Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Karantin uzadılır, bəs 190 manat verilmir?


190 manat üçün basabas: sosial məsafə gözlənilmir
Gözlə

No media source currently available

0:00 0:02:00 0:00

190 manat üçün basabas: sosial məsafə gözlənilmir

Azərbaycanda karantin müddətinin uzadılması (iyulun 1-nə kimi) yenidən bir sualı gündəmə gətirib: İşsizlərə sosial yardım olmalıdırmı?

Ölkədə koronavirus pandemiyası ilə bağlı martın 24-dən karantin elan edilib. Aprel və may ayları üçün işləməyən, karantin müddətində işini itirən 600 min şəxsə 190 manat yardım edildiyi açıqlanıb. Aprelin 27-dən isə karantin rejimi yumşaldılmağa başlayıb. Artıq əksər iş və xidmət sahələrində fəaliyyət bərpa edilib. Bununla belə, bəzi suallar da əlavə olaraq açıq qalır: Həmin 600 mindən nə qədər adam təkrar iş yeri qazanıb və yerdə qalanların taleyi necə olacaq?

Q.Toğrul
Q.Toğrul

"190 manatlıq ödənişin daha bir ay davam etməsi doğru olardı"

"Hesab edirəm ki, aylıq 190 manatlıq ödənişin daha bir ay davam etməsi doğru olardı. Amma bu ödənişin indiki forması səmərəli deyil", - iqtisadçı Qalib Toğrul mövzu ilə bağlı AzadlıqRadiosuna bildirib. Onun fikrincə, bu müavinətin aprel-may aylarında ödənişi çox böyük problemlərlə müşayiət edilib. İqtisadçının qeyd etməsinə görə, kontingent meyarlara uyğun seçilməyib və işsizləri əhatə etməsi baxımından problemlər yaranıb.

Yeri gəlmişkən, adına pay torpaqları, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olan bir çox işsizlər bu yardımdan kənarda qaldığını açıqlayıb. Üstəlik, ailədə həm ər, həm də xanımı işsizdirsə, yardım onlardan yalnız birinə verilib.

Üstəlik, Q.Toğrul ödənişlərin davam etməsinin vacibliyini hazırkı şəraitdə ölkə biznesinin daralması ilə də əsaslandırır. Onun fikrincə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ixtisarlar olmaması üçün biznes qurumlarına qanunvericiliklə, inzibati yolla təsir göstərməsinə baxmayaraq, iş adamları bizneslərini daraltmağa, xərcləri optimalladırmağa məcburdurlar.

"Qanunvericiliyə dəyişiklik olunsun"

İqtisadçı deyib ki, indi yalnız işçi ixtisara düşəndə, ştatların sayı azalanda, müəssisə ləğv edildikdə işsizlik müavinəti verilir: "Çox yaxşı olardı ki, təkcə bu üç halda yox, digər səbəblərə görə də müavinət verilsin və bununla bağlı qanunvericiliyə dəyişiklik olunsun". (Bəzi iddialara görə, son illər ölkədə bir sıra müəssisələr bağlanmasa da, onların işçiləri öz hesablarına məzuniyyətə göndəriliblər-red.)

V.Əhmədov
V.Əhmədov

Mövzu ilə bağlı deputat Vahid Əhmədov isə "Turan" agentliyinə bunları bildirib:

"...buna həm də ehtiyac var"

"Əlbəttə, imkan olsa idi, 190 manat müavinətin verilməsini bir ay da uzatmaq olardı, buna həm də ehtiyac var".

Deputatın fikrincə, hökumət karantin dövründə kifayət qədər yardım edib: "Təxminən 3.5 milyard manat vəsait xərcləndi. 190 manat olmaqla əhaliyə iki ay vəsait verildi".

Bəzi müstəqil iqtisadçılar isə hökumətin koronavirus pandemiyasının ölkə iqtisadiyyatına, biznesə və məşğulluğa təsirlərini azaltmaq üçün 3.5 milyard manat ayırması ilə bağlı rəsmilərin iddiasına şübhə ilə yanaşırlar. Onlar hesab edirlər ki, bu məbləğ bütünlükdə 600 milyon manatdan çox olmayıb.

Deputat V.Əhmədov isə deyib ki, dövlətin digər problemləri də var. Onun sözlərinə görə, kiçik və orta sahibkarlıqda müəyyən problemlər yaranıb, hələ onlara da yardım etmək lazımdır. Deputat vurğulayıb ki, bu qurumlara dəstək verilməsi üçün dövlət başçısının tapşırığı var.

190 manat yardımın əlavə 1 ay da verilməsi ilə bağlı deyilənlərə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və başqa rəsmi qurumlardan isə, hələlik, münasibət almaq mümkün olmayıb.

Basabas və növbələr: Həftəsonu mağazaların bağlanması...
Gözlə

No media source currently available

0:00 0:03:57 0:00

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 7 milyon 300 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 414 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 8 min 191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 98 nəfərin öldüyü açıqlanıb.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da bununla bağlı kütləvi tədbirlər ləğv edilib. Həmin ayın 24-dən xüsusi karantin rejimi elan edilib. Dövlət əhəmiyyətli sahələr və bir sıra mühüm xidmətlər istisna olunmaqla, əksər yerlərdə fəaliyyət dayandırılıb.


Aprelin 5-dən də karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Həmin qaydaya görə, dövlət qurumlarında, habelə fəaliyyətinə icazə verilən bir sıra sahələrdə çalışanlardan başqaları tibbi zərurət yarananda, mağazaya, aptekə və yasa gedəndə evdən çıxa bilərdilər. Bundan ötrü onlar 8103 nömrəsinə SMS göndərib icazə almalı idilər.

Amma aprelin 27-dən bəzi iş və xidmət sahələrinə qoyulan qadağa götürülüb. Mayın 4-dən bölgələrdə, 18-dən isə Bakı və iri şəhərlərdə SMS-lə icazə almaq qaydası da ləğv edilib, məhdudiyyətlər ümumilikdə azaldılıb. Mayın 31-dən isə karantin rejimi bir qədər də yumşaldılıb. Artıq iri ticarət mərkəzləri də fəaliyyətə başlayıb.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halı fevralın 28-də aşkarlanıb. Son həftələr virusa yoluxmada təkrar artım müşahidə edilir. Halbuki, bir müddət əvvəl yoluxma halları azalmışdı.

Ötən həftə həftəsonu (iyunun 6-dan 8-nə kimi) Bakı, Gəncə, Lənkəran, Sumqayıt şəhərləri və Abşeron rayonunda küçəyə çıxmaq yasağı qoyulmuşdu.

Bu həftəsonu karantinin sərtləşdiriləcəyi yerlərin bir qədər də artırılacağı açıqlanıb.

Karantin dövrü bir neçə dəfə uzadılıb.

XS
SM
MD
LG