Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:14

Karantin uzadılmalıdırmı?


Bakıda karantin yoxlaması. 6 aprel 2020
Bakıda karantin yoxlaması. 6 aprel 2020

Azərbaycanda karantin rejiminin uzadılacağı gözlənir. Hər halda, onun uzadılması ilə bağlı hökumətə müraciət hazırlanır. Müraciəti Nazirlər Kabineti yanında Operativ qərargah, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hazırlayır.

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, karantin rejiminin tədricən və nəzarət altında aradan qaldırılması çox vacibdir. Onun vurğulamasına görə, amma karantin rejiminin birdən-birə aradan qaldırılması mümkün deyil. "Bu, ikinci dalğa yoluxmaya səbəb ola bilər...", - o qeyd edib.

"Bu proqnozlaşdırılırdı"

Tibb sahəsi üzrə professor Adil Qeybulla AzadlıqRadiosuna deyib ki, karantin rejiminin uzadılması əvvəlcədən proqnozlaşdırılırdı. Onun sözlərinə görə, bütün dünyada koronavirusa yoluxmanın azalması tendensiyası müşahidə edilsə də, hələ ki, ümumi sabitləşmə yoxdur: "Bu baxımdan, bu addım proqnozlaşdırılan idi. Amma düşünürəm ki, xüsusi karantin rejimi uzun müddətə uzadıla bilməz. Müəyyən bir interval üçün artırıla bilər, sonra isə yumşaldılmalıdır. Hər halda, aprelin 20-də Azərbaycanda xüsusi karantin rejiminin ləğv olunacağı gözlənilən deyil".

A.Qeybulla
A.Qeybulla

"Uzadılma 10-15 gün ola bilər"

A.Qeybulla vurğulayıb ki, bəzi ölkələrdə karantin rejimi mayın 3-nə qədər uzadılıb: "Bu baxımdan, bizdə də bu uzadılma 10-15 gün ola bilər".

Xüsusi karantin rejimi müddətinin artırılması halında yumşalmalara gəlincə, A.Qeybulla deyib ki, bunun olacağını düşünmür: "Çünki karantin rejimi qalırsa, mövcud şərtlərlə qalır. Ondan sonrakı müddətdə isə müəyyən yumşalmalar ola bilər. Şərtlərin dəyişməsi xüsusi karantin rejiminin dəyişməsi demək olardı".

"Sosial izolyasiya tədbirlərinə əməl edilməlidir"

Professor qeyd edib ki, infeksiya Azərbaycanda yeni yayılanda aprelin 20-nə kimi ölkədə 5-6 min nəfər koronavirus xəstəsi ola biləcəyi proqnozlaşdırılıb, amma xəstə sayında elə ciddi artım yoxdur: "Bu da onu göstərir ki, epidemioloji vəziyyət, hər halda, elə də təhlükəli deyil. Amma sosial izolyasiya tədbirlərinə əməl edilməlidir. Karantin rejimi, hələlik, indiki sanitar-epidemioloji şəraitə uyğundur".

Bu mövzu sosial şəbəkələrdə də qızğın müzakirə edilir. Bəziləri hesab edirlər ki, karantin rejiminin bir müddət saxlanması vacib olsa da, SMS-lə icazə sistemi ləğv edilməlidir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Mən xüsusi karantin rejiminin aprel ayının sonuna kimi davam etməsinin tərəfdarıyam və həmin müddətə kimi uzadılsa, yaxşı olar", - bunu isə deputat Sabir Rüstəmxanlı deyib.

Deputatın vurğulamasına görə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da artıq koronavirus epidemiyasının geri çəkilməkdə olduğunu qeyd edir, amma, istənilən halda, yenə də ehtiyatı əldən verməməkdə fayda var.

Deputat əlavə edib ki, may ayının əvvəlindən yumşalmalar məsələsinə baxıla bilər: "Virusdan qorunma üsullarını hələ bir müddət davam etdirmək lazım gələcək. Çünki bu virusun birdəfəlik, izsiz gedəcəyi inandırıcı görünmür".

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 135 min civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 1253 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 404 nəfərin müalicə olunaraq sağaldığı, 13 nəfərin də vəfat etdiyi deyilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (bir ay ərzində). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.

XS
SM
MD
LG