Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:51

'İşçinin pulunu ödəmək üçün materialların qiymətini şişirdirdik'


Lift
Lift

Bakıda sovet dövründə tikilmiş 9-mərtəbəli binaların sakinlərinin əsas şikayətlərindən biri lift problemidir. Liftlər həddindən artıq köhnə, bir çoxu istismara yararsızdır. Baxmayaraq ki, vaxtaşırı büdcədən liftlərin yenilənməsi üçün milyonlarla vəsait ayrılır.

Prokurorluqda bu vəsaitlərin yeyintisiylə bağlı bir neçə cinayət işi ayrılıb. Məsuliyyətə cəlb edilənlərdən biri də «Baklift-3» İxtisaslaşdırılmış İstehsalat İdarəsinin şöbə rəisi olmuş Əhməd Hüseynovdur. O, liftlərin təmiri və yenilənməsi üçün rəhbərlik etdiyi şöbənin hesabına köçürülən vəsaitlərin bir hissəsini mənimsəməkdə, israf etməkdə suçlanır.

Ə.Hüseynov haqqında cinayət işi başlansa da, həbs olunmayıb. Ona CM-in 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsiylə ittiham verilib. Ancaq özünü təqsirli bilmir. Fevralın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önündə ifadə verəndə də bildirib ki, 136 min manatı mənimsəməyib.

«Ayrılmış vəsaitlər mal-materialların alınmasına xərclənib. Mənə demişdilər ki, bu işlər qısa müddətdə yerinə yetirilməlidir. Ona görə kənardan əlavə işçilər cəlb eləmişdik. Amma onlarla müqavilə bağlanmamışdı. Onların pulunu vermək üçün məcbur idik ki, materialların dəyərini artıq göstərək», – Ə.Hüseynov ifadəsində bildirib.

Məhkəmədə məlum olub ki, «Lifttəmir» İstehsalat Birliyi bu cinayət işində zərərçəkmiş kimi tanınır. Mənimsənildiyi iddia olunan 136 min manatı tələb edir.

Ə.Hüseynov isə özünü təqsirli bilməsə də, 50 min manatı bu idarəyə ödəmək üçün depozit hesaba köçürüb.

Ə.Hüseynovun mühakiməsi davam edir. Onun ittiham olunduğu CM-in 179.3.2 maddəsində 5 ildən 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsində liftlərə ayrılan pulların yeyintisiylə bağlı «Baklift-2» İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi olmuş Ruslan Dilanovun da mühakiməsi gedir.

XS
SM
MD
LG