Bu il yanvarın 1-dən Azərbaycanda kitablar və kağızlar 18 faiz Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib. Bununla bağlı Vergi Məcəlləsinin 164.1.7-ci və 164.1.8-ci (Vergi ödəməkdən azad edilmə) maddələri yeni redaksiyada təsbit edilib.
Prezidentin 2021-ci il dekabrın 29-da imzaladığı fərmanında Nazirlər Kabinetinə üç aya həmin məcəlləyə uyğun olaraq, kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin siyahısını təsdiq etmək tapşırılıb. Lakin dörd ay keçməsinə baxmayaraq, hələ də sözügedən siyahı təsdiq edilməyib. Şikayətlərə görə, Vergi Xidməti və Gömrük Komitəsində "yeni təlimat yoxdur" deməklə həm kitab satışı, istehsalından, həm də xaricdən gətirilən kağız məmulatlarından vergi tutulur.
Rəsmilər deyir ki…
Vergilər Xidmətinin mətbuat xidmətindən "Turan"a bildirilib ki, məsələ Nazirlər Kabinetinin səlahiyyətindədir. Nazirlər Kabinetindən isə agentliyə deyilib ki, kitab, kağız məhsullarının idxalının və satışının Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasına dair məsələ hazırda gündəmdədir. Qeyd olunub ki, hazırda proses öz həllinin son mərhələsindədir.
Gömrük Komitəsindən isə məsələyə münasibət almaq mümkün olmayıb.
"Kitabların qiyməti artmaqda davam edir"
"Qanun" Nəşriyyatının direktoru Şahbaz Xuduoğlu da AzadlıqRadiosuna bildirib ki, kitabların qiyməti naşirlərdən asılı olmadan artmaqda davam edir: "Burada təsir göstərən iki məsələ var".
Ş.Xuduoğlunun vurğulamasına görə, bunlardan biri Rusiyanın Ukraynaya təcavüzü ilə bağlıdır: "Bu müharibə hətta Gürcüstana təsirini göstərib. Baxmayaraq ki, Gürcüstanın beynəlxalq bazara çıxma imkanları daha böyükdür. Onlar Finlandiyadan, İndoneziyadan, hətta Tailanddan kağız gətirirlər. Buna baxmayaraq, onlarda da qiymət bahalaşıb".
"Kağız az qala iki dəfə bahalaşıb"
Azərbaycana gəlincə, naşir qeyd edib ki, ölkədə kağız, demək olar ki, yoxdur: "Kimin kağız ehtiyatı var idi, onun qiymətini fantastik dərəcədə qaldırıb. Bir ton kağızı 2 min 200 dollardan aşağı qiymətə tapmaq mümkün deyil. Rulon kağızların 90 faizi isə Rusiyadan gəlirdi, onlar isə, demək olar ki, yoxdur".
Ş.Xuduoğlunun söyləməsinə görə, bir müddət əvvəl kağızın bir tonu 1 min 380 dollar olub, beş il əvvəl isə 1 min dollara satılıb. Onun sözlərinə görə, alternativ yollar axtarılır, amma ağlabatan variant da yoxdur: "Çindən gələn kağızlar həddindən artıq baha başa gəlir. Çünki nəqliyyat xərcləri az qala üç dəfə artıb. Əvvəl 20 tonluq konteyner 6 min dollara gəlirdisə, indi 16 minə gəlir".
Nəşriyyatın rəhbəri vurğulayıb ki, bunun üstünə hələ 18 faiz ƏDV də gəlir: "ƏDV məsələsi faktiki sözdə qaldı və real həyata keçmədi. Bir neçə gün əvvəl biz Baş nazirə, yenə də Vergilər Xidmətinə, Gömrük Komitəsinə məktubla müraciət etmişik. Amma, hələlik, heç bir cavab gəlməyib".