Bu yaxınlarda Təhsil naziri Emin Əmrullayev bildirib ki, yeni tədris ilindən məktəblərdə könüllü ianə modeli tətbiq oluna bilər. Onun sözlərinə görə, valideynlərin məktəblərə könüllü şəkildə ianə verməsi ilə bağlı bir neçə model təqdim olunub.
Nazir 2021-ci ilin sonunda da məktəblərdə könüllü ianə sistemi barədə söz açmışdı. Bildirmişdi ki, Təhsil Nazirliyi ictimai müzakirələrdə səsləndirilən fikirləri analiz edib, ictimaiyyətin rəyini öyrənəndən sonra - 2022-ci ilin ilk aylarında məsələ ilə bağlı daha konkret mexanizmlər təqdim edəcək.
Bu model məcburi pul yığımlarına çevrilməz ki? Bununla rüşvətin kökünü kəsmək olar?
Dünyanın bəzi ölkələrində…
Dünyanın bir neçə ölkəsində məktəblərdə könüllü ianə modeli mövcuddur. Məsələn, Yeni Zelandiya məktəblərində könüllü ianələr yığılır. Məktəbin yerləşdiyi rayondan asılı olaraq ianələrin məbləği də fərqlənir. İanələrin orta məbləği ildə 250 dollardır. Yığılan vəsaitlər siniflərin və məktəb ərazisinin əlavə təchizatına yönəlir. Bəzi ölkələrdə isə bu proses zamanı müəyyən narazılıqların da yaşandığı müşahidə edilir.
Azərbaycan qanunvericiliyi
Azərbaycan qanunvericiliyi də məktəblərdə ianələrin toplamasına icazə verir. "Təhsil haqqında" Qanunun 38-ci maddəsinə görə, təhsil müəssisəsi qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki, hüquqi şəxslərə müxtəlif ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ianələr və könüllü yardımlar almaq hüququna malikdir.
"…Digər uşaqların yanında daha imtiyazlı şagirdə çevriləcək"
Bakı sakini Fatimə Əliyeva isə hesab edir ki, bu sistem uşaqların arasında ayrıseçkiliyə səbəb olacaq: "Çünki kimsə ianəni verə biləcək, kimsə yox. Kimsə hər ay böyük məbləğdə ianə verə biləcək və avtomatik olaraq digər uşaqların yanında daha imtiyazlı şagirdə çevriləcək".
Ona görə, bu model rüşvətin kökünü kəsə bilməz: "Rüşvətin kökünü kəsmək üçün müəllimlərə yaxşı maaş vermək lazımdır. Bu məsələ isə inanmıram könüllü olsun. Gəlib "pul ianə edin" deyəcəklər və hamı da ödəməyə məcbur olacaq".
Adının çəkilməsini istəməyən bir valideyn isə mövzu ilə bağlı AzadlıqRadiosuna belə deyib: "Dövlət hər yükü vətəndaşın üstünə atmamalıdır, əgər o imkanlıdırsa".
Təhsil Nazirliyi: "Əsas məqsəd…"
Təhsil Nazirliyindən isə "Turan"a bildirilib ki, məktəbdə pul yığımını leqallaşdırmaq əsas məqsəd deyil: "Əsas məqsəd məktəblə ailə arasında düzgün ünsiyyətin qurulmasıdır. Məktəblərdə qeyri-qanuni olan yığımlar uzun illərdir müzakirə mövzusudur və bu istiqamətdə effektiv həll yolu təqdim edilməlidir".
Vurğulanıb ki, məktəblərdə könüllü ianə modellərinin tətbiqi yeni tədris ilindən nəzərdə tutulur: "Məktəblərdən hansı istəsə, qoşula bilər. Lakin insanlar bunu faydasız hesab etsə, model məktəblərdə tətbiq edilməyəcək".
"Vətəndaş cəmiyyəti olmayan yerdə könüllü ianə fiksiyadır"
Təhsil eksperti Nabatəli Qulamoğlu AzadlıqRadiosuna deyib ki, vətəndaş cəmiyyəti olmayan yerdə könüllü ianə fiksiyadır: "Siz bunu vəziyyətdən çıxmaq üçün təklif edirsiniz, amma elə düşünürlər ki, korrupsiyaya meydan açırsınız. Nəticəsi də belə olacaq".
"İndi kor-koranə pul yığılır"
Təhsil məsələləri üzrə başqa bir ekspert Kamran Əsədov isə AzadlıqRadiosuna bildirib ki, məktəblərdə könüllü ianə modeli dünya təcrübəsində var: "Burada əsas məsələ daxil olan vəsaitin xərclənməsidir. İndi kor-koranə pul yığılır, bilinmir kim, nə məqsədlə pul yığır. Amma nazirin dediyi model budur ki, hər kəs bank hesabına pul köçürsün və həmin pul hara xərclənəcəksə, birmənalı şəkildə bunun hesabatlılığı olsun".
İanə sistemini müsbət qiymətləndirən ekspertin sözlərinə görə, bu gün məktəblər təklif etməkdə sərbəst deyil: "Məktəblər problem yaşayır. Bu gün orda təmir və bərpa işlərini aparmaq, hər hansı avadanlıq almaq üçün uzun bürokratik proseslər var. Ortada maliyyə muxtariyyətinə ehtiyac var. Bunu qanunsuz yığımlarla yox, yalnız könüllü ianə ilə həll etmək olar".
"İctimai nəzarət olmalıdır"
Lakin onun fikrincə, neqativ hallar da baş verəcək: "Məsələn, bəzi direktorlar tikinti materiallarını tanış olan mağazalardan, sexlərdən bir qiymətə alacaq, başqa qiymət yazacaq. Yəni, o pulu istədikləri kimi xərcləyəcəklər. Bunlar qaçılmazdır".
K.Əliyev deyir ki, yığılan ianələrin xərclənməsinə ictimai nəzarət olmalıdır.