Dünən, iyunun 23-də Baş nazir Əli Əsədov Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat birdəfəlik ödəmənin verilməsi haqqında qərar imzalayıb.
Məsələ burasındadır ki, iyunun 21-dən iki həftəlik həmin yerlərdə karantin sərtləşdirilib. Bir sıra iş və xidmət sahələrində fəaliyyət dayandırılıb. Yardım iyun ayını əhatə etməlidir.
Amma indi bir çox insanlardan belə sual eşidilir. "Bəs ölkənin qalan bölgələrindəki işsizlərin taleyi necə olacaq?".
Həmin sualın müəllifləri əlavə edirlər ki, Bakı və qalan 7 yerdə işsizlərin heç də hamısı işini məhz bu ikihəftəlik sərtləşdirməyə görə itirməyiblər. "Onların arasında, digər bölgələrdə olduğu kimi, əvvəlcədən işsiz olanlar da var. Yaxşı olmazdımı ki, onlarla yanaşı, digər bölgələrdəki faktiki işsizlər də 190 manat yardımı alaydılar", - həmin şəxslər vurğulayırlar.
"Nə olsun ki, işləməyə yer var?!"
İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı Azadlıq Radiosuna deyib ki, yerdə qalan bölgələrdə aprel və may aylarında yardım alan insanlardan maksimum 100 min nəfərə yaxını bu ödənişlərdən kənarda qala bilər: "100 min nəfər insana veriləcək 190 manatı hesabladıqda 19 milyon manat vəsait deməkdir. Yəni, bu nə böyük pul idi ki, Azərbaycan hökuməti belə ayrıseçkiliyə yol verdi? Çox məntiqsiz ayrı-seçkiliyə yol verilib".
Onun fikrincə, hökumət belə hesab edir ki, digər bölgələrdə ictimai-iaşə müəssisələri işləyir, onlara pul verməmək olar: "Bu da məntiqsiz yanaşmadır, çünki regionlararası gediş-gəlişlər, ticarət dövriyyəsi, ictimai-iaşə xidməti, gəlirlər azalıb. Alıcılıq qabiliyyəti aşağı düşüb. Nə olsun ki, işləməyə yer var?! Müştəri yoxsa, qazanc yoxsa, insanların maddi gəlirləri azalıbsa, rəsmi açıq olub-olmamağın nə əhəmiyyəti var?".
"Bu, ölkədə işsizlərin hamısına şamil olunmalıdır"
İqtisadçının fikrincə, ona görə də belə məntiqsiz qənaətlər insanların haqlı narazılığına səbəb olur:
"Burada qənaət olunacaq bir şey yoxdur. Maksimum söhbət 19-20 milyon manatdan gedir ki, bu da dövlət büdcəsi, hökumətin açıqladığı proqramın həcminə görə çox az vəsaitdir. Ona görə də belə ayrıseçkiliyə yol verilməməli, bu, ölkədə işsizlərin hamısına şamil olunmalıdır".
İqtisadçı xatırladıb ki, hökumətin qeyd etməsinə görə, aprel-may aylarında işsiz və karantin dövründə işini itirən 600 min nəfərə birdəfəlik yardım edilib: "Əslində, müraciət edən çox idi. 600 min nəfərdə saxladılar.Doğrudan da işsiz olan minlərlə insan bu qrupa düşə bilmədi, gecikdi deyə, kənarda qalanlar oldu. İndi isə bu 100-120 min insanın da kənarda qalması tamamilə məntiqsiz və doğru olmayan yanaşmadır". (Adına pay torpağı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) olan işsizlər bu prosesdən kənarda qaldı. Üstəlik, bir ailədə ər və xanımı da işsizdirsə, onlardan yalnız birinə bu yardımın verildiyi açıqlandı-red).
Üstəlik, iqtisadçı hesab edir ki, hətta iyun ayı üzrə bu ödəniş yetərli deyil.
"Əgər karantin rəsmən avqustun 1-nə kimi uzadılıbsa, iyul ayını da birdəfəlik yardım paketinə daxil etmək lazımdır", - o qeyd edib.
"Nazirlər Kabinetinin qərarı məntiqli və ədalətlidir"
Deputat Fəzail Ağamalı isə bu məsələdə fərqli düşünür. "Onlara nə üçün ödənilməlidir? Onlar sərbəstdirlər. İşləyə bilərlər. Getsinlər, əvvəlki normal həyatlarına uyun olaraq işləriylə məşğul olsunlar. İş yerləri orada açıqdır, bu və ya digər məhdudiyyətlər yoxdur. Odur ki, Nazirlər Kabinetinin qəbul etmiş olduğu qərar tamamilə məntiqli və ədalətlidir", - F.Ağamalı "Turan" agentliyinə deyib.
"Digər bölgələrdə situasiya normaldırsa..."
F.Ağamalı əlavə edib ki, sərtləşdirilmiş karantin rejimi cəmi 8 bölgəni əhatə edir, bu da virusa yoluxmanın səviyyəsinin yuxarı olması ilə bağlıdır: "Sərtləşdirilmiş karantin bölgələrində yaşayanlar tətbiq olunan məhdudiyyətlərlə bağlı iş yerlərində ola bilməyəcəklər. İyulun 5-nə kimi müəyyən sahələr istisna olmaqla digər sahələrdəki iş yerləri fəaliyyətlərini dayandırıblar".
Deputat vurğulayıb ki, digər bölgələrdə situasiya normaldırsa, insanlar məşğuldurlarsa, onlara əlavə 190 manat yardım verilməsinə ehtiyac yoxdur.
Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin elan edilib. Karantin aprelin 27-dən mərhələlərlə yumşaldılıb və əksər iş və xidmət sahələrinin fəaliyyətinə icazə verilib. Aprel-may aylarında işsiz və karantin dövründə işsiz qalan 600 min insana 190 manat yardım verildiyi açıqlanıb. Ümumilikdə, ölkədə pandemiyanın biznesə, sahibkarlara və məşğulluğa vurduğu ziyanın aradan qaldırılması üçün 3.5 milyard manatlıq sosial paket həyata keçirildiyi açıqlanıb. Hərçənd, müstəqil iqtisadçılar bu rəqəmə şübhə edirlər. Karantin avqustun 1-nə kimi uzadılıb.
Son aylar Azərbaycanda koronavirusa yoluxmada yenidən artım müşahidə edilir. Bununla bağlı Bakı və ölkənin daha 7 yerində iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək ciddi karantin rejimi elan edilib. Bu zaman SMS-lə icazə xidməti yenidən istifadəyə verilib, ictimai iaşə obyektlərində yerində xidmətlər dayandırılıb.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.
Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 9 milyon 380 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 480 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.
Azərbaycanda isə indiyə qədər 13 min 715 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 167 nəfərin vəfat etdiyi açıqlanıb.