Jurnalist Sevinc Vaqifqızının (Abbasova) prezident seçkisində 25 saylı seçki dairəsinin 14, 15 və 16 saylı məntəqələrindəki çəkilişlərinə görə 1000 manat cərimələnməsini Ali Məhkəmə də haqlı sayıb. Bu qurum iyunun 25-də jurnalistin şikayətini təmin etməyərək Bakı Apellyasiya Məhkəməsinin cərimə qərarını qüvvədə saxlayıb.
Bu üç seçki məntəqəsi 251 saylı orta məktəbdə yerləşir. S.Vaqifqızı seçki günü həmin məktəbin direktor müavini Elmira Alandarovanın hərəkətlərini (onun məntəqələrdə davranışı, qrup şəklində səsverməyə gələnlərlə söhbəti və s.) çəkib. Həmin görüntülər "Azadlıq" qəzeti və MeydanTV-nin internet saytlarında, sosial şəbəkələrdə yayımlanıb. Jurnalist, sadəcə, çəkdiyi görüntülərdən ibarət videomaterial hazırlayıb, şərh verməyib.
Amma E.Alandarova bununla şərəf və ləyaqətinin ləkələndiyini iddia edərək jurnalisti məhkəməyə vermişdi. O, jurnalistdən, "Azadlıq" qəzeti və MeydanTV-dən üzrxahlıq, 2 min 500 manat da kompensasiya tələb edirdi. Binəqədi Rayon Məhkəməsi isə belə nəticəyə gəldi ki, jurnalist ancaq materialı yayımlayarkən videoreportajın başlığını ("Direktor müavini seçkidə "karusel"ə nəzarət edir") düzgün seçməyib. Şərəf və ləyaqətin aşağılanması iddiası isə əsaslı sayılmadı.
"Həmin gün onun iş günü də deyildi"
Bakı Apellyasiya Məhkəməsi isə direktor müavininin şikayəti əsasında jurnalistin üzərinə üzr istəmək və 1000 manat təzminat ödəmək öhdəliyi qoydu.
S.Vaqifqızı AzadlıqRadiosuna bildirib ki, bu işi Avropa Məhkəməsi müstəvisinə çıxaracaq: "Ali Məhkəmənin bu qərarı həm də seçkini saxtakaşdıranlara dövlət, məhkəmələr səviyyəsində dəstəyin növbəti sübutu oldu. Göstərdilər ki, seçkini saxtalaşdıranlar nəinki cəzalandırılmır, əksinə, onlara pul ödənilir. Ali Məhkəməni maraqlandırmadı ki, bu adam seçki komissiyasının üzvü olmadığı halda, həmin gün məktəbdə nə gəzirdi? Həmin gün onun iş günü də deyildi".
Məhkəmə qərarında göstərilən 1000 manatın ödənilməsinə gəlincə, S.Vaqifqızının bununla bağlı hələ ki, qəti fikri yoxdur: "Məhkəmə icraçıları qapımıza gəlsə, onda fikirləşərik..."
E.Alandarova yaş həddi ilə əlaqədar artıq işdən uzaqlaşdırılıb. Məhkəmələrə də özü gəlməyib, onu həyat yoldaşı təmsil edib. Həyat yoldaşı isə Ali Məhkəmədə çıxışında iddia edib ki, E.Alandarova seçki günü məktəbin həyətindəki güllərə nəzarət etmək üçün məktəbə getmişdi. Onun səlahiyyəti olmadığı halda, seçki məntəqələrində (məktəbin içində) olmasına gəlincə, həyat yoldaşı iddia edib ki, məqsəd yeməkxanaya gedib, kofe içmək olub.
Xatırlatma
2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib. Seçki dövlət başçısının istəyinə uyğun 6 ay önə çəkilib.
Bir çox müxalif siyasi qüvvələrin boykot etdiyi seçkidə hakim partiyanın namizədi İlham Əliyevin 86 faiz səslə qalib gəldiyi bildirilir.
Beynəlxalq Seçkini Müşahidə Missiyası səsvermə günü məntəqələrdə prosedurların pozulduğunu və bunun "mənfi hal" olduğunu bildirib. Eləcə də seçkinin məhdudlaşdırıcı siyasi mühitdə, həqiqi rəqabət mühiti olmadan keçirildiyini, ölkədə ifadə azadlığının təmin edilmədiyini, digər namizədlərin Əliyevi tənqid etməkdən çəkindiklərini bəyan edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu isə yekun hesabatında seçki qanunvericiliyinə və seçki komissiyalarının tərkibinə yenidən baxılması, seçki müddətində baş vermiş qanun pozuntularının araşdırılması, büdcə təşkilatlarında işləyənlərə dövlət qurumları və ya siyasi partiyalar tərəfindən təzyiq göstərilməməsi ilə bağlı bir sıra tövsiyələr verib.
Hakimiyyət təmsilçiləri bu tənqidləri qəbul etməyib.