20 ildən çox Milli Məclisdə çalışmış Rahim Axundov iddia edir ki, onu təzyiq yoluyla parlamentdən uzaqlaşdırıblar. Əvvəllər məsləhətçi, baş məsləhətçi və s. vəzifələrdə işləmiş R.Axundovun burada sonuncu vəzifəsi Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin Beynəlxalq parlament təşkilatları ilə iş sektorunun müdiri olub. Onun sözlərinə görə, işdən çıxmaq barədə ərizə yazmaq üçün ona təzyiqlər 2018-ci ilin noyabrından başlayıb. Əvvəl razı olmayıb, müqavimət göstərib. Amma təzyiqlər qarşısında davam gətirə bilməyib və dekabrın 25-də əmək müqaviləsinin ləğvi barədə ərizə yazıb.
"Sərəncam səfərdən öncə imzalanıb"
Məhkəmədə Milli Məclisə qarşı işə bərpa tələbi ilə iddia qaldıran R.Axundov bildirib ki, həmin ərizənin təzyiq altında yazıldığını sübut edən faktlar da var. Məsələn, işdən çıxmamışdan əvvəl – dekabrın 3-də prezidentə yazdığı məktub. Orada təzyiqlərə məruz qalması barədə ətraflı məlumat verib: "Həmin ərizəm araşdırılması üçün Milli Məclisə göndərildi. Lakin heç bir xidməti araşdırma aparılmadı. Mənə cavab verilmədi, əvvəlki qaydada ərizə yazıb işdən getmək tələb olundu".
R.Axundovun işdən azad edilməsi barədə sərəncamda Milli Məclisin sabiq sədri Oqtay Əsədovun imzası var. Parlamentin sabiq sektor müdiri iddia edir ki, həmin vaxt sənədi O.Əsədovun imzalaması mümkün deyildi. Çünki sərəncam imzalanan gün – 25 dekabr 2018-ci ildə o, İranda səfərdə idi.
Milli Məclisdən isə R.Axundovun təzyiqə məruz qalması, məcburi işdən çıxarılması haqda fikirlərinin əsassız olduğu bildirilib. Parlamentin məhkəməyə etirazında yazılıb ki, ona təzyiq göstərilməyib. Milli Məclis ovaxtkı sədrin sərəncam verildiyi gün – dekabrın 25-də İranda səfərdə olduğunu təsdiqləyib. Bu barədə arqumentə isə belə cavab verilib: "Həmin rəsmi səfər 25 dekabr 2018-ci ildə səhər saat 8:00-da baş tutub. Sərəncam isə səfərdən öncə imzalanıb".
"1 ay ərzində məhkəməyə müraciət etməli idi"
Milli Məclis məhkəmənin sabiq sektor müdirinin şikayətinə baxmasına da etiraz edib: "Rahim Axundov işdən azad olunanda ona əmək kitabçası təqdim olunub. Əmək kitabçasını götürdüyünü də öz imzasıyla təsdiqləyib. Əmək kitabçasında onun işdən azad olunması barədə sərəncamın nömrəsi, tarixi, tətbiq olunan qanunun maddəsi göstərilməklə qeydlər aparılıb. O, həmin gündən sonra 1 ay ərzində məhkəməyə müraciət etməli idi".
Bakı İnzibati Məhkəməsi müddətin ötürülməsi əsasıyla R.Axundovun şikayətinə baxılmasını mümkün saymayıb. O, qərardaddan apellyasiya və kassasiya şikayətləri versə də, nəticə dəyişməyib. Ali Məhkəmə də bugünlərdə məsələ ilə bağlı yekun qərarını verib. Bu qərar da sabiq sektor müdirinin əleyhinə olub,
Amma R.Axundov müddətin ötürülməsi barədə arqumentlə razılaşmır. O bildirib ki, əmək kitabçası dekabrın 28-də ona təqdim olunsa da, işdən azad edilməsi haqda sərəncamın surətini uzun müddət ala bilməyib. Müxtəlif dövlət orqanlarına çoxsaylı şikayətlərindən sonra 2019-cu ilin oktyabrında ona poçtla möhürsüz, imzasız halda sərəncamın surətini göndəriblər. Bu sənədi alan kimi də bir ay ərzində məhkəməyə müraciət edib.