Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 00:03

Karantinə götürülən vətəndaşlar şəraitdən narazıdır


Karantinə götürülən bəzi vətəndaşlar şəraitdən narazıdır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Karantinə götürülən bəzi vətəndaşlar şəraitdən narazıdır

Karantindəki şəraitdən narazılıqlar var

Astara və Cəlilabad rayon mərkəzi xəstəxanalarında koronovirusa görə karantində saxlananlardan bəziləri oranı tərk etməyə çalışdıqlarını söyləyirlər.

Onlar buna səbəb kimi deyiblər ki, xəstəxanalarda şərait yaxşı deyil. Həmin şəxslərdən biri AzadlıqRadiosuna bunları bildirib:

"İlk günlərdən burada şikayət, durumdan narazılıq edənlər olub. Amma bu gün fevralın 28-də etirazlar daha da kütləviləşdi. İnsanlar ya normal şəraitdə saxlanmlarını, ya da evə buraxılmalarını tələb etdilər. Mənim olduğum yox, xəstəxananın digər korpusunda etiraz olub".

“Hamı bir yol tapıb, çıxmaq istəyir".

Həmin şəxsin sözlərinə görə, xəstəxanaya polis qüvvələri cəlb olunub:

"Düzü kimlərinsə tutulmasından xəbərim yoxdur, amma xəstəxananın qarşısı polisin nəzarətindədir. Xəstəxanada saxlananların binanı tərk etməməsi üçün nəzarəti gücləndiriblər. Burada durum çox ağırdır. Hamı bir yol tapıb, çıxmaq istəyir".

“Təxminən 6 saat bizi ac-susuz soyuqda gözlətdilər”

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına dünən, fevralın 27-də yerləşdirilən bir şəxs də iddia edib ki, orada şərait pisdir.

İranda təhsil aldığını qeyd edən bir şəxs isə söyləyib ki, oradan qayıdan 11 tələbə ilə karantinə salınıb:

"Sərhədi keçərkən Azərbaycan tərəfində bizi saxladılar, tibbi yoxlanışdan keçdik, koronavirusun heç bir əlaməti bizdə tapılmadı. Təxminən 6 saat bizi ac-susuz soyuqda gözlətdilər, sonra isə Cəlilabad xəstəxanasına gətirdilər".

“Bu xəstəxanada xəstəlik tapa bilərik”

Tələbənin də dediyinə görə, xəstəxananın şəraiti sanitar qaydalara tam cavab vermir:

"Hamamın, ayaqyolunun şəraiti yox, yeməkləri bərbad vəziyyətdədir. Biz karantin şəraitində deyilik, üzümüzdə maska, əlimizdə əlcək yoxdur. Yataqlar pis vəziyyətdədir. Etiraz bildirəndə deyirlər ki, "olanımız budur". Hamamı işləmir. Biz xəstə olmasaq belə, bu xəstəxanada xəstəlik tapa bilərik. Ailələrimiz narahatdır…"

Onun sözlərinə görə, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının qarşısına polis qüvvələri cəlb olunub:

"Buradan çıxmaq istəyənlər içəridən, xəstəxanada olan tələbələrin valideynləri də çöldən etiraza başladılar. Polis əməkdaşları gəldi, xəstəxananın qarşısında olan valideynlərdən birini saxladılar".

O əlavə edib ki, etiraz olaraq aclıq aksiyasını başlayıblar: "18 saatdır aclıq aksiyasını başlamışıq".

“Turan” agentliyinin xəbərinə görə, isə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov xəstəxanaların qarşısına polis qüvvələrinin cəlb edilməsini təkzib edib: "Belə bir hal olmayıb".

Bir şəxsin saxlanması ilə bağlı deyilənlər də, hələlik, rəsmən təsdiqlənməyib.

"Hər şey yüksək səviyyədədir”

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini də bu deyilənlərlə bağlı suallara cavab verməkdən imtina edib.

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİb) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva isə bildirib ki, hər iki xəstəxanada karantində saxlanılan vətəndaşlar lazım olan hər şeylə təchiz olunublar:

"Hər şey yüksək səviyyədədir. Sadəcə karantində saxlanılanlar oradan çıxmaq istəyir, amma onlar da vəziyyəti anlamalıdırlar ki, bütün bu tədbirləri birinci növbədə onlar üçün həyata keçiririk".

