Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 21:41

Deputatların maddi və hüquqi ayrıcalıqları


Milli Məclis
Milli Məclis

Son vaxtlar Milli Məclisdə (MM) bir çox dövlət rüsumunun artırılması ilə bağlı müzakirələr gedir. Deputatlar rüsum artımları ilə yanaşı, özləri haqqında qanunlara, məsələn, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Qanuna toxunmağı da unutmurlar. Bu dəyişiklikdə deputatların əlillik dərəcəsi müəyyənləşdiilmədən az ağır xəsarət alarsa, onlara müəyyən edilmiş məbləğin 10 faizi həcmində sığorta ödənişi verilməsi təklif olunur.

Deputat Razi Nurullayev MM üzvlərinin təminatı ilə bağlı daha bir məsələyə toxunub və təklif edib ki, Bakıda evi olmayan deputatlara kirayə qalmaqdan ötrü maaşdan əlavə ödənilən 220 manat yetərsizdir deyə, bu məbləği artırılsın. Hazırda Milli Məclisin 10-dək deputatına bu vəsait ödənilir. Bəs deputatların hansı digər iqtisadi və hüquqi ayrıcalıqları var?

Deputatların aylıq gəliri

Azərbaycanda deputatlar hər ay vəzifə maaşı, vəzifə maaşına əlavə və deputatlıq yetkilərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vergilərdən azad edilən pul təminatı alır. "Milli Məclis deputatının statusu haqqında" Qanuna görə, deputatların maaşları MM Sədrinin maaşına əsasən hesablanır. Qanunda qeyd edilir ki, hazırda parlament sədrinin aylıq vəzifə maaşı 2 min 475 manatdır. MM Sədrinin birinci müavini MM Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 min 227 manat), MM Sədrinin müavini - 85 faizi (2 min 103 manat), MM-in komitə və komissiya sədrləri - 80 faizi (1 min 980 manat), MM-in komitə və komissiya sədrlərinin müavinləri - 75 faizi (1 min 856 manat), MM deputatları isə MM Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 min 732 manat) aylıq vəzifə maaşı alırlar.

Qanuna 2018-ci ildəki dəyişikliyə görə, parlament üzvləri hər ay vəzifə maaşlarının bir misli məbləğində vəzifə maaşına əlavə də alırlar. Bundan başqa, öz yetkilərini gerçəkləşdirməklə bağlı xərcləri ödəmək üçün də deputatların aylıq pul təminatı var. Bu təminat onların vəzifə maaşlarının 50 faizi məbləğindədir və vergilərdən azad olunur. Deməli, MM-də digər inzibati vəzifə tutmayan deputatlar hər ay 1 min 732 manat məbləğində vəzifə maaşı, bir o qədər məbləğdə vəzifə maaşına əlavə, daha 866 manat aylıq təminat, toplam 4 min 330 manat əldə edirlər.

Aylıq maaş və əlavələrdən başqa, deputatlara nümayəndəlik səlahiyyətlərinin yerinə yetirilməsi üçün ildə bir dəfə özünün ikiaylıq vəzifə maaşı məbləğində müavinət və yenə həmin məbləğdə məzuniyyət müavinəti də ödənilir. Bu ödənişlərə əsasən, MM üzvlərinə ildə bir dəfə 3 min 465 manat birdəfəlik müavinət və 3 min 465 manat məzuniyyət müavinəti, yəni toplam 6 min 930 manat ödənilir. Milli Məclis tətilə buraxıldığı vaxt deputata məzuniyyət verilir.

Vəzifə maaşı və pul təminatlarıyla yanaşı, deputatlar Bakıdan kənara səfərə çıxarkən, nəqliyyatla təmin edilirlər. Bakı və Sumqayıt, eləcə də Abşeron rayonu hüdudlarında mənzili olmayan deputatlar yetkiləri müddətində xidməti mənzillə təmin edilir, bu mümkün olmadıqda onlara Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi qaydada və məbləğdə pul təminatı verilir. Deputat fəaliyyətinin təmin edilməsi üçün onların köməkçilərinin də olması nəzərdə tutulur. Bu köməkçilər də dövlət büdcəsi hesabına saxlanılır.

Deputatlar yetki müddəti başa çatdıqdan sonra da bir müddət təminatlardan yararlana bilirlər. Belə ki, səlahiyyət müddəti qurtardıqdan sonra sabiq deputat işə düzələnədək 1 il müddətində hər ay deputatın aylıq vəzifə maaşının 80 faizi məbləğində, yəni 1 min 385 manat müavinət alır.

