Beş il öncə (2016-cı ildə) Azərbaycanda "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanuna dəyişikliklərə dair qərar qəbul edilmişdi. Həmin dəyişikliklərdən biri magistr pilləsində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququ verilməsiydi. Bu dəyişikliyədək magistraturaya qəbul edilən oğlan tələbələr ilk öncə hərbi xidmətini yerinə yetirməli və daha sonra təhsil almalı olurdu. Rəsmi rəqəmlərdən aydın olur ki, bu dəyişiklikdən sonra magistr pilləsində oxuyan oğlanların sayında ciddi artım qeydə alınıb. Əgər 2016-2017-ci təhsil ilində cəmi 1 min 593 oğlan magistr adı qazanmışdısa, ötən il bu rəqəm 2.5 dəfə artaraq 4 min 29-a yüksəlib. Həmin müddət ərzində magistraturaya qəbul olunanlar arasında oğlanların xüsusi çəkisi də ardıcıl şəkildə artıb. Əgər 2016-2017-ci tədris ilində magistr adı qazananların cəmi 34 faizi oğlan idisə, son imtahanda bu göstərici 47 faizə yüksəlib.
Cədvəl: 2016-2021-ci illərdə magistr adı qazananların cinslər üzrə bölgüsü
Təhsil ili |
Qəbul olan qızların sayı |
Qəbul olan oğlanların sayı |
Oğlanların qəbulda xüsusi çəkisi |
2020-2021 |
4573 |
4029 |
47 faiz |
2019-2020 |
3745 |
2899 |
43.63 faiz |
2018-2019 |
3567 |
2816 |
44 faiz |
2017-2018 |
3590 |
2771 |
43.56 faiz |
2016-2017 |
3074 |
1593 |
34.1 faiz |
Rus bölməsində təhsil alan şagirdlərin sayı artmaqda davam edir
Təhsil Nazirliyinin ötən il üzrə hesabatında diqqətçəkən daha bir məqam rus bölməsində təhsil alan şagirdlərin payının daha da artmasıdır. Son bir ildə rus bölməsində oxuyan şagirdlərin sayı 10 mindən çox artaraq 140 min 535 nəfərdən 150 min 757 nəfərə yüksəlib. Başqa deyimlə, son bir ildə rus bölməsində oxuyan şagirdlərin sayı 7 faiz artıb. Beləcə, onların xüsusi çəkisi 8.7 faizdən 9.1 faizə yüksəlib. Xatırladaq ki, 2015-ci ildə bu göstərici 7.4 faiz olub. Beləliklə, son 5 ildə rus bölməsində oxuyanların bütün şagirdlər arasındakı payı 23 faiz artıb. Əvəzində Azərbaycan dilində təhsil alanların payı 2015-ci ildəki 92.3 faizdən 2020-ci ildə 90.4 faizə geriləyib.
Rus dili ilə yanaşı, ingilis dilində təhsil alanların da sayında artım gözə çarpır. Ötən il şagird sayı ən çox məhz ingilis bölməsində artıb. Onların sayı 10 faiz çoxalaraq 7 min nəfərə yaxınlaşıb. Şagird sayı baxımından siniflərin sıxlığına görə lidersə rus bölməsidir. Əgər Azərbaycan bölməsində hər sinifdə ortalama 18 şagird təhsil alırsa, rus bölməsində bu göstərici 25-ə bərabərdir.
Cədvəl: 2015 və 2020-ci illərdə Azərbaycanda müxtəlif bölmələr üzrə təhsil alanların sayı və xüsusi çəkisi
|
2015 |
2020 | ||
Bölmə |
Şagird sayı |
Xüsusi çəkisi |
Şagird sayı |
Xüsusi çəkisi |
Azərbaycan |
1224121 |
92.3 faiz |
1503754 |
90.4 faiz |
Rus |
97986 |
7.4 faiz |
150757 |
9.1 faiz |
İngilis |
1805 |
0.1 faiz |
6945 |
0.4 faiz |
Türk |
570 |
0.01 faiz |
346 |
0.02 faiz |
Gürcü |
1152 |
0.1 faiz |
1129 |
0.1 faiz |
Fransız |
- |
0.0 faiz |
134 |
0.01 faiz |
2020-ci ildə nəticələr aşağı düşüb
Azərbaycanda tələbələrin topladığı orta ballar son illərdə yüksəlsə də, pandemiya məhdudiyyətləri ilə müşayiət olunan 2020-ci ildə abituriyentlərin nəticələri aşağı düşüb. Əgər 2016-cı ildə abituriyentlərin topladığı orta bal 209 olmuşdusa, 2018-ci ildə bu göstərici 252-yə, 2019-cu ildə isə 271-ə yüksəlmişdi. Ötən ilsə həmin göstərici nisbətən azalaraq 265 olub. Qruplar üzrə ən yüksək orta bal dördüncü qrupda qeydə alınıb – 413 bal. Ən aşağı göstərici isə ikinci qrupa aiddir – 318 bal. Üçüncü qrupda həmin göstərici 403-ə, 1-ci qrupda isə 341-ə bərabər olub.
Azərbaycanda 2020-2021-ci tədris ilində qəbul imtahanlarına qatılan 66 min 835 abituriyentdən 38 min 531 nəfəri, yəni bütün abituriyentlərin 42 faizi 200-dən az bal toplayıb. Bu göstərici biröncəki illə müqayisədə 2 faiz yüksək olsa da, əvvəlki illərdən aşağıdır. İmtahanda 500-dən yüksək bal toplayanlar bütün abituriyentlərin 12 faizi olub.