İyulun 8-də daha iki mülki Azərbaycan vətəndaşı işğaldan azad olunan Füzuli rayonu ərazisində minaya düşüb. Onlardan biri ölüb, digəri isə ağır yaralanıb. Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, 10 noyabr sazişindən bəri 25 civarında ölkə vətəndaşı minaya düşmələri səbəbindən həlak olublar, 100-dən çoxu isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
İyulun 3-də Rusiyanın vasitəçiliyi ilə Ermənistanın Azərbaycana Füzuli və Zəngilan rayonlarının mina xəritələrini verdiyi açıqlanıb. Azərbaycanda rəsmi məlumatlara görə, əvəzində isə 15 nəfər Ermənistan hərbi qulluqçusu bu ölkəyə təhvil verib. Həmin şəxslər barədə məhkəmə hökmü olduğu və caza müddətinin başa çatdığı bildirildi. Bundan bir qədər əvvəl də Ağdam rayonu ərazisində basdırılan mina xəritələri ilə də bağlı analoji addımın atıldığı açıqlanmışdı.
Hazırda Azərbaycanda Ermənistan vətəndaşlarından daha bir neçə qrupunun məhkəməsi davam edir. Onlar sərhədi qanunsuz keçməkdə və başqa ağır cinayətlərdə ittiham olunurlar. Açıq məhkəmə ifadələrində onlar ittihamları, əsasən, qəbul etmirlər. Azərbaycanda bəzi ekspertlərin fikrincə, onların əksəriyyəti də digər işğaldan azad olunmuş rayonların mina xəritələrinə dəyişdirilə bilər. Amma bir sıra müşahidəçilər isə hesab edir ki, mina xəritələri məsələsi 2020-ci ilin noyabrın 10-da imzalanmış bəyanatda öz əksini tapmalı idi.
"Nəyi, nə vaxt və necə etmək lazımdır, onu mən bilirəm"
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov isə "Turan"a bildirib ki, hər kəs öz fikrində sərbəstdir: "Lakin mənə elə gəlir ki, 44 günlük müharibədə qalib çıxmağımızın sərkərdəsi olan Ali Baş komandanımız bu məsələlərin həllini daha yaxşı bilir. Cənab prezident özü də çıxışlarından birində dedi ki, "nəyi, nə vaxt və necə eləmək lazımdır, onu mən bilirəm"".
Deputatın sözlərinə görə, beynəlxalq hüquqda qarşı tərəf minalanmış ərazilərin xəritələrini də qeyd-şərtsiz özü təhvil verməlidir: "Vermədiyi təqdirdə müvafiq beynəlxalq konvensiyalara uyğun olaraq o, yeni bir cinayət işlətmiş olur. Yəni, onlar könüllü olaraq xəritələri verməyəndə yeni cinayət işlətmiş olurlar, çünki bu, günahsız adamların ölümünə səbəb olur".
Komitə üzvü qeyd edib ki, Azərbaycan qalan mina xəritələrini də alacaq: "Onları da müəyyən şərtlər daxilində alacağıq. Azərbaycanın Ermənistana təzyiq vasitələri çoxdur. Eyni zamanda, xəritəsiz də biz müharibə qurtaran gündən ərazilərin minalardan təmizlənməsi işinə başlamışıq".
"Mina xəritələri məsələsi bu sazişdə olacaqdısa..."
Politoloq Azər Qasımlı isə AzadlıqRadiosuna bildirib ki, mina xəritələrinin verilməsi məsələsi 10 noyabr sazişində, qismən də olsa, öz əksini tapa bilərdi: "Bu 10 noyabr sənədinə görə, Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyalar da bərpa olunmalı idi. Amma görürsünüz ki, Ermənistan bunu yerinə yetirmir. Mina xəritələri məsələsi bu sazişdə olacaqdısa, onu da yerinə yetirməyəcəkdilər".
Ekspertin fikrincə, bu saziş yalnız Rusiya hərbi kontingentinin Qarabağa yeridilməsi üçün lazım idi: "Başqa nəsə axtarmağa dəyməz. "Ermənistan kapitulyasiya etdi", "Ermənistan diz çökdü" kimi ifadələr yalnız söz yığınıdır. Yəni, bütün bu prosesin məqsədi o idi ki, Rusiya bölgəyə hakim olsun və 10 noyabr sənədində bu, öz əksini tapdı".
A.Qasımlının sözlərinə görə, məhkəməsi gedən Ermənistan vətəndaşlarını terrorist elan etməklə Azərbaycan göstərməyə çalışır ki, onlar uzunmüddətli həbs cəzası alacaqlar: "Təbii ki, bu da Ermənistanı mina xəritələrini verməyə daha çox sövq edir. Bu, qarşılıqlı bir bazarlıqdır".
"Burada əsas diqqət ediləcək məqam..."
O vurğulayıb ki, burada Azərbaycan üçün problemli məqam var: "İndi söz-söhbət çıxıb ki, bu mina xəritələri o qədər də həqiqəti əks etdirmir. Ona görə də, burada əsas diqqət ediləcək məqam məhz o mina xəritələrinin yoxlanılması və yalnız sonra onları bazarlıq predmeti kimi qəbul etməkdir".
Politoloq hesab edir ki, Ermənistanın bir qrup hərbi qulluqçusu Azərbaycan ərazilərində həbs olunmasaydı, mina xəritələri verilməyəcəkdi. O vurğulayıb ki, bölgədə Rusiya faktoru var. Onun fikrincə, bu ölkə nəzarəti əlində saxlamaq üçün hər zaman araya nifaq salıb: "Ona görə də, belə pis vəziyyət yaranıb. Qonşu ölkələr bir-birinə güvənmir və açıq bazarlıqdadır".
Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyi və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.