanksiyalar elan edib.
Bu addımın Səudiyyənin vəliəhd şahzadəsi Mohammed bin Salman-ın hiddətinə səbəb olacağı gözlənilir.
Barələrində sanksiya elan olunan səudların arasında jurnalistin qətli üçün Türkiyəyə göndərilən xüsusi dəstənin 6 üzvü də var.
Saud Abdullah Al Qahtani hadisə baş verən zaman şahzadə Mohammedin ən inanılmış müşavirlərindən idi. Bəzi məlumatlara görə Khashoggi-nin qətlinin planlaşdırılmasına və əməliyyata onun özü rəhbərlik edib.
Səudiyyə kəşfiyyatı başçısının keçmiş müavini Ahmed al-Asiri Riyadda keçirilən məhkəmədə bəraət alsa da, Londonun qara siyahısına salınıb.
Jurnalistin cəsədinin doğranmasında şübhəli bilinən tibb eksperti Salah al-Tubaigy-yə qarşı da sanksiyalar irəli sürülüb.
Ümumiyyətlə, Britaniyanın Breksitdən sonra ilk sanksiyaları insan haqlarının “qatı pozucusu” olan 50 fərdə tətbiq edilir.