Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 14:07

Kür quruyur, yoxsa ‘qurudulur’


Koronaviruslu xəstələri müalicə edən həkim hökuməti tənqid edir
Gözlə

No media source currently available

0:00 0:10:09 0:00

Koronaviruslu xəstələri müalicə edən həkim hökuməti tənqid edir

Rəsmi məlumata görə, son bir ayda Kür çayının səviyyəsi bəzi yerlərdə hətta 2 metrə yaxın enib.

Kürqırağında, Neftçalanın 20-yə yaxın kəndində insanlar evlərindən uzaq artezian quyularından su daşımağa məcburdur. Çayın suyu şorlaşıb, çünki ona Xəzərin suyu qarışır

Ekologiya Nazirliyindən AzadlıqRadiosuna bildiriblər ki, Kürün suyunun səviyyəsi azalır deyə onun axarının sürəti də azalır, şimal-şərq küləyi güclənəndə isə Xəzərin suyu çayın məcrasına daxil olur.

İsrafçılıq

Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov AzadlıqRadiosuna deyir ki, Kürlə bağlı belə bir böhran heç vaxt müşahidə olunmayıb.

O bildirir ki, quraq ərazilərdə Kür suyunun azalacağı azı 20 il əvvəl mütəxəssislərə bəlli idi və o bu barədə çıxışlarında bildirib. Amma onu çağırıb, məsləhətləşən olmayıb.

Ramiz Məmmədovun sözlərinə görə, problemin bir səbəbi təbii amillər - yağıntı miqdarının azalması, yayın quraq keçməsidirsə, digər səbəb Azərbaycan ərazisində sudan kənd təsərrüfatında israfçılıqla istifadədir:

“Məsələn, biri deyir ki, mənim 100 hektar pambıq tarlam var, mənə bir milyon kubmetr su lazımdır. Amma ona o qədər su lazım deyil axı. Açır suyun ağzını buraxır selləmə. Həm torpağı şoranlaşdırır, həm də havayı su sərfinə yol verir”.

Ramiz Məmmədov deyir ki, belə kəskin istifadə son bir neçə ildə, hökumət kənd təsərrüfatının istifadəsini prioritet sahə kimi elan edəndən sonra başlayıb.

Dünyadakı quraqlıq, yoxsa məmur təsərrüfatları?

Suyun ən böyük istehlakçıları kimlərdir? Bunu öyrənmək üçün Meliorasiya və Su Təsərrüfatı Komitəsinə müraciət etsək də, gün ərzində cavab ala bilmədik.

Milli Məclisin Aqrar Siyasət Komitəsinin üzvü, hakim partiyadan deputat Cavanşir Paşazadə deyir ki, onun fikrincə, kənd təsərrüfatında sudan istifadə quraqlığa səbəb ola bilməz, əsas səbəb çayın Azərbaycana daxil olana qədər israf olunması və dünyadakı quraqlıdır.

Bununla belə, deputat təsdiqləyir ki, kənd təsərüfatı sahəsində məmurlara yaxın olan fermerlər var:

“Prezident bu söhbəti öz çıxışında da dedi. Onlara barmaq da silkələdi. Kənd təsərrüfatı ilə bağlı nazirə tapşırıqlar da verdi və ona nəzarət də möhkəmələnib”.

Ekoloq Cavid Qara da deyir ki, su sərfiyyatı ilə bağlı hökumətin rəqəmlərini təhlil edəndə şübhəli mənzərə yaranır:

“Su itkisi faizi... Bəzi astronomik rəqəmlər var orda - 30-40 faiz. Ödəmələrdən yayınmalardır bu. Məmurlar suyu israf edib pulunu vermirlər…”

Suvarma sistemi köhnəlib

Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov deyir ki, bir neçə il əvvələ qədər irriqasiya qurğuları o qədər köhnə idi ki, ölkə hər il bir Araz çayı qədər su itirirdi.

Cavid Qara da deyir ki, əgər hökumət vaxtında tədbir görməsə, vəziyyət daha da pisləşəcək.

“Bütün ekosistem üçün təhlükə yarana bilər. Bakının Kür çayından qidalanan hissələrində də su çatışmazlığı yarana bilər”.

Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov isə deyir ki, getdikcə bu ərazidə quraqlıq bir az da artacaq, hökumət pambıq əkini planlaşdırarkən bunu nəzərə almalıydı.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan İstifadəyə Nəzarət Şöbəsinin müdiri Firudin Tağıyev isə AzadlıqRadiosuna deyir ki, məmurlara məxsus kənd təsərrüfatı bizneslərində su israfı ilə bağlı iddialar əsassızdır, dövlət sahibkarlara fərq qoymur.

Bununla belə Firudun Tağıyev əlavə edir ki, irriqasiya sistemləri elə pis vəziyyətdədir ki, suyun üçdə bir hissəsi fermerə çatana qədər itir.

O deyir ki, hələ də fermerlərin cəmi 5-10 faizi suvarmanı yeni, qənaətcil üsulla, qalan 90 faizi köhnə metodla - selləmə üsulu ilə aparır. Halbuki, suvarma yeni üsulla aparılanda, 2-2.5 dəfə qənaət olur.

Hökumət proqnozu bilə-bilə

Bəs hökumət quraqlıq haqda proqnozdan xəbərdar ola-ola niyə qənaətcil suvarma üsuluna keçməyib və əkin sahələrini artırıb?

“Artıq bu məsələlər təhlil olunur. Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı fermerlərə tövsiyələr verir. Biz artıq suvarma qrafikləri tərtib etmişik. Bununla bağlı Meliorasiya və Su Təsərrüfatı Səhmdar Cəmiyyətləri ilə birlikdə suvarma qrafikləri tərtib etmişik, həmin suvarma qrafikləri Kənd Təsərrüfatı Nazirliyinin rəsmi internet saytında yerləşdirilib”.

Kürqırağı rayonlar isə hələki çayın kənarında yaşaya-yaşaya şirin suya həsrət qalıb... Hamı hökumətin hansı addım atacağını gözləyir.

XS
SM
MD
LG