100 min manatlıq sığorta

Hazırda qüvvədə olan qanuna görə, deputatlar 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir. İndiyədək deputatlara sığorta haqları dörd halda verilirdi: həlak olduqda, aldığı xəsarət nəticəsində əlillik dərəcəsi müəyyən edildikdə, əlillik dərəcəsi müəyyənləşdirilmədən ağır və yüngül xəsarət aldıqda. Qanun layihəsində nəzərdə tutulan yeni dəyişiklikdə sığorta ödənişi üçün daha bir hal var - əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda. Qanuna görə, deputat həlak olduqda sığorta ödənişi 100 faiz, birinci dərəcəli əlil olduqda 80 faiz, ikinci dərəcəli əlil olduqda 60 faiz, üçüncü dərəcəli əlil olduqda isə 40 faiz həcmində sığorta ödənişi əldə edir. Əlillik dərəcəsi müəyyənləşdirilmədən ağır xəsarət alan deputatlar üçün sığorta ödənişinin məbləği 20 faiz, yüngül xəsarət aldıqda isə 5 faizdir. Qanun layihəsində nəzərdə tutulan yeni dəyişiklikdə sığorta ödənişi üçün daha bir hal müəyyənləşdirilir - əlillik dərəcəsi müəyyən edilmədən az ağır xəsarət aldıqda (15 faiz məbləğində).

Deputatlar vəfat edərsə, 103 min 920 manat, birinci qrup əlil olarsa, 83 min 136 manat, ikinci qrup əlil olarsa, 62 min 352 manat, üçüncü dərəcəli əlil olarsa, 41 min 568 manat sığorta ödənişi alır. Əlillik dərəcəsi müəyyən edilmədən ağır xəsarət alan deputatların sığorta ödənişinin məbləği 20 min 784 manat, yüngül xəsarət alan deputatlar üçünsə 5 min 196 manatdır. Yeni dəyişiklikdən sonra əlillik dərəcəsi müəyyənləşdirilmədən az ağır xəsarət alan deputatlar da 10 min 392 manat məbləğində sığorta ödənişi əldə edə biləcək.

Bəs hüquqi yetkilər?

Deputatlar maddi təminatla yanaşı, müstəsna hüquqi haqlara da malikdir. Deputatın Azərbaycan Respublikası Konstitusiyası və qanunlarıyla müəyyən olunmuş qaydada gerçəkləşdirilən qanunvericilik təşəbbüsü hüququ var. Beləcə, deputat yeni qanun və ya qərar layihəsini, eləcə də qüvvədə olan qanunların dəyişdirilməsini və ya ləğv edilməsini təklif edə bilər.

Deputat öz yetkiləri çərçivəsində Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, məhkəmə hakimiyyəti orqanlarına, Azərbaycan Respublikasının Baş prokuroruna və ona tabe olan prokurorlara, yerli özünüidarə orqanlarına və onların vəzifəli şəxslərinə, Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinə, Azərbaycan Respublikasının Auditorlar Palatasına sorğu verə bilər. Müvafiq orqanlar və ya vəzifəli şəxslər deputat sorğusuna bir ay müddətində rəsmi yazılı cavab verməlidir. Ölkənin mərkəzi və yerli icra hakimiyyəti, məhkəmə hakimiyyəti, prokurorluq, yerli özünüidarə orqanlarının, dövlət müəssisə və idarələrinin, təşkilatlarının vəzifəli şəxsləri deputatı təxirsiz şəkildə qəbul etməlidir.

Konstitusiyasının 90-cı maddəsinə görə, deputatın şəxsiyyəti toxunulmazdır. Deputatın toxunulmazlığı onun evinin, mənzilinin, əşyalarının, şəxsi və xidməti nəqliyyat vasitələrinin, istifadə etdiyi rabitə vasitələrinin, ona məxsus sənədlərin, yazışmaların toxunulmazlığını da əhatə edir. Deputatın təhlükəsizliyini təmin etmək məqsədi ilə ona xidməti silah da verilə bilər. Deputatın öz səlahiyyətlərini icra etdiyi bütün müddət ərzində qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda xidməti silah saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ vardır. Zəruri hallarda onun təhlükəsizliyi də təmin edilir.

Deputatların öz səlahiyyət müddətində hərbi çağırış və toplantılardan azad olunmaq və diplomatik pasportla təmin edilmək, Azərbaycan Respublikası ərazisində dövlət mülkiyyətində olan dəmiryol, hava, avtomobil, su nəqliyyatında gediş-gəliş sənədlərini növbəsiz əldə etmək hüquqları da var.

XS
SM
MD
LG