***

Astara Rayon Mərkəzi Xəstəxanasında karantinə yerləşdirilən vətəndaşlardan bəzilərinin orada vəziyyətindən narazı olduqları bildirilir.

Bu barədə AzadlıqRadiosuna İrandan qayıdan və karantinə yerləşdirilən şəxslərdən biri söyləyib. Onun sözlərinə görə, o, fevralın 26-da Azərbaycan sərhədini keçib: «İranda iki gün qaldıq... Bizi burada antisanitariya şəraitində saxlayırlar. Belə şey olar?! Prezidentin, Səhiyyə Nazirliyinin bu barədə xəbərləri yoxdur? Çox narahatıq, burada yemək yeyə bilmirik, çünki antisanitariya şəraitində olan mətbəxdə nəsə yemək olmur, yuyunmuruq, pis vəziyyətdəyik. İsti sudan söhbət gedə bilməz, yalnız bu gün otaqlarda soyuq su açıblar».

O, əlavə edib ki, xəstəxananın hər korpusunda karantinə yerləşdirilmiş adamlar var: «Adamların sayını deyə bilmərəm, amma hamımızı bir yerdə saxlayırlar. Hər otaqda 2-3 nəfər, dəhliz isə ümumidir. Xəstəxanada qızdırmamızı ölçdülər, qan analizini və boğazdan yaxma götürdülər. Bizi burada bu şəraitdə neçə gün saxlayacaqları barədə heç nə demirlər».

Bu açıqlamaya, hələlik, Səhiyyə Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma bir gün əvvəl, fevralın 27-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirmişdilər ki, Astara Rayon Mərkəzi Xəstəxanasındakı çatışmazlıqlar aradan qaldırılır. TƏBİB-dən vurğulanmışdı ki, fevralın 26-da Astara Rayon Mərkəzi Xəstəxanasında yoxlama olub və yol verdiyi nöqsanlara görə xəstəxananın baş həkimi işindən azad edilib.

Son günlər İrandan Azərbaycana gələn bir çox şəxslərin karantin məqsədilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildiyi açıqlanıb.

Dünən, fevralın 27-də Səhiyyə Nazirliyi də ölkədə koronavirus şübhəsi ilə həkim nəzarətinə götürülən şəxslərin sayı ilə bağlı açıqlama vermişdi. Nazirlikdən bildirildiyinə görə, 1 saylı Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsində 7, xüsusi ayrılmış tibb müəssisəsində 2, Astara Rayon Mərkəzi Xəstəxanasında 86 və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında isə 91 nəfər həkim müşahidəsinə alınıb.

İrandan qayıdan Ağdaş sakini karantinə alınıb

Bu gün, fevralın 28-də isə İrandan qayıdan Ağdaş sakini karantinə alınıb.

APA-nın xəbərinə görə, Abad kənd sakini olan həmin şəxs Azərbaycana qonşu olan ölkədən bir neçə gün əvvəl qayıdıb.

Xəbərdə vurğulanıb ki, Ağdaşda mərkəzi bazarın önündə halı pisləşən həmin şəxs yaxındakı şəxsin köməyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

TƏBİB-dən APA-nın sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər. Məlumatda qeyd olunub ki, İranda olduğunu bildirən həmin şəxs karantinə alınıb: «Hazırda onun temperaturu normaldır. Ümumi halsızlığı və gözlərində konyunktivit var. Müayinələr davam edir».

Bu gün, fevralın 28-də habelə, Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD-19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib.

Operativ qərargahdan AZƏRTAC-a bildiriblər ki, xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır.​


«İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr və testlər nəticəsində koronavirusa yoluxma testi müsbət nəticə verib. Hazırda pasiyentin vəziyyəti sabitdir», - məlumatda qeyd edilib.

Xatırlatma

Ötən ilin sonu Çində yeni koronavirus aşkarlanıb. Bu virusdan ölənlərin sayının Çində 2.8 mini keçdiyi bildirilir. Yeni virusun bir çox ölkələrə də yayıldığı vurğulanır. Bundan əvvəl isə bu virusun Azərbaycanın sərhədlərinə də çatdığı bildirilirdi. İranda azı 30-dan çox şəxsin bu virusdan öldüyü vurğulanır. Hazırda bəzi ölkələr İranla sərhədi bağladıqlarını açıqlayıblar.

Azərbaycan isə İranla sərhədi bağlamayıb.

XS
SM
MD
